Məhkəmə qərarları › İş №2(043)-723/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-723/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-723/2021 29.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı «Atasığorta» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul vəsaitinin tutulması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı «Atasığorta» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1935 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini öyrənərkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdehin sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə 1935 manat sığorta ödənişi ödənilmişdir. Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən ona geriyə tələb (subroqasiya) məktubu göndərilərək müvafiq sığorta ödənişi məbləği tələb olunsa da cavabdeh həmin məbləği ödəməmişdir. Göründüyü kimi iddiaçının tələbində 1935 manat sığorta ödənişi məbləği ilə yanaşı 500 manat işlərin görülməsi xərcləri tələb olunsa da iddia ərizəsində bu tələbin əsasları göstərilməmişdir. Nə iddia ərizəsindən, nə də əlavə edilmiş sənədlərdən həmin tələbin hansı əsasa söykəndiyini müəyyən etmək mümkün deyildir. İddia ərizəsinin məzmununa dair tələblərdən biri də iddiaçının öz tələblərini əsasalndırdığı halların iddia ərizəsində göstərilməsidir. Bu tələbə riayət olunmaması iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı «Atasığorta» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul vəsaitinin tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar