Məhkəmə qərarları › İş №2(043)-6/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-6/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-6/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas məbləğ 13561,73 manat, hesablanmış faiz məbləği üzrə 505,23 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 14066,86 (on dörd min altmış altı manat 86 qəpik) manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun İddiaçı ASC-in xeyrinə tutulması, tutmanının ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Bakı küçəsi 13A №-li fərdi yaşayış evi ilə birgə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti tərəflər arasında razılaşdırılmış 25000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü Gəncə şəhəri, Kəpəz rayonu,Bakı küçəsi 13A №-li fərdi yaşayış evi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra qeydiyyatda olanların yaşayış hüquqlarına xitam verilərək boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə İddiaçı ASC və Cavabdeh arasında 165 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 15000 manat məbləğində, illik 6 % olmaqla, 18 aylıq güzəştlə, 36 ay müddətinə kredit verilmişdir və o, kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixdə "İddiaçı” ASC ilə Cavabdeh arasında 165i №-li ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı ASC-dən götürdüyü 15000 manat məbləğində kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu,Bakı küçəsi 13A №-li fərdi yaşayış evi 165İ №-li kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 Saylı ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4-cü maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə RX seriyalı, ******* №-li Çıxarış verilmişdir. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Amma, borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. xx xxxxx 2017-ci il tarixinə Cavabdeh İddiaçı ASC-nə olan borcu, əsas məbləğ üzrə 13561,73 manat, hesablanmış faiz borcu üzrə 505.23 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 14066,86 manat məbləğindədir. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, iddia tələbində göstərilən məbləğdə bankdan kredit götürmüş, ilk vaxtlar hər ay ödəniş qrafikində nəzərdə tutulmuş qaydada və məbləğdə ödənişləri həyata keçirmiş, lakin sonradan maddi imkanı olmadığı üçün ödənişləri həyata keçirə bilməmişdir. Qətnamə qəbul edilərkən iddianın qismən təmin edilməsini, ona hesablanmış faiz borcunun azaldılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 165 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC borcalan Cavabdeh “heyvandarlığın inkişafı” məqsədi ilə illik 6 faiz olmaqla, 36 ay müddətinə 15000 (on beş min) manat kredit vermiş, borcalan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, ona hesablanmış faizləri, digər ödənişləri müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 165i nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 92 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğini mübahisələndirdiyindən, iş üzrə məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli 29120 nömrəli rəyindən görunür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 165 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixə banka 13195,28 manat əsas borcu, 314,49 manat faiz borcu vardır. Ekspertiza zamanı borc məbləği xx.xx.2017-ci il tarixə hesablandığından, hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə aparılmış cəmi 500 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 165 saylı kredit müqaviləsi üzrə banka 13195,28 manat əsas borcunun, 314,49 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Lakin, həmin məbləğ xx xxxxx 2017-ci il tarixə qədər yaranmış borca görə hesablanmışdır. Həmin tarixdən sonra Cavabdeh tərəfindən Banka 500 manat ödəniş edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 300 manat ödəniş etmiş, həmin məbləğ bütövlükdə onun faiz borcundan silinmişdir. Bundan başqa, o, xx.xx.2017-ci il tarixdə 200 manat ödəniş etmiş, həmin məbləğin 93,56 manat hissəsi əsas borcdan, 106,44 manat hissəsi isə faiz borcundan silinmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ekspertiza rəyinə əsasən cavabdehin müqavilə üzrə faiz borcunun cəmi 314,49 manat təşkil etməsi müəyyən edildiyindən və həmin məğləğ xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə aparılan ödənişlərlə tamamilə ödənilmiş hesab edildiyindən (300 manat + 106,44 manat = 406,44 manat), faiz məbləğindən artıq qalan (406,44 manat – 314,49 manat = 91,95 manat) məbləğ, eləcə də xx.xx.2027-ci il tarixdə edilmiş ödəniş üzrə əsas borcdan silinmiş 93,56 manat məbləğ eksertiza rəyində qeyd edilən əsas borcdan çıxılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış 13009,77 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışı zamanı Cavabdeh ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən qiymətini mübahisələndirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin qərardadına əsasən ipoteka predmetinin hazırki bazar qiymətinin müəyyən edilməsi üçün mülki işin materialları müstəqil qiymətləndiriciyə göndərilmişdir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 263 saylı rəydən görünür ki, Cavabdeh məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki dövrə olan real bazar qiyməti 54000 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 54000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan evə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, eləcə də ipoteka predmeti olan mənzildə cavabdehdən başqa digər şəxslərin faktiki yaşamaları barədə sübutlar məhkəməyə təqdim olunmadığından, iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələbi qanununun tələblərinə uyğun hesab edir. İddia tələbinin mənzil satıldıqdan sonra orada qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi hissəsini isə məhkəmə əsassız hesab edir. Belə ki, cavabdehin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal edilən mübahisə ilə əlaqədar məsələdir. Bununla yanaşı, hərracda satışdan sonra yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi artıq yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin evi məhz ipoteka qoyan da əldə edə bildiyindən məhkəmə hesab edir ki, hazırda mülkiyyət hüququ olmayan bankın ipoteka predmeti olan yaşayış evində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iddia tələbinin Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi hissəsini əsassız sayaraq rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 30 manat məbləğində dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir Bununla yanaşı, cavabdehdən iş üzrə aparılmış ekspertiza və qiymətləndirmə tədqiqatlarının dəyəri kimi 145 manat pul Məhkəmə Ekspertizası Mərkəzinin və 200 manat pul “xxxx” MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13009,77 manat (on üç min doqquz manat yetmiş yeddi qəpik) əsas borc, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində xidmət haqqı və dövlət rüsumu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13070,77 manat (on üç min yetmiş manat yetmiş yeddi qəpik) pul vəsaiti alınaraq ləğv posesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən ləğv posesində olan İddiaçı ASC-yə olan borc ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Cavabdeh iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manat pul tutularaq “xxxx” MMC-nin hesabına (AZ37NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar