Məhkəmə qərarları › İş №2(043)-600/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-600/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-600/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Həmin yaşayış evində rəsmi olaraq X7 tək yaşayır. O isə vaxtaşırı gedib onun yanında qalır. 22.06.2021-ci il tarixdə səhər vaxtı aşkar etmişlər ki, qaz sayğacının ekranı onlara məlum olmayan səbəbdən sınmışdır. X7 «Azəriqaz» İstehsalat Birliyinə müraciət etmişdir. Elə həmin gün günorta saatlarında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları gedib sayğacı dəyişmişlər. Bu barədə akt tərtib edilmiş, akt əməkdaşlar və onun tərəfindən imzalanmışdır. 30.08.2021-ci il tarixdə Qaz idarəsinin əməkdaşları ünvanlarına gedərək, adına cərimə yazıldığını, bu səbəbdən idarəyə yaxınlaşmasını bildirmişlər. İdarədə ona bildirilmişdir ki, sayğac qırılan zaman qaz sərfiyyatı ola bilər, buna görə 216 manat qaz sərfiyyatı üçün borcu var. O, həmin borcla razılaşmır. Onun sayğacının yalnız ekranı qırılmışdır, xəttə heç bir zədə olmamışdır ki, qaz axını baş versin. Həmçinin sayğac yenisi ilə əvəz edilərkən tərtib edilmiş Aktdan görünür ki, qırılan sayğacın göstəricisi 1355 kubmetr təşkil edir. Əgər həqiqətən də həmin vaxt qaz sərfiyyatı olsaydı həmin fakt aktda öz əksini tapardı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək və iddianın məzmununa uyğun izahat verərək, İddiaçı qızının adına ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacına yazılmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə "Azəriqaz" İstehsalat Birliyi arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana qaz sayğacı quraşdırılaraq 15.09.2010-cu il tarixdə təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı Qazdan istifadə Qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, "Azəriqaz” istehsalat Birliyinin nümayəndələri tərəfindən 22.06.2021-ci il tarixdə iddiaçıya məxsus ünvana baxış keçirilərkən ünvana quraşdırılmış qaz sayğacının ekranının kənar təsir nəticəsində sındırıldığı aşkar edilmişdir. Bu barədə iddiaçının iştirakı ilə 22.06.2021-ci il tarixli akt tərtib olunmuşdur. Bundan sonra sayğac şəbəkədən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Sayğac yoxlamadan keçirilərkən sayğacın ekran hissəsinin gövdədən aralandığı, sayğaca müdaxilə edildiyi məlum olmuşdur. Bundan sonra sənədləşmə aparılaraq 30.06.2021-ci il tarixdə akt əsasında ünvana 2160 m3 itirilmiş qazın bərpası üçün 216 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22.06.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zinner mexaniki tipli **********4 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli **********1 nömrəli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kənar zərbə nəticəsində sayğacın ekranının sınması qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2021-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, 30.08.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda qeyd olunmuşdur: İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********4 nömrəli G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanıb, qaz keçir. Hesablama mexanizmi açıq vəziyyətdədir. Sərfi qeydə almır. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2021-ci ilin avqust ayı üçün qalıq və aktlar üzrə 216 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralandığı aşkar olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat pul tələb edilir. Tərəflər G-4 markalı, **********4 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi **********4 nömrəli qaz sayğacı çıxarılarkən aktda onun hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması ilə bağlı heç bir qeyd aparılmamışdır. Sadəcə kənar təsir nəticəsində sayğacın ekranının sındığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini, yəni sayğacın ekranının məhz abonent tərəfindən sındırılmasını qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 216 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Digət tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 10.06.2021-ci il tarixli bildiriş – xəbərdarlıqdan görünür ki, 10.06.2021-ci il tarixdə cavabdehin əməkdaşı tərəfindən iddiaçıya məxsus evdə istifadə edilən təbii qaza dair bildiriş iddiaçıya təqdim edilmiş, bildirişdə sayğacın son göstəricisinin “1307 m3” olması qeyd edilmişdir. Abonentin saldosundan isə görünür ki, həmin vaxtdan 12 gün keçdikdən sonra iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacı çıxarılan vaxt onun üzərindəki göstərici “1315 m3” olmuşdur. Yəni, 10.06.2021-ci il tarixdə cavabdehin əməkdaşı tərəfindən iddiaçıya məxsus evə quraşdırılmış sayğaca dair hesablanmış borcla bağlı bildiriş tərtib edilərkən faktiki olaraq sayğaca baxış keçirilmiş, həmin vaxt sayğacın ekranında hər hansı zədələnmə olmamışdır, 12 gün keçdikdən sonra 22.06.2021-ci il tarixdə baxış keçirilən zaman isə sayğacın ekranının kənar təsir nəticəsində qırıldığı müəyyən edilmiş və bu müddət ərzində cəmi 8 m3 qaz sərfiyyatı olmuşdur. Məhkəmə isə həmin vaxtın yay aylarına təsadüf etməsini nəzərə alaraq, 12 gün ərzində 8 m3 qaz sərifyyatının olmasını ağlabatan hesab edir. Göründüyü kimi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2021-ci il tarixli ******* nömrəli aktda **********4 nömrəli G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydə almaması yazılsa da, **********4 nömrəli G-4 markalı sayğaca sonuncu dəfə baxış keçirilən 10.06.2021-ci il tarixdən sayğacın çıxarıldığı 22.06.2021-ci il tarixədək olan müddətdə sayğacda qaz sərfiyyatı qeydə alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onun hesablama mexanizminin qoruyucu qapağının zədələnmiş olması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X5 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 30.08.2021-ci il tarixli akt əsasında sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən ayrılması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 216 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar