Məhkəmə qərarları › İş №2(043)-662/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-662/2020

29.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-662/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) x1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin dəyişdirilərək qazancın dörddə bir hissəsi məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehden 10.01.2004cü il tarixdə anadan olmuş uşaqlarıx3 saxlanmasıüçünhər ay tutulmalı olan bir uşağa görə 100 manat miqdarının dəyişdirilərək cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x4 iddianı müdafiə edərək göstərdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 oktyabr 2016-ci tarixli qətnaməsi ilə cavabdehdən 01.03.2001-ci ildə anadan olmuş x5 və 10.01.2004-cü ildə anadan olmuş x2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda 01.03.2001-ci ildə anadan olmuş x6 artıq 18 yaşına çatmışdır. Digər uşaq Məleykə yetkinlik yaşına çatmamışdır. Cavabdeh N saylı hərbi hissədə baş gizir vəzifəsində xidmət edir. Hazırda 100 manat aliment uşağın tələbatını ödəmir. Cavabdeh 100 manat alimentdən başqa uşaqları Məleykənin saxlanması üçün maddi köməklik etmir. Həmin vəsaitlə uşaqların saxlanılmasını təmin etmək mümkün deyildir. Keçən müddət ərzində həm uşaqların tələbatı, həm də ölkədə yaşayış minimumu artmışdır. Tutulan məbləğ bir uşağın saxlanılması, onun geyim və qidalanmasının tam və keyfiyyətli təmin etmək üçün çox azdır.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, hər ay 150 manat aliment verməyə maddi imkanı çatdığını göstərərək iddianın qismən 150 manat sabit pulməbləğində təmin olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 oktyabr 2016cı il tarixli, 2(043)-7287/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 01.03.2001-ci təvəllüdlü x5 və 10.01.2004-cü il təvəllüdlü x3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir; AZ-İ 483757 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10.01.2004-cü ildə Məleykə adlı uşaqları anadan olmuşdur. GEO 18AA59984 nömrəli pasportun surətindən görünür ki, İddiaçı 08.03.1981-ci ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 oktyabr 2016-ci tarixli qətnaməsi ilə cavabdehdən 01.03.2001 -ci il tarixdə anadan olmuş uşaqları x5 və 10.01.2004-cü il tarixdə anadan olmuş x2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda 01.03.2001-ci ildə anadan olmuş uşaqları x6 artıq 18 yaşına çatmışdır. Məleykənin saxlanması üçün 100 manat yetərli olmadığından və cavabdeh 100 manat alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək, hər ay 150 manat aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «x8» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «x8» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 10.01.2004-cü ildə anadan olmuş x3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(043)-7287/2016 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. 10.01.2004-cü ildə anadan olmuş x3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(043)- 7287/2016 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar