Məhkəmə qərarları › İş №2(043)-741/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-741/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-741/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0050/013 saylı, 07 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1208,24 manat əsas borc, 58,30 manat faiz borcu və 903,76 manat dəbbə pulu olmaqla, ümumilikdə 2170,30 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə 07 noyabr 2019-cu il tarixdə bağladığı 0050/013 saylı kredit müqaviləsi əsasında illik 1 faizlə 05 il müddətinə 1208,24 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 1208,24 manat əsas, 58,30 manat faiz və 903,76 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restrukrizasiya edilmiş və cavabdehlə hazırki müqavilə bağlanmışdır. Buna baxmayaraq cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini icra etməkdən qəsdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatınınn nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 0050/013 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 05 il müddətinə 1208,24 manat məbləğində kredit verilmişdir. Müqavilələrin 5.2 bəndində göstərilir ki, bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarında Müqavilə üzrə restruktirizasiya edilən kredit borcunun gecikdirilmiş əsas məbləği üzrə 05 il müddətinə 0,1%-indən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 16.12.2021-ci il tarixə 07 noyabr 2019-cu il tarixli 0050/013 saylı kredit müqaviləsi üzrə 1208,24 manat əsas borc, 58,30 manat faiz borcu, 903,76 manat penya borcu, cəmi 2170,30 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilələrin şərtlərinə əsasən borc alan alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə dövri olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə penya hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği müqavilə şərtlərinə uyğun deyildir. Belə ki, gecikmə günlərinin sayından asılı olmayaraq iddiaçının 1208,24 manat kredit qalığı üçün tələb edə biləcəyi maksimal məbləğ həmin məbləğin 0,1 faizindən, yəni 1,20 manatdan artıq ola bilməz. Buna görə də məhkəmə cavabdehdən 0050/013 saylı müqavilə üzrə 1,20 manat dəbbə pulunun tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 0050/013 kredit müqaviləsinə əsasən cavabdehdən 1208,24 manat əsas borc, 58,30 manat faiz borcu və 1,20 manat dəbbə pulu olmaqla, cəmi 1267,74 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 0050/013 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1208,24 manat əsas borc, 58,30 manat faiz borcu və 1,20 manat dəbbə pulu olmaqla, cəmi 1267,74 manat (bir min iki yüz altmış yeddi manat yetmiş dörd) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar