Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-711/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1355 manat ödənilməmiş məbləğ, 253 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 643 manat ödənilməmiş məbləğ, 189 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 2440 (iki min dörd yüz qırx) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını və iddia tələbləri üzrə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********01320 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu **********41079 olan Samsung Galaxy A10 markalı telefon və Hoffmann Led markalı televizor və xx.xx.2019-cu il tarixli müqavilə üzrə Electrolux markalı paltaryuyan satmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1355 manat ödənilməmiş məbləğ, 253 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 643 manat ödənilməmiş məbləğ, 189 manat cərimə olmaqla, hər iki müqavilə üzrə, cəmi 2440 (iki min dörd yüz qırx) manat borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə aralarnda bağlanmış nisyə alqı- satqı müqaviləsi üzrə iddiaçıdan 2 ədəd Samsung Galaxy A10 markalı telefon, Hoffmann Led markalı televizor və xx.xx.2019-cu il tarixli müqavilə üzrə Electrolux markalı paltaryuyan almışdır. Lakin maddi vəziyyətinin pisləşməsi səbəbindən borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini və dəbbə pulunun yüksək hesablandığını göstərərək azaldılmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 00922755 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hər ay 94 manat olmaqla 20 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 2 ədəd Samsung Galaxy A10 markalı telefon və Hoffmann Led markalı televizor almışdır. xx.xx.2019-cu il tarixli, 01096796 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən hər ay 70 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Electrolux markalı paltaryuyan almışdır. xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 00922755 nömrəli müqavilə üzrə 1355 manat ödənilməmiş məbləğ, 253 manat cərimə, xx.xx.2019-cu il tarixli, 01096796 nömrəli müqavilə üzrə 643 manat ödənilməmiş məbləğ, 189 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 2440 (iki min dörd yüz qırx) manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 00922755 nömrəli müqavilə üzrə tutulmalı olan 253 manat cərimə məbləği azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli, 01096796 nömrəli müqavilə üzrə tutulmalı olan 189 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli, 00922755 nömrəli müqavilə üzrə 1355 manat ödənilməmiş məbləğ 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 01096796 nömrəli müqavilə üzrə 643 manat ödənilməmiş məbləğ 10 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 2018 (iki min on səkkiz) manat pul cavabdehdən alınaraq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00922755 nömrəli müqavilə üzrə 1355 manat ödənilməmiş məbləğ 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 01096796 nömrəli müqavilə üzrə 643 manat ödənilməmiş məbləğ 10 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 2018 (iki min on səkkiz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-711/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-711/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver