Məhkəmə qərarları › İş №2(043)-653/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-653/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-653/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialına və X1 qarşı “kreditin təminatı kimi girov qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsinə” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialına və X1 qarşı “kreditin təminatı kimi girova qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC Gəncə filialına girov qoyulmuş dəyəri 5800 manat olan qızıl əşyalarının mənimlə bank arasında xx xxxxxx 2008-ci il tarixli, 03/k 0336 saylı kredit müqaviləsi üzrə kreditin təminatı kimi girova qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, cavabdehləri dairəsi düzgün müəyyən edilməmiş və onların hər birinə yönələn tələb göstərilməmişdir. Belə ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə filialına girov qoyulmuş dəyəri 5800 manat olan qızıl əşyalarının onunla bank arasında xx xxxxxx 2008-ci il tarixli, 03/k 0336 saylı kredit müqaviləsi üzrə kreditin təminatı kimi girova qoyulmuş 5800 manat dəyərində qızıl əşyalarının kreditin silinməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, kredit müqaviləsini mübahisələndirmiş və qanunsuz olması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı cavabdeh X1 yönələn tələbini iddia ərizəsində əsaslandırmamaqla yanaşı ona yönələn tələbini göstərməmişdir. Bununla da tələbin X1 yönəlməsini müəyyən etmək mümkün deyil. Bundan əlavə iddiaçı ərizədə cavabdeh olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialını və ünvanını göstərməklə qanunvericiliyin tələbinə əməl etməmişdir. Belə ki, filial ayrıca hüquqi şəxs deyildir, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Elektron məhkəmə sisteminin vergi ödəyicilərinin məlumatından görünür ki, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Müzəffər Nərimanov, ev, məhəllə 2054-dür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialına və X1 qarşı “kreditin təminatı kimi girov qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsinə” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar