Məhkəmə qərarları › İş №2(043)-586/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-586/2022

26.04.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-586/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X2 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X5 artıq 4 ilə yaxındır ki, evdən gedib ondan heç bir məlumat yoxdur. Onun barəsində Kəpəz Rayon Polis İdarəsinə ərizə verib, məlumat əldə etmək istəsə də, oradan bildirilmişdir ki, onunla bağlı heç bir məlumat yoxdur. Onun əri itkin düşsə də bununla bağlı rəsmi sənəd olmadığı üçün dövlətdən müavinət ala bilmir. Ona görə də artıq 4 il ərzində heç bir məlumat olmayan əri məhkəmə qaydası ilə xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 09 oktyabr 1983cü il təvəllüdlü X2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsi (hazırda 2-ci Polis Şöbəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ İ № 996443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 09 oktyabr 1983-cü il təvəllüdlü X4 ilə xx xxxxxx 1984-cü il təvəllüdlü Ərizəçi nikahı 21 aprel 2015-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 158 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mehtiyev”, arvada “Mehtiyeva” soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsi tərəfindən verilmiş 05.11.2021-ci il tarixli arayışdan görünür ki, 09.10.1983-cü ildə anadan olmuş X5 ilə əlaqədar, 07.07.2021-ci il tarixdə Kəpəz RPİ-nə Ərizəçi tərəfindən verilmiş ərizə əsasında 20.07.2021-ci il tarixdən qohumluq əlaqələrini itirmiş şəxs kimi Kəpəz RPİ tərəfindən axtarış edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, 09.10.1983-cü il təvəllüdlü X1 dəfə 20.11.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, Gürcüstan Respublikasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, Şahin Mehtiyevin bacısıdır. Qardaşı 2018-ci ilin noyabr ayında Ukrayna Respublikasına getmiş, sonuncu dəfə onunla həmin ilin dekabr ayında əlaqə saxlamışdır. Həmin vaxt o bildirdi ki, orada onu döyüb, sənədlərini əlindən alıblar. Qardaşı əvvəllər Ukraynaya işləmək üçün gedirmiş, sonradan narkotik vasitələrinin istifadəçisi olmuşdur. 2018-ci ildən sonra qardaşından heç bir məlumat ala bilməmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir; 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən . Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi əri X5 2018-ci ildə Gürcüstan Respublikasına getmiş və həmin vaxtdan sonra onun olduğu yer məlum olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və X5 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 oktyabr 1983-cü il təvəllüdlü X5 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar