Məhkəmə qərarları › İş №2(043)-728/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-728/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-728/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh Qurbanova Səmra (Gülnara) Asif qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10646,62 manat kredit borcu, 1585,55 manat faiz, 2245,7 manat cərimə olmaqla, ümumilikdə cəmi 14477,87 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviəsinə əsasən aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2353,38 manat ödəniş etmiş və onun iddiaçıya 10646,62 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfinin onun tam qaytarlmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kiçi hesablanır. Qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixə 211 gün üçün hüsablanmış faiz borcu 1585,55 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2245,7 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdürlər. Onlar həmin zaminlik müqavilələrinin 1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Beləliklə iddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qurbanova Səmra (Gülnara) Asif qızı izahatında göstərdi ki, o, adını dəyişdirdiyi üçün hazırda elektron resurslarda adı Səmra qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsini dəyişdirmədiyi üçün şəxsiyyət vəsiqəsindəki adı Gülnaradır. O, İddiaçı QSC ilə müqavilə bağlayaraq 13000 manat məbləğində kredit almışdır. Digər cavabdehlər isə ona zamin olmuşdur. Gəncə ASAN Xidmət mərkəzində işləyir. Pandemiya və müharibə ilə əlaqədar olaraq onlara mütəmadi ödənilən əlavələr verilməmişdir. Buna görə də kredit borcunun ödənilməsində gecikmələr yaranmışdır. Hazırda borcunu danmır, lakin ödəmək üçün kifayət qədər maddi imkanı yoxdur. Eyni zamanda borcunu üzrlü səbəbdən gecikdirsə də hesablanmış dəbbə pulu məbləği çox yüksəkdir. Ona görə də dəbbə pulu məbləğinin azaldılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 36 ay müddətinə, aylıq 2,0833 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 006G**********01 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 006G**********01 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-yə 10646,62 manat məbləğində əsas kredit borcu, 1585,55 manat məbləğində faiz borcu və 2245,7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14477,87 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470-cı maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi və kredit razılaşması bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh2 və Cavabdeh3 öhdəliyin icra edilməsi üçün məsuliyyəti üzərlərinə götürdüklərindən onlar Cavabdeh1 ilə həmin müqavilənin icra olunması üçün birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borcu məbləğlərinin cavabdehlərdən tam həcmdə tutulmasını əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə tərəflərin mənafelərini, o cümlədən iddiaçının əmlak mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 2245,7 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10646,62 məbləğində əsas kredit borcu, 1585,55 manat məbləğində faiz borcu və 200 manat məbləğində dəbbə pulu borcu tutularaq ümumilikdə 12432,17 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Qurbanova Səmra (Gülnara) Asif qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsi üzrə 10646,62 məbləğində əsas kredit borcu, 1585,55 manat məbləğində faiz borcu və 200 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 12432,17 (on iki min dörd yüz otuz iki tam yüzdə on yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamənin qəbul edildiyi gündən bir ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar