Məhkəmə qərarları › İş №2(043)-668/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-668/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-668/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı Gəncə şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Gəncə şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə onun dəyəri olan 1345,03 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri, mobil nəzarət qurğusunun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh elektron nəzarət qurğusunun enerji yığan hissəsinin sındığı və buna görə də enerji yığmadığı müəyyən edilmişdir. Məhkum verdiyi izahatda ona təhvil verilmiş mobil nəzarət qurğusunun enerji yığan hissəsinə müdaxilə etdiyini və nəticədə həmin hissənin sınaraq yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1345,03 manat təşkil edir. Məhkum Cavabdeh təklif olunsa da, o, vurulmuş ziyanı könüllü ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 1(062)-14/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh ayağına sadə elektron qolbaq bağlanılmış, 3 ədəd ev siqnal ötürücü, 1 ədəd mobil nəzarət qurğusu və adapter ona təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron nəzarət vasitəsinin dəyərinin elan edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli digər protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, mobil nəzarət qurğusu xüsusi proqram təminati ilə birlikdə dəyəri 1346,03 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. İş materiallarında olan “Elektron nəzarət vasitəsinin təhvil götürülməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh təqdim edilmiş 1 ədəd elektron nəzarət vasitəsinin enerji yığan hissəsi müdaxilə nəticəsində sındığı üçün həmin vəsitənin dəyərini müəyyən etmək məqsədilə məhkumdan təhvil götürülmüşdür. İş materiallarında olan Cavabdeh Gəncə şəhər Probasiya şöbəsində verdiyi izahatından görünür ki, o, nəzarət qurğusunu enerjiyə qoyanda oradakı hissəyə müdaxilə etdiyini və bundan sonra mobil qurğunun enerji yığmadığını və bu barədə icra məmuruna məlumat vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manat manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalardan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, əksinə ona müdaxilə etmiş və nəticədə mobil nəzarət qurğusunu zədələmiş və bununla maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 500 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1345,03 manat (min üç yüz qırx beş manat üç qəpik) pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar