Məhkəmə qərarları › İş №2(043)-677/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-677/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-677/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ondan nisyə aldığı mallara görə cəmi 39119 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 39149 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi rəfiqələri vasitəsi ilə tanımışdır. Cavabdeh ondan nisyə mal alıb sonra pulunu verəcəyini vəd etmişdir. Lakin aldığı maldan cəmi bir dəfə 190 manat pul ödəmişdir. Cavabdeh ondan ümumi dəyəri 39309 manat olan malı nisyə götürmüş və pulunu ödəməmişdir. Cavabdeh 39309 manat puldan 190 manatını ödədikdən sonra ona cəmi 39119 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə borcunu qaytarmasını bildirsə də borcunu qaytarmamışdır. Ona görə də məcbur olub həmin borcu məhkəmə qaydasında tələb etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin xüussi notariusu tərəfindən təsdiq edilmiş 8İ-2971 reyestr nömrəli, xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan İddiaçı təxminən mart ayının 5-i tairxində geyim və məişət əşyaları aldığını, mart ayının 18-də malların pulundan 190 manatı qaytardığını və yeni mallar götürdüyünü Vəfaya ümumi borcunun 39119 manat olduğunu və həmin borcu qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və cavabdeh tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 39309 manat dəyərində geyim və məişət əşyalarını nisyə qaydada satmışdır. Daha sonra cavabdeh həmin borcdan 190 manatını ödəmiş və onun iddiaçıya cəmi 39119 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcun qalan hissəsini ödəməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də cavabdehdən 39119 manat pul alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 39119 (otuz doqquz min yüz on doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz manat) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar