Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-58/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı rəisi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə dəyəri olan 1346,03 manat məbləğində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı rəisi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 1(043)- 181/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. 28 dekabr 2018-ci il tarixdə Cavabdeh yaşadığı ünvana iki ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri, sadə elektron qolbağın adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh 09.09.2019cu il tarixdə şöbəyə müraciət edərək ona təhvil verilmiş mobil nəzarət qurğusunu işləmədiyini bildirmiş və həmin vasitə təmir olunması üçün Ədliyyə Nazirliyi monitorinq idarəsinə göndərilmişdir. 30.10.2019-cu il tarixdə İDRAK texnoloji transfer MMC texniki rəy vermiş və həmin rəydə mobil nəzarət qurğusunun su ilə təmasda olması və buna görə yararsız vəziyyətə düşdüyü bildirilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat təşkil edir. Məhkum Cavabdeh təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mobil nəzarət qurğusunu götürən zaman o işləmişdir. Daha sonra onda problemlər yaranmış və probasiya şöbəsinə yaxınlaşaraq həmin problemləri bidirmişdir. Mobil nəzarət qurğusuna onun tərəfindən heç bir zərər vurulmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 1(043)-181/2018 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İş materiallarında olan 28.12.2018-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh oğlunun yaşadığı ünvana iki ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş 28.12.2018-ci il tarixli digər protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, mobil nəzarət qurğusu xüsusi proqram təminati ilə birlikdə dəyəri 1346,03 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. İş materiallarında olan 21.02.2019-cu il tarixli elektron nəzarət dəsti “Mobil qurğusu”nun vəziyyəti haqqında texniki rəydən məlum olur ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğu su ilə təmasda olmuş və qeyri-işlək hala düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş 21.02.2019-cu il tarixli məktubdan məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manat manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra-CİM) 15- 2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. CİM-in 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. CİM-in 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalardan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək mobil nəzarət qurğusunu zədələmiş və bununla maddi ziyan vurmuşdur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1346,03 (bir min üç yüz qırx altı manat 03 qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 500 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat 03 qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-58/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-58/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver