Məhkəmə qərarları › İş №2(043)-601/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-601/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-601/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı “xxxxxx» İKB ASC-nin nümayəndəsi x1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxx» İKB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dairiddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxx» İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2017-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi, Cavabdeh “xxxxxx” İKB ASC-nin xeyrinə 16 oktyabr 2017-cü il tarixli kredit müqaviləsi üzrə 4583.69 manat əsas borc, 275.66 manat faiz borcu və 24.67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4884.02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16 oktyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 26 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. 02.04.2019-cu il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 02.04.2021 tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 noyabr 2019-dək Cavabdeh banka 16 oktyabr 2017-cü il tarixli kredit müqaviləsi üzrə 4583.69 manat əsas borc, 275.66 manat faiz borcu və 24.67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4884.02 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında zamanı iddiaçı “xxxxxx» İKB ASC-nin nümayəndəsi x3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh kredit borcunun ödənilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 16 oktyabr 2017-ci il tarixli 10-Y-1-0-92-17 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, “xxxxxx” İKB ASC-dən illik 26 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş 02.04.2019- cu il tarixli 10-Y-1-0-92-17 saylı Kredit Müqaviləsinə əlavə sazişdən görünür ki, kredit borcunun qaytarılması müddəti 02.04.2021 tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 13.11.2019-cu tarixə banka 16 oktyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 4583.69 manat əsas borc, 275.66 manat faiz borcu və 24.67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4884.02 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz və cərimə məbləği hesablamış, məhkəmə iclasında tərəflər həmin məbləği mübahisələndirməmişlər. Buna görə də, məhkəmə əsas, faiz və cərimə borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi təqdirdə, kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulmuş müqavilənin birtərəfli qaydada ləğv edilməsi vaxtı tərəfə göndərilmiş təklifə riayət etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, kredit müqaviləsi ləğv edilməli və Cavabdeh “xxxxxx” İKB ASC-nin xeyrinə 16 oktyabr 2017-ci tarixli kredit müqaviləsi üzrə 4583.69 manat əsas borc, 275.66 manat faiz borcu və 24.67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4884.02 manat borc pul tutularaq iddiaçı «xxxxxx» İKB ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli 10-Y- 1-0-92-17 saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh “xxxxxx” İKB ASC-nin xeyrinə 16 oktyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4583.69 manat əsas borc, 275.66 manat faiz borcu və 24.67 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4884.02 (dörd min səkkiz yüz səksən dört manat iki qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxx» İKB ASC-nin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar