Məhkəmə qərarları › İş №2(043)-565/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-565/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-565/2022 09.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 561 (beş yüz altmış bir) manat pulun və 30 (otuz) manat məhkəmə xərcinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, İ.Həmzəyev 11 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh ona məxsus H.Əliyev prospekti, 20 ünvanda yerləşən "Elektron" elektrik məişət malları mağazasından, dəyərini hissə-hissə ödəmək şərti ilə 28.03.2020-ci il tarixində ümumi dəyəri 1056 manat olan LG F4J6TN8S 8 kq paltaryuyan almış, 28.03.2020-ci il tarixdə 175 manat, 04.05.2020-ci il tarixdə 135 manat, 09.07.2020-ci il tarixdə 135 manat, 19.09.2021-ci il tarixdə 50 manat olmaqla cəmi 495 manat ödəmiş və 561 manat borcu yaranmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq və malın alınmasından bir il on aydan çox müddət keçməsinə baxmayaraq , cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 561 manat məbləği ödəmir. Ona görə də məhkəmə qaydası ilə cavabdehdən ona verdiyi əşyaların qalıq dəyəri kimi 561 manat pul alınıb ona verilməlidir. Məcbur olub bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, maddi vəziyyəti ilə əlaqədar olaraq pulu ödəyə bilməmişdir.Birdəfəyə pulu ödəməyə imkanı yoxdur.Borcunu hissə-hissə ödəməyə etiraz etmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 28.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh elektron mağazasından hissə-hissə ödəmək şərti ilə ümumi dəyəri 1056 manat olan LG F4J6TN8S 8 kq paltaryuyan almışdır. 28.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 1056 manat puldan 495 manat ödəniş etmişdir və 561 manat borcu qalmışdır. 11.01.2022-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərək əti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 28.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 561 (beş yüz altmış bir) manat pul cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 28.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 561 (beş yüz altmış bir) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar