Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-57/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Cəlal oğlunun və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11 aprel 2013-cü il tarixli, 307 saylı kredit müqaviləsi üzrə Bank "xxxx" ASC-nin xeyrinə 42129.15 manat əsas, 3743.85 manat faiz, cəmi 45873 manat, 30,40 manat dövlət rüsumunun, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0529 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2013-cü il tarixli 307 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 3 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 48.000 (qırx səkkiz min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 11 aprel 2013-cü il tarixdə "xxxx" ASC ilə və satıcı X5 ilə 307 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqısatqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 30 mart 2013- cü il tarixli 1677 nömrəli arayışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 3 ünvanında mülkiyyətində olan 0.0529 ha torpaq sahəsində yerləşən, 2 otaqlı ümumi sahəsi 89.1 kvm, o cümlədən yaşayış sahəsi 43.8 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 27 mart 2013-cü il tarixli, RX № ******* saylı, Qeydiyyat №-si ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 60.000 (altmış min) manatdır, fərdi yaşayış evinin dəyərinin 12.000 (on iki min) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 48.000 (qırx səkkiz min) manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən 11 aprel 2013-cü il tarixli 307 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 11 aprel 2013-cü il tarixli 307 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 370.47 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 11 aprel 2013-cü il tarixli 307 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 06.05.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 42129.15 (qırx iki min yüz iyirmi doqquz manat on beş qəpik) manat, faiz borcu 3743.85 (üç min yeddi yüz qırx üç manat səksən beş qəpik), manat təşkil edir. Beləliklə cavabdehin 06.05.2021-ci il tarixinə cəmi borcu 45873 (qırx beş min səkkiz yüz yetmiş üç) manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-nə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0529 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarasınız. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, sözügedən evi ipoteka krediti ilə yox, nağd qaydada almışdır. "xxxx" ASC-nin keçmiş təsisçisi və rəhbəri Novruzova Pərvanə onun qohumudur. P.Novruzova onu və bir çox başqa şəxsləri aldadaraq onların adına saxta kreditlər rəsmiləşdirmişdir. Halbuki, o, heç bir kredit müqaviləsi və ya ipoteka müqaviləsinə imza etməmişdir. Fərdi yaşayış evini isə nağd qaydada almışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X4 cavabdehlə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2013-cü il tarixli, 307 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 8 faiz ödənilməsi şərti ilə 300 ay müddətinə 48.000 manat məbləğində borc verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə satıcı X5 və alıcı Cavabdeh arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 30 mart 2013-cü il tarixli 1677 nömrəli arayışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 3 ünvanında mülkiyyətində olan 0.0529 ha torpaq sahəsində yerləşən, 2 otaqlı ümumi sahəsi 89.1 kvm, o cümlədən yaşayış sahəsi 43.8 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 27 mart 2013-cü il tarixli, RX № ******* saylı, Qeydiyyat №-si ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 60.000 (altmış min) manatdır, mənzilin dəyərinin 12.000 (on iki min) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 48.000 (qırx səkkiz min) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 11 aprel 2013-cü il tarixli 307 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 nömrəli fərdi yaşayış evi və 0,0529 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə 11 may 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş GB-İP 000722 saylı, 19.09.2013-cü il tarixli ipoteka kağızından görünür ki, Cavabdeh məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, ev 3 ünvanında mülkiyyətində olan 0.0529 ha torpaq sahəsində yerləşən, 2 otaqlı ümumi sahəsi 89.1 kvm, o cümlədən yaşayış sahəsi 43.8 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evi 11 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Gəncəbank ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka kağızında edilmiş indossament qeydlərinə əsasən ipoteka kağızı üzrə tələb hüquqları 16.12.2013-cü il tarixdə Azərbaycan İpoteka Fonduna, 12.11.2020-ci il tarixdə isə Bank BTB ASC-yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 20 iyul 2017-ci il tarixli arayışından görünür ki, lisenziyası ləğv olunmuş "xxxx" ASC-nin "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması Bank "xxxx" ASC-yə həvalə olunmuşdur. İş materiallarına əlavə olunmuş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişdən görünür ki, ipoteka qoyan Cavabdeh tələbin ipoteka predmetinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş 03 fevral 2021-cı il tarixli, ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş DƏDRX-nin 3 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş elektron ödəniş məlumatlarından görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün 60 manat xidmət haqqı və 10 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş 06 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh Bank "xxxx" ASC-nə 42129.15 (qırx iki min yüz iyirmi doqquz manat on beş qəpik) manat əsas, 3743.85 (üç min yeddi yüz qırx üç manat səksən beş qəpik), manat faiz, cəmi borcu 45873 (qırx beş min səkkiz yüz yetmiş üç) manat borcu vardır. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 4/1214 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Gəncəbank ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2013-cü il tarixli 307 saylı alğı-satqı və ipoteka müqaviləsinin sonuncu vərəqində “Alıcı-İpoteka qoyan: Cavabdeh” qrafasındakı imza və 11 aprel 2013-cü il tarixli 307 saylı kredit müqaviləsinin hər vərəqinin sağ aşağı tərəfində “ Borcalan:” qrafalarındakı imzalan Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 noyabr 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 nömrəli fərdi yaşayış evinin 29.11.2021-ci il tarixə olan bazar dəyəri 50000 manat, likvid dəyəri 42.500 manat təşkil edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında 11 aprel 2013-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi, yuxarıda qeyd edilmiş maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka 42129.15 manat əsas, 3743.85 manat faiz, cəmi 45873 manat təşkil edir. İşə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 8%) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq ipoteka müqavilələri bağlanmış və Cavabdeh məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh iddiaya etirazında kredit müqaviləsinin və ipoteka müqaviləsinin özü tərəfindən imzalanmadığını, Gəncəbank ASC-nin keçmiş rəhbəri tərəfindən aldadılaraq nağd aldığı evin ipoteka krediti kimi rəsmiləşdirildiyini bildirsə də buna dair sübutlar təqdim etməmişdir. Əksinə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası müqavilələrdəki imzanın məhz cavabdeh tərəfindən icra edildiyi barədə rəy vermişdir. Beləliklə cavabdehin iddiaya etirazının əsasları məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, qrafik üzrə əsas və faiz borclarının ödənilməsini uzun müddət ərzində gecikdirmişdir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsi ləğv edilməli, əsas və faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq tələb üzrə tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ipoteka kağızı ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə verilə və ya rəsmiləşdirilə bilər. İpoteka kağızı tərtib edildiyi halda ipoteka qoyanın, ipoteka saxlayanın, eləcə də onun digər qanuni sahiblərinin hüquq və vəzifələri ipoteka kağızına dair bu Qanunda müəyyən edilmiş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən ipoteka kağızı onun qanuni sahibinin aşağıdakı hüquqlarını təsdiq edir: 17.2.1. ipoteka predmeti üzərində ipoteka hüququnu; 17.2.2. başqa sübutlar təqdim etmədən əsas öhdəliyin icrasını tələb etməsini; 17.2.3. bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutmanın yönəldilməsini. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükləri halda ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin likvid dəyəri 42500 manat qiymətləndirilmişdir. Buna görə də mənzilin ilkin satış qiyməti həmin məbləğ hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracda satıldıqdan ən geci 1 ay sonra ev və torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 70 manat xidmət haqqı və dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 126 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 42129,15 manat əsas borc, 3743,85 manat faiz boprcu, cəmi 45873 (qırx beş min səkkiz yüz yetmiş üç) manat məbləğində pul Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 70 (yetmiş) manat xidmət haqqı və dövlət rüsumu Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Tələb üzrə tutma Cavabdeh məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 saylı fərdi yaşayış evi və 0,0529 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İpoteka predmeti olan əmlakın satılmasından əldə edilən vəsait borcun və xərclərin ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, X10 küçəsi, 3 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 42500 (qırx iki min beş yüz) manat müəyyən edilsin. Fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satıldıqdan sonra bir ay ərzində əmlak boşaldılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-57/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-57/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver