Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-640/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh minov Eltun Sahib oğluna qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia qaldıraraq,cavabdehlə aralarında bağlanmış 11.082021-ci il tarixli, 10870 saylı kredit müqaviləsinin lğv edilməsi və həmin müqavilə üzrə yaranmış 1977 manat əsas, 237 manat fazi və 356 manat dəbbə pulu, cəmi 2570 manat məbləğində kredit borcunun və ödənilmiş 45,70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs olaraq sahibkarlıq-lombard fəaliyyəti ilə (VÖEN **********) məşğul olur. Onunla cavabdeh arasında 11.08.2021-ci il tarixli, 10870 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə illik 54 faizlə 4300 manat məbləğində kredit verilmişdir. Kreditin aylıq ödənişi 353,6 manat təşkil etmişdir. Cavabdeh “YK Kredo Lombard”a likvid qiyməti 428,40 manat olan 1 ədəd komplekt, 116,70 manat olan 1 ədəd üzük və likvid qiyməti 982,80 manat 3 ədəd qolbaqdan ibarət, cəmi 1527,90 manat dəyərində qızıl-zinət əşyası girov qoyulmuşdur. 11.10.2021-ci ildə yenidən ödəmə cədvəli tərtib olunmuş, cavabdehə yenidən 1977 manat məbləğində kredit verilmişdir. Dəfələrlə cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də o borcunu ödəməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozmuş, və öhdliklərini yerinə yetirməmişdir. Cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin, kredit borcunun ödənilmə üsulu prosesində cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 şahid qismində ifadə verməyə hazırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehlə tanışlıq əlaqələri olduğundan girov məbləğində yüksək pul vermiş, girova qoyulmuş qızıl-zinət əşyaları kreditin ümumi məbləğindən az olduğundan, yəni cavabdehin borcunu qarşılamadığından hazırda həmin borcu tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş fiziki şəxs İddiaçı (lombard) ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 10870 nömrəli kredit müqailəsindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə illik 54 faiz dərəcə ilə 4300 manat məbləğində anutet qrafik əsasında kredit vermişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalan kreditə hesablanmış faizləri və ya krediti vaxtında lombarda ödəmədiyi halda əvvəlcədən xəbərdarlıq etməklə 10 günədək vaxt verir, əlavə olaraq gecikdirilmiş məbləğə 8 faiz cərimə hesablanır. Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit qaytarılmazsa girov lombardın mülkiyyətinə keçir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 1977 manat məbləğində kreditin 24 ay müddətində-11 noyabr 2021-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək aylıq 136,39 manat məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil aktından görünür ki, 1 ədəd komplektin likvid dəyəri 428,40 manat, 1 ədəd üzüyün likvid dəyəri 116,70 manat və 3 ədəd qolbağın likvid dəyəri 982,80 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında 25 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh borcun təminatı olaraq 11.08.2021-ci il tarixli kredit və girov müqaviləsi üzrə 25.10.2021-ci il tarixdə qiymətləndirici X4 5 adda qızıl-zinət əşyalarından 1 ədəd komplekti 768 manat dəyərində, 1 ədəd üzüyü 210 manat dəyərində, çəkisi 14,30 qram olan 1 ədəd qolbağı 765 manat dəyərində, çəkisi 4,50 qram olan 1 ədəd qolbağı 240 manat dəyərində və çəkisi 13,95 qram olan 1 ədəd qolbağı 617 manat dəyərində yenidən qiymətləndirmişdir. Satışdan əldə olunan vəsait kredit borcunun bir qisminin ödənilməsinə yönəldilmiş və Cavabdeh qalan borcun ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət istiqaməti lombard fəaliyyətidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı ilə cavabdeh arasında lombard girovu müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan 4300 manat kredit almışdır. Cavabdeh kredit borcunun qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsait hesabına kredit borcunun bir qismi ödənilmiş, 1977 manat əsas borc, 237 manat faiz borcu isə qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir; 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir; 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Göründüyü kimi lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Buna görə də iddia əsasız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-640/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-640/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver