Məhkəmə qərarları › İş №2(043)-58/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-58/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-58/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun işlədiyi yerə məktub yazaraq məktubunda ona qarşı nalayiq ifadələrdən istifadə edərək vurduğu mənəvi zərər və işgüzar nüfuzun zədələnməsinə görə vurulmuş zərərin əvəzi olaraq 5000 manat kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun şərəf və ləyaqətini ləkələyən məlumatların məhkəmə qaydasında təkzib etməyi cavabdehin üzərinə bir vəzifə olaraq qoyulması və məcbur olunması, nümayəndəyə hüquqi yardım üçün çəkilmiş xərcin cavabdehdən tutulmasını və ona vurulan mənəvi zərərin əvəzinin 5000 (beş min) manat müəyyən edilərək Cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 26 aprel 2021-ci il tarixində onun işlədyi yerin rəhbərinə qərəzli şikayət məktubu yazıb gödərərək şikayət məktubunda onu nankor və naxələf adlandırmış, dövlətinə və vətəninə sadiqliyini şübhə altına salan ifadələr işlədərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məktubla bağlı onun iş yerində araşdırma aparılıb, məsələ birbaşa yuxarı rəhbərlik tərəfindən müzakirə edilmişdir. Cavabdehin məktubunda əks olunan məlumatlar onun çalışdığı kollektiv arasında yayılmış, bu da onun rəhbərlik və kollektiv yanında nüfuzuna xələl gətirmiş və onun mənəvi iztirab və sarsıntı keçirməyinə səbəb olmuşdur. Həmin məlumatın yayılması onda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Həmçinin cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində qaldırdığı övladlarının ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddia ərizəsində onun Cavabdeh yaşadığı 2 otaqlı mənzili istədiyi insana vəsiyyət edə bilməyəcəyini və əgər həmin mənzili başqasına vəsiyyət edəcəyi təqdirdə həmin şəxsin onun tərəfindən öldürüləcəyini bildirməsi qeyd olunmuşdur. Mənəvi zərərin əvəzinin 5000 (beş min) manat müəyyən edilərək ona ödənilməsini tələb edir. Bundan başqa o, cavabdehin əsassız və böhtan xarakterli hərəkətləri nəticəsində iki dəfə vəkillə məhkəmədə təmsil olunmağa məcbur olmuş, sənədlər toplamış, dəfələrlə taksi sifariş etmiş, bu işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq dəfələrlə taksi sifariş etmiş və iş yerindən icazə almaq məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun barəsində yazdığı şərəf və ləyaqətini ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasına və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5001 manat məbləğin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində yazdıqları həqiqəti əks etdirmir. İddiaçı Cavabdeh övladıdır. X7 ilə nikahları pozulduqdan sonra övladları heç vaxt onunla əlaqə saxlamamış, onunla maraqlanmamışlar. Xəstələnib yatağa düşdüyü vaxt oğlu İddiaçı onu Moskva şəhərində tək buraxaraq Gəncəyə qayıtmışdır. Xəstəliyi müddətində övladlarınının heç biri ona köməklik etməmişlər. Onların atalarına qeyri-insani münasibət bəsləmələri əxlaqa yaraşmayan hərəktdir. Hal-hazırda tək-tənha yaşayır. Övladları onu məhkəməyə yazdıqları ərizədə “arsız insan”, “Moskva şəhərində tüfeyli şəkildə yaşayan”, “utanıb-qızarmayan”, “sərsəm”, “ürək bulandıran”, “Moskva şəhərində öz kefində damağında olan”, “Vətənini tərk edib Rusiya Federasiyasına sığınan”, “Vətənin dar günündə hərbi xidmətdən yayınıb fərarilik etmiş və buna görə də onun kimilərin ucbatından torpaqlarımızın 20% işğal altına düşməsinə səbəb olan”, “ailəyə biganə və laqeyd olmağıyla bərabər vətənin dar günündə müharibədə iştirak etməkdən yayınan”, “Moskva şəhərində yüngül əxlaqlı rus və ukraynalı qadınlarla öz kefində olan arsız”, “abırsız ata”, “övladlarını körpə vaxtlarda ac-yalavac və ehtiyac içində qoyan”, “Moskva şəhərində İnnalarla, Lyusalarla və.s yüngül əxlaqlı qadınlarla eyş-işrət edən”, “bütün milli adət-ənənələri və əxlaq qaydalarını tapdalayaraq birinci Qarabağ müharibəsinin getdiyi ağır dövrdə ailəsini tərk edən”, “vətəninə qarşı laqeyd olan”, “1990-cı ildə Rusiya Federasiyasına gedərək fərarilik edən”, “pullarını qohum-əqrabasına və yüngül əxlaqlı qadınlara xərcləyən”, “özünü xəstəlikdən əziyyət çəkən, əmək qabiliyyəti olmayan şəxs kimi göstərən”, “şərəfini, namusunu itirən şəxs” kimi qələmə vermişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 26 aprel 2021-ci il tarixində onun işlədyi yerin rəhbərinə qərəzli şikayət məktubu yazıb göndərərək şikayət məktubunda onu nankor və naxələf adlandırmış, dövlətinə və vətəninə sadiqliyini şübhə altına salan ifadələr işlədərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məktubla bağlı onun iş yerində araşdırma aparılmış, məsələ birbaşa yuxarı rəhbərlik tərəfindən müzakirə edilmişdir. Cavabdehin məktubunda əks olunan məlumatlar onun çalışdığı kollektiv arasında yayılmış, bu da onun rəhbərlik və kollektiv yanında nüfuzuna xələl gətirmiş və onun mənəvi iztirab və sarsıntı keçirməyinə səbəb olmuşdur. İlkin olaraq Cavabdeh onun barəsində bu xarakterli məlumatları yaymış, bundan sonra Cavabdeh ona və qardaş-bacısına qarşı məhkəmədə aliment tələbinə, mirasdan məcburi pay almaq hüququndan məhrum edilmələri tələbinə dair iddialar qaldırmış, həmin iddialarda da onun barəsində şərəf və ləyaqəti ləkələyən ifadələr işlətmiş, onu və qardaş-bacısını əxlaqa yaraşmayan, əxlaqa zidd hərəkətlər etməkdə günahlandırmış, guya onun Cavabdeh son iradəsini həyata keçirməsinə mane olaraq acıqlı şəkildə hədə-qorxu gəlib Cavabdeh yaşadığı mənzili vəsiyət edərsə vəsiyyət edilənin onun tərəfindən öldürüləcəyini qeyd etmişdir. Onlar da həmin iddiaya etiraz olaraq məhkəməyə təqdim etdikləri ərizələrdə iddianı təkzib etmək üçün Cavabdeh onlara laqeyd olması, onlarla maraqlanmamasını sübut etmək üçün həmin məlumatları göstərmişlər. Əgər Cavabdeh ilk olaraq onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatları onun iş yerinə bildirməsə idi, o da belə bir addım atmazdı. Buna görə də ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. İlk iddia üzrə iddiaçının nümayəndəsi X1 Dunay Nizami oğlu ilə oxşar məzmunlu izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X10 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh xəstə olmasına baxmayaraq övladları onunla heç vaxt maraqlanmayıb, ona köməklik etməyiblər. Cavabdeh həmin hallara görə iddiaçı barəsində ölçü götürülməsi üçün şikayətlər edib, lakin onun şərəf və ləyaqətinə toxunacaq söz işlətməyib, faktiki vəziyyəti İddiaçı rəhbərliyinə çatdırmışdır. Lakin İddiaçı məhkəməyə ünvanlandığı ərizələrində Cavabdeh barəsində aşkar surətdə şərəf və ləyaqəti ləkələyən ifadələr işlətmişdir. Bu səbəbdən də ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsinin məzmunu və Y.Hüseynovun izahatı ilə oxşar məzmunda izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən Şəmkir Hərbi Polisinin rəisinə poçt vasitəsilə ünvanlanmış məktubun surətindən görünür ki, həmin məktubda Cavabdeh ağır yataq xəstəsi olmasına baxmayaraq oğlu İddiaçı ona heç bir köməklik göstərmədiyini, övladlarının ona olan münasibətinin əxlaqa zidd olduğunu, onların atalarına baxmaması, xəstə atalarına qeyri-insani münasibət bəsləmələrini, ona qarşı əxlaqa yaraşmayan hərəkət etdiklərinin sübut olunduğunu, İddiaçı nankor, naxələf, ata qədri bilməyən oğul olduğunu və bu cür insanın dövlətə xidmət edə bilməyəcəyi və dövlətin qədrini bilməyəcəyini göstərmişdir. İş materiallarında olan X8, İddiaçı və X3 tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh barəsində “arsız insan”, “Moskva şəhərində tüfeyli şəkildə yaşaması”, “ağlını itirmiş ata”, “utanıbqızarmayan”, “sərsəm”, “ürək bulandıran”, “Moskva şəhərində öz kefində damağında olan” ifadələri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Novruzova Bahar, Adıgözəlov Arzu, İddiaçı və Adıgözəlova Sevda tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin hakimi Ədil Məmmədova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh barəsində “Moskva şəhərində yüngül əxlaqlı rus və ukraynalı qadınlarla öz kefində olan”, “Moskva şəhərində İnnalarla, Lusiyalarla və.s yüngül əxlaqlı qadınlarla eyş-işrət edən”, “şərəfini, namusunu itirən şəxs” ifadələri qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş X8, İddiaçı və X3 tərəfindən Kəpəz Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, Cavabdeh barəsində “arsız insan”, Moskva şəhərində tüfeyli şəkildə yaşayan”, “ağlını itirmiş ata”, “utanıb-qızarmayan” ifadələri qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş X8, İddiaçı və X3 tərəfindən məhkəməyə təqdim edilmiş izahatdan görünür ki, həmin izahatda Cavabdeh barəsində “bütün milli adətənənələri və əxlaq qaydalarını tapdalayaraq Birinci Qarabağ müharibəsinin getdiyi ağır dövrdə ailəsini tərk edən”, “Vətəninə qarşı laqeyd olan”, “1990-cı ildə Rusiya Federasiyasına gedərək fərarilik edən”, “pullarını qohum-əqrabasına və yüngül əxlaqlı qadınlara xərcləyən”, “özünü xəstəlikdən əziyyət çəkən, əmək qabilliyəti olmayan şəxs kimi göstərən”, ifadələri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdehlər X3, X8 və İddiaçı qarşı ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh tərəfindən həmin iddia ərizəsində oğlu İddiaçı və digər övləadlarının barəsində “Onların mənə baxmaması, xəstə atalarına qeyri-insani münasibət bəsləmələri mənə qarşı əxlaqa yaraşmayan hərəkət etdiklərini sübut edir.”, “çünki, onlar etdiyi hüquqa və əxlaqa zidd hərəkətlər nəticəsində vərəsə olmaq imkanından qanunla məhrum edilməlidirlər”, “mən cavabdehlərin bütün bu hərəkətlərini əxlaqa zidd olan hərəkət kimi qiymətləndirirəm”, “Qeyd etməliyəm ki, oğlum İddiaçı hətta bir dəfə söhbət əsnasında bildirmişdir ki, mənim yaşadığım 2 otaqlı mənzili mən istədiyim insana vəsiyyət edə bilmərəm və acıqlı olaraq etiraz etmişdir ki, əgər həmin mənzili mən vəsiyyət etsəm vəsiyyət edilən onun tərəfindən öldürüləcəkdir” ifadələri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli 2(043)1486/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X3, X8 və İddiaçı qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(104)595/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli 2(043)1486/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2021-ci il tarixli 2(102)4365/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh verdiyi kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(104)595/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli 4/1777 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı barəsində yazdığı “nankor”, “naxələf”, “Onların mənə baxmaması, xəstə atalarına qeyri-insani münasibət bəsləmələri mənə qarşı əxlaqa yaraşmayan hərəkət etdiklərini sübut edir”, “çünki, onlar etdiyi hüquqa və əxlaqa zidd hərəkətlər nəticəsində vərəsə olmaq imkanından qanunla məhrum edilməlidirlər”, “mən cavabdehlərin bütün bu hərəkətlərini əxlaqa zidd olan hərəkət kimi qiymətləndirirəm”, “İddiaçı...acıqlı olaraq etiraz etmişdir ki, əgər həmin mənzili vəsiyyət etsəm, vəsiyyət edilən onun tərəfindən öldürüləcəkdir” ifadələri İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkləyən ifadələr hesab olunur. İddiaçı Cavabdeh barəsində yazdığı “arsız insan”, “Moskva şəhərində tüfeyli şəkildə yaşayan”, “utanıb-qızarmayan”, “sərsəm”, “ürək bulandıran”, “Moskva şəhərində öz kefində damağında olan”, “Vətəninin dar günündə hərbi xidmətdən yayınıb fərarilik edən və buna görə də onun kimilərinin ucbatından torpaqlarımızın 20 %nin işğal altına düşməsinə səbəb olan”, “ailəyə biganə və laqeyd olması ilə bərabər vətənin dar günündə müharibədə iştirak etməkdən yayınan”, “Moskva şəhərində yüngül əxlaqlı rus və ukraynalı qadınlarla öz kefində olan”, “arsız”, “abırsız ata”, “övladlarını körpə vaxtlarında ac-yalavac və ehtiyac içində qoyan”, “Moskva şəhərində İnnalarla, Lusiyalarla vəs. yüngül əxlaqlı qıdınlarla eyş-işrət edən”, “bütün milli adət-ənənələri və əxlaq qaydalarını tapdalayaraq Birinci Qarabağ müharibəsinin getdiyi ağır dövrdə ailəsini tərk edən”, “Vətəninə qarşı laqeyd olan”, “1990-cı ildə Rusiya Federasiyasına gedərək fərarilik edən”, “pullarını qohum-əqrabasına və yüngül əxlaqlı qadınlara xərcləyən”, “özünü xəstəlikdən əziyyət çəkən, əmək qabilliyəti olmayan şəxs kimi göstərən”, “şərəfini, namusunu itirən şəxs” ifadələri Cavabdeh şərəf və ləyaqətini ləkələyən ifadələr hesab olunur. Məhkəmə araşdırması nəticəsində Cavabdeh Şəmkir Hərbi Polisinin rəisinə ünvanladığı məktubunda İddiaçı barəsində qeyd etdiyi ifadələrin, eləcə də İddiaçı barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində işlətdiyi ifadələrin şərəf və ləyaqəti ləkələyən ifadələr hesab olunduğu, həmçinin İddiaçı Cavabdeh barəsində müxtəlif məhkəmələrə təqdim etdiyi yazılı ərizə və izahatlarda işlətdiyi ifadələr də sonuncunun şərəf və ləyaqətini ləkələyən ifadələr hesab olunduğu müəyyən edilmişdir. Cavabdeh İddiaçı barəsində işlətdiyi ifadələrdən “Onların mənə baxmaması, xəstə atalarına qeyri-insani münasibət bəsləmələri mənə qarşı əxlaqa yaraşmayan hərəkət etdiklərini sübut edir”, “çünki, onlar etdiyi hüquqa və əxlaqa zidd hərəkətlər nəticəsində vərəsə olmaq imkanından qanunla məhrum edilməlidirlər”, “İddiaçı...acıqlı olaraq etiraz etmişdir ki, əgər həmin mənzili vəsiyyət etsəm, vəsiyyət edilən onun tərəfindən öldürüləcəkdir” ifadələri məlumat xarakterli, “nankor”, “naxələf”, “mən cavabdehlərin bütün bu hərəkətlərini əxlaqa zidd olan hərəkət kimi qiymətləndirirəm” ifadələri isə rəy xarakterli ifadələrdir. İddiaçı Cavabdeh barəsində işlətdiyi ifadələrdən “Vətəninin dar günündə hərbi xidmətdən yayınıb fərarilik edən və buna görə də onun kimilərinin ucbatından torpaqlarımızın 20 %-nin işğal altına düşməsinə səbəb olan”, “ailəyə biganə və laqeyd olması ilə bərabər vətənin dar günündə müharibədə iştirak etməkdən yayınan”, “Moskva şəhərində yüngül əxlaqlı rus və ukraynalı qadınlarla öz kefində olan”, “Moskva şəhərində İnnalarla, Lusiyalarla vəs. yüngül əxlaqlı qıdınlarla eyş-işrət edən”, “bütün milli adətənənələri və əxlaq qaydalarını tapdalayaraq Birinci Qarabağ müharibəsinin getdiyi ağır dövrdə ailəsini tərk edən”, “Vətəninə qarşı laqeyd olan”, “1990-cı ildə Rusiya Federasiyasına gedərək fərarilik edən”, “pullarını qohum-əqrabasına və yüngül əxlaqlı qadınlara xərcləyən”, “özünü xəstəlikdən əziyyət çəkən, əmək qabiliyyəti olmayan şəxs kimi göstərən” ifadələri məlumat xarakterli, qalan ifadələr isə rəy xarakterlidir. Tərəflər bir-birilərinin barəsində işlətdikləri ifadələri öz hüquqlarının həyata keçirilməsi və müdafiəsi məqsədi ilə əsaslandırmağa çalışırlar. Məhkəmə qeyd edir ki, şəxsin öz hüquqlarını müdafiə etmək məqsədilə məhkəməyə və digər orqanlara müraciət etməsinə məhdudiyyət qoyulmasa da hüquqların müdafiəsi qanuni üsullarla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi hər iki tərəf öz hüquqlarını həyata keçirərkən aşkar surətdə bu məqsədi aşan və həmin məqsədə nail olmaq üçün heç bir əhəmiyyət kəsb etməyən, digər tərəfin şərəf və ləyaqətini ləkələyən ifadələr işlədərək və məlumatlar yayaraq əks tərəfin qanunla qorunan hüquqlarını pozmuşdur. Şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması və ifadələrin işlədilməsi zərərçəkmiş şəxsin psixologiyasına mənfi təsir etməklə, şübhəsiz mənəvi sarsıntı və iztiraba səbəb olur. Nə Cavabdeh, nə də İddiaçı yazılı müraciətlərində işlətdikləri məlumat xarakterli ifadələrin həqiqətə uyğun olmasını sübuta yetirə bilməmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, həmin məlumatlar həqiqətə uyğun olmayan hesab edilməlidir. Məlumat xarakteri daşımayan, şərəf və ləyaqəti ləkələyən digər ifadələr isə hər bir halda şəxsin özünə və başqalarının onun şəxsiyyətinə verdiyi qiyməti alçaltmaq xarakteri daşıyır. Bu baxımdan məhkəmə hər iki tərəfin qarşılıqlı olaraq bir-birinə mənəvi zərər vurduğunu və vurulmuş mənəvi zərərə görə mülki məsuliyyət daşıdığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Tərəflər müvafiq olaraq irəli sürdükləri iddialarında şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsini tələb etsələr də təkzibin forması ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Eyni zamanda tərəflərin təkzib edilməsini istədikləri ifadələrdən bir qismi məlumat xarakterli olsa da bir qismi rəy xarakterlidir və ifadəni işlədən şəxsin qarşı tərəfin şəxsiyyətinə və davranışlarına öz şəxsi mülahizəsindən ibarətdir. Qanunvericilikdə yalnız məlumatın, yəni hər hansı bir şəxsin şəxsiyyəti, onun hərəkəti və ya hərəkətsizliyi barədə iddia edilən faktın təkzib edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Çünki, məlumat xarakteri daşımayan ifadələrin doğruluğunun nə iddia edilməsi, nə də sübut edilməsi mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin bir-biri barəsində işlətdikləri ifadələrdən yuxarıda qeyd edilmiş, məlumat xarakteri daşıyan ifadələr təkzib edilməlidir. Həmin məlumatlar kütləvi informasiya vasitələrində yayılmamış, rəsmi sənədə daxil edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi təkzibin məqsədlərinə nail olmaq üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə, iddia tələblərinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, müvafiq olaraq bir-birindən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçı qarşısında, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, ilk və qarşılıqlı iddia üzrə tərəflərin bir-birinin barəsində işlətdikləri ifadələrlə onların şərəf və ləyaqətini ləkələyən məlumatları yayması və ifadələri işlətməsi yuxarıda göstərilən sübutlarla təsdiqlənmişdir. Onlar həmin əməli törətməkdə təqsirlidirlər. Çünki, həmin məlumatları yayarkən və ifadələri işlədərkən digər tərəfin şərəf və ləyaqətini ləkələdiyini dərk etmiş, bunu arzu edərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişlər. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tələblər üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən hər iki tərəf qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçı barəsində işlədilən ifadələrin iddiaçının keçirdiyi mənəvi sarsıntılara səbəb olmasını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, ilk iddia üzrə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində kompensasiya tutulması məqsədəmüvafiqdir. Həmçinin məhkəmə, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı barəsində işlədilən ifadələrin qarşılıqlı iddia üzrə iddiaçının keçirdiyi mənəvi sarsıntılara səbəb olmasını, qarşılıqlı iddia üzrə cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində kompensasiya tutulması məqsədəmüvafiqdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində mənəvi zərərin əvəzinin ödənilməsi ilə yanaşı nümayəndəyə hüquqi yardım üçün onun tərəfindən çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutulub ona verilməsini tələb etmişdir. Buna baxmayaraq İddiaçı nümayəndəyə xərc çəkməsi və həmin xərcin miqdarı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərdiyi, “Onların mənə baxmaması, xəstə atalarına qeyri-insani münasibət bəsləmələri mənə qarşı əxlaqa yaraşmayan hərəkət etdiklərini sübut edir”, “çünki, onlar etdiyi hüquqa və əxlaqa zidd hərəkətlər nəticəsində vərəsə olmaq imkanından qanunla məhrum edilməlidirlər”, “İddiaçı...acıqlı olaraq etiraz etmişdir ki, əgər həmin mənzili vəsiyyət etsəm, vəsiyyət edilən onun tərəfindən öldürüləcəkdir” ifadələrindən ibarət olan İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar həqiqətə uyğun olmayan hesab edilsin. Cavabdeh İddiaçı barəsində işlətdiyi şərəf və ləyaqəti ləkələyən ifadələr və yaydığı məlumatlar nəticəsində vurduğu mənəvi zərərə görə 300 (üç yüz) manat pul alınaraq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinə ünvanlandığı ərizələr və izahatda Cavabdeh barəsində yaydığı və Cavabdeh şərəf və ləyaqətini ləkələyən “Vətəninin dar günündə hərbi xidmətdən yayınıb fərarilik edən və buna görə də onun kimilərinin ucbatından torpaqlarımızın 20 %-nin işğal altına düşməsinə səbəb olan”, “ailəyə biganə və laqeyd olması ilə bərabər vətənin dar günündə müharibədə iştirak etməkdən yayınan”, “Moskva şəhərində yüngül əxlaqlı rus və ukraynalı qadınlarla öz kefində olan”, “Moskva şəhərində İnnalarla, Lusiyalarla vəs. yüngül əxlaqlı qıdınlarla eyş-işrət edən”, “bütün milli adət-ənənələri və əxlaq qaydalarını tapdalayaraq Birinci Qarabağ müharibəsinin getdiyi ağır dövrdə ailəsini tərk edən”, “Vətəninə qarşı laqeyd olan”, “1990-cı ildə Rusiya Federasiyasına gedərək fərarilik edən”, “pullarını qohum-əqrabasına və yüngül əxlaqlı qadınlara xərcləyən”, “özünü xəstəlikdən əziyyət çəkən, əmək qabiliyyəti olmayan şəxs kimi göstərən” ifadələrindən ibarət məlumatlar həqiqətə uyğun olmayan hesab edilsin. İddiaçı Cavabdeh barəsində işlətdiyi şərəf və ləyaqəti ləkələyən ifadələr və yaydığı məlumatlar nəticəsində vurduğu mənəvi zərərə görə 300 (üç yüz) manat pul alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar