Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-638/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər -“İsuzu Boqdan” markalı, **-AE-*** d.q.n.n-lı avtobusus sürücüsü Cavabdeh1 və “Mercedes-Benz E 270 minik” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Kia Rio minik” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 8538 manat, akt-rəy hazırlamaq xidmət haqqı -170 manat, itirilmiş real qazanca görə 3000 manat, həmin yol-nəqliyyat hadisəsi zamanı sağlamlığıma vurulmuş zərərə görə 2000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqatçısı, polis leytenantı X1 icraatında olmuş xx.xx.2020-ci il tarixli, HK-1/259 saylı təhqiqat araşdırması barədə toplanmış material üzrə xx xxxxxxx 2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, iddiaçı təxminən 2006-cı ildə sürücülük vəsiqəsi almış və elə həmin ildən də avtomobil idarə etmişdir. Hal-hazırda “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Kia Rio minik" markalı **-CB-*** d.q.n.n-lı avtomobil ona məxsusdur və şəxsi istifadəsindədir. xx.xx.2020-ci il tarixdə yaşadığı evdən saat 09:00 radələrində çıxaraq Gəncə şəhəri mərkəzi istiqamətdə hərəkətdə olmuşdur. Gəncə şəhəri N.Gəncəvi prospekti ilə şəhərin mərkəzi istiqamətdə hərəkətdə olarkən “Yeni Şəmkir avtovağzalı” bərabərliyindəki yol ayrıcını işıqforun yaşıl işığında keçərkən onunla əks hərəkətdə Gəncə şəhərin mərkəzi istiqamətindən gələn “İsuzu” markalı sərnişin daşıma avtobusu həmin yol ayrıcıya daxil olmaq üçün hərəkətdə olmuş, o həmin yol ayrıcını düzünə təxminən 20 metr keçdikdən sonra arxa tərəfdən toqquşma səsi eşitmiş və avtomobilin güzgüsünə arxa istiqamətə baxmaq istədikdə anidən onun idarə etdiyi avtomobilə bir avtomobilin çırpıldığını hiss etmiş və onun avtomobili yolun hərəkət isiqamətində fırlanaraq yolun sağ kənarında dayanmışdır. O, həmin vaxt hadisənin şokunda olduğundan nə baş verdiyini başa düşməmiş və toqquşmanın təsirindən onun avtomobili deformasiyaya uğramış və o, bədən xəsarətləri almışdır. Hadisədən sonra orada olan tanımadığı şəxslər ona kömək edərək onu avtomobildən düşürmüşlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTYS-nin avtomobili və polis əməkdaşları gəlmişdir. Həkimlər ona ilkin yardım göstərdikdən sonra sərxoşluğun müəyyən olunması üçün Gəncə şəhər RND-nə getmiş orada onun sərxoş olmadığı müəyyən olunmuş, sonra Gəncə şəhərində yerləşən “Şans” sağlamlıq klinikasına getmiş və ümumi müayinədən keçmişdir. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Hadisə onun, arxa istiqamətində baş verdiyindən o, hadisənin necə baş verdiyini görməmişdir. Onun üçün təhlükə “Mercedes-Benz minik” markalı avtomobilin onun idarə etdiyi “Kia Rio minik" markalı avtomobilin arxa hissəsinə dəydiyi andan yaranmışdır. Hadisənin baş verməsi nəticəsində ona məxsus “Kia Rio minik” markalı **- CB-*** d.q.n.n-lı avtomobil deformasiyaya uğradığından yararsız vəziyyətdədir, həmin avtomobili xx.xx.2020-ci il tarixdə 11000 manata almışdır. Araşdırma zamanı xx.xx.2020-ci il tarixdə alınmış Məhkəmə Tibb Ekspertizasının xx.xx.2020-ci il tarixli 994 nömrəli, 1354 saylı ekspert rəyindən məlum olmuşdur ki, İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthində V qabırğanın yerdəyişməyən sınığı, sağ bazu nahiyəsinin əzilmiş yarası-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2020ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 8-1599 nömrəli Məhkəmə ekspertizasının rəyindən görünür ki: 1-2. Tsuzu Bogdan markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh1 hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-4. Mercedes-Benz markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tədqiq olunan şəraitdə “X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş, sürücünün hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə olan halda qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücülər Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığı üçün onların barəsində cinayət işinin başlanması qeyd edilən əsasa görə rədd edilmişdir. Lakin, sürücü Cavabdeh1 “X4” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, sürücü Cavabdeh2 isə “X4” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsininn 2-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdikləri üçün onların barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Gəncə şəhər BPİ-nİn DYPŞ-nə göndərilmişdir. Bundan başqa Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin şifahi müraciəti ilə Yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Kia Rio minik” markalı, **-CB-*** d.q.n.n-lı avtomobilin dəymiş ziyanı və avtomobilin təmir işləri aparılması üçün başa gələcək maddi ziyan hesablanmış və Gəncə “xxxx” Müəssisəsi tərəfindən ona məxsus “Kia Rio minik” markalı **-CB-*** d.q,n.n-ı avtomobilinə xx.xx.2020-ci il tarixli № 89 nömrəli Akt-Rəyinə görə 43 adda ehtiyyat hissələri üçün dəymiş zərər 8538 manat, akt-rəy hazırlamaq xidmət haqqı 170 manat hesablanmışdır. Akt-Rəyin xüsusi qeyd hissəsində göstərilmişdir ki, bu model Aktın istehsalı dayandırıldığından onlara Ehtiyyat hissələrinin istehsalı modernləşməyə getdiyindən, detalları çətin tapılır və Sifarişlə gətirilir, fərqli və baha avtomobil sökülərkən, əlavə xırda xərclər də çıxa bilər bunlar da nəzərə alınmalıdır. Bundan başqa o, idarə etdiyi “Kia Rio minik” markalı, **-CB-*** d.q.n.n-lı avtomobilini evakuator ilə Gəncə şəhər BPİ-nini DYPŞ-nin həyətinə saxlanc yerinə evakuator ilə apardığı üçün 35 manat xərc çəkmişdir. Eyni zamanda iddaçı idarə etdiyi “Kia Rio minik” markalı, **-CB-*** d.q.n.n-lı avtomobili ilə hər gün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin verdiyi (VÖEN **********) Taksi ilə sərnişindaşıma fəaliyyət göstərən avtonəqliyyat vasitələri üçün “Fərqlənmə nişanı” (seriya DMV 000897) ilə vergi ödəyicisi olaraq, taksi sürücüsü kimi fəaliyyət göstərir və hər günə 20 manat gəlir əldə edirdi. Lakin, xx.xx.2020-ci il tarixdə Gəncə şəhərinə “Fərqlənmə Nişanının” müddətini artırmaq üçün gedən vaxt cavabdehlərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Kia Rio minik” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin istifadə olunmaya yararsız vəziyyətə düşməsindən, avtomobili bügünə kimi təmir etdirə bilmədiyindən 20 manat real gəlirindən məhrum olunmuşdur. Artıq 3 aydır ki, taksi və sərnişin daşınma fəaliyyəti ilə məşğul ola bilmir və işləmir, yəqin ki, avtomobilin təmiri də bir ay çəkəcəkdir və real gəliri də əldən çıxacaqdır. Ona görə də cavabdehlərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əlavə olaraq ona 1800 manat pul ödəməlidir. Bundan başqa iddia ərizəsinə görə 30 manat dövlət rüsumu da ödəmişdir. “Kia Rio minik” markalı 57-CB- 523 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili icbari qaydada sığortalanmasına baxmayaraq cavabdehlərin sığortalanmadan qanuna müvafiq olaraq ona veriləcək sığorta pulunu ala bilmədiyindən, cavabdehlərdən ona vurmuş olduğu maddi zərəri ödəməsini tələb etsə də o, “ürəyin hara istəyir şikayət edə bilərsən, ona heç bir maddi ziyan ödəməyəcəyini bildirib, bundan imtina etmişlər. Belə ki, Cavabdeh1 idarə etdiyi “İsuzu Boqdan” markalı, **-AE-*** d.q.n.n-lı avtobus “Ata Sığorta” şirkətində və Cavabdeh2 idarə etdiyi “Mercedes-Benz E 270 minik” markalı **-UJ-*** d.q.n,n-lı avtomobili isə “Xalq Sığorta” şirkətində sığortalanmışdır, eyni zamanda cavabdehlərdən Cavabdeh1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli İnzibati haqqında qərarı ilə Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh2 isə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3-(095)-56/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan və 000897 nömrəli “Fərqlənmə nişanı”nın surətindən görünür ki, İddiaçı “Kia Rio minik” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət rüsumu ödəyərək taksi fəaliyyəti göstərir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd edilən yol-nəqliyat hadisəsi faktı üzrə “İsuzu Boqdan avtobus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 və “Mercedes Benz E270” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 tərəfindən “X4” Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələbləri pozulduğuna və Cavabdeh2 tərəfindən “X4” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə onların barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-614/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 3-1(095)-56/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat məbləğində cərimə olunmuşdur. İş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Gəncə “xxxx Müəssisəsi” tərəfindən verilmiş rəy və mədaxil qəbzdən görünür ki, «KİA RİO» markalı **-CB-*** dövlət nömrə nişanlı minik avtomobilə 8538 manat zərər dəymiş, qüsur aktının hazırlaması üçün 170 manat pul ödənilmişdir. İş materiallarında olan qəbzlərdən və hesabdan çıxarışın surətindən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 4269 manat və tibbi sığorta üzrə 750 manat manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı ona məxsus avtomobilə vurulmuş maddi zərərə görə 3019 manat ödəniş edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan «İsuzu Boqdan» markalı, **-AE-*** dövlət nömrə nişanlı minik avtomobil və digər Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes-Benz E270» minik markalı, **-UJ-*** dövlət nömrə nişanlı minik avtomobil ilə toqquşmuş, sonuncu idarəetməni itirərək iddiaçının idarə etdiyi “KİA RİO” minik markalı **-CB-*** nömrəli avtomobilə çırpılmış və nəticədə həmin avtomobilə maddi zərər dəymiş və İddiaçı yüngül dərəcəli bədən xəsarətləri almışdır. Qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarlara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli bilinmişlər. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı həm sağlamlığına, həm də “KİA RİO” minik markalı **-CB- *** nömrəli avtomobilinə 8538 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iddiaçı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün 170 manat xərc çəkmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərdən avtomobilinə və sağlamlığına dəymiş zərəri, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üçün çəkdiyi xərcin əvəzini, həmçinin itirilmiş real qazancını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş maddi zərər bilavasitə cavabdehlərin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdehlər tərəfindən törədildiyindən, o, avtomobilinə dəymiş maddi zərərin əvəzini və həmin zərərin müəyyən edilməsinə görə akt hazırlamaq üçün çəkdiyi xərcin əvəzini cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, cavabdehlərdən tutulacaq zərərin məbləğini araşdıraraq qeyd edir ki, İddiaçı iddia tələbində avtomobilinə dəymiş maddi zərərin məbləğini 8538 manat qeyd etsə də, məhkəmə araşdırılması zamanı məlum oldu ki, cavabdehlərin mülki məsuliyyətlərinin sığortalandığı sığortaçılar tərəfindən həmin məbləğin bir qismi iddiaçıya ödənilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən və hesabdan çıxarışdan görünür ki, iddiaçının avtomobilinə dəymiş zərərin 3019,90 manatı “xxxx”QSC vasitəsi ilə, 4269,0 manatı isə “xxxx” ASC vasitəsi ilə iddiaçıya ödənilmişdir. Başqa sözlə, iddiaçının avtomobilinə dəymiş zərərin 7288,90 manat hissəsi cavabdehlərin mülki məsuliyyətinin sığortalandığı sığortaçılar tərəfindən ona ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı avtomobilinə dəymiş maddi zərərin qalan məbləği, yəni 1249,10 manat (8538-7288,90) pul və zərərin müəyyən edilməsinə görə akt hazırlamaq üçün çəkdiyi 170 manat xərcin əvəzi olmaqla, cəmi 1419,10 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın – itirilmiş real qazanca görə 3000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olduğunu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə zərər dəydiyinə görə uzun müddət taksi fəaliyyəti ilə məşğul ola bilmədiyini əsas gətirərək, əldən çıxmış fayda kimi ona 3000 manat zərər dəydiyini bildirsə də, o, taksi fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri barədə, eləcə də bu müddət ərzində işləyə bilmədiyinə görə həqiqətən 3000 manat gəlir əldə edəcəyinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iddianın hadisə zamanı sağlamlığa dəymiş zərərin əvəzi kimi 2000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarından baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı yüngül bədən xəsarətləri alması, həmçinin iddiaçıya “xxxx” ASC vasitəsi ilə 750 manat tibbi sığorta pulu ödənildiyi aydın olur. İddiaçı isə iddia tələbində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun sağlamlığına 2000 manat məbləğində zərər dəydiyini göstərmiş, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1419,10 manat (min dörd yüz on doqquz manat on qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-638/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-638/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver