Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-754/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 1000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 oğlu yaşadığı evin yanında ət dükanı açmış, o da hərdən həmin dükandan ət almışdır. 15 mart 2011-ci il tarixdə ət almaq məqsədilə dükana getmiş, lakin dükanda ət olmamışdır. Səbəbini soruşanda isə cavabdeh nisyə alqı-satqı etdiyindən pulu olmadığını və ət ala bilmədiyini bildirmişdir. Cavabdeh ondan 1000 manat borc pul verməsini xahiş etmiş və razılaşmışlar ki, cavabdeh hərdən ona 1 kiloqram pay olaraq ət verəcək və borcunu hissə-hissə ödəyəcəkdir. O, həmin gün cavabdehə 1000 manat məbləğində borc pul vermiş, danışdıları kimi cavabdeh də ona hərdən ona 1 kiloqram ət pay vermiş, lakin borc aldığı puldan indiyədək qaytarmamışdır. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh onu aldadır və bugünədək pulunu qaytarmır. Ona görə də pulunu məhkəmə qaydası ilə tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsini tələb etsə də, cavabdeh iddiaçının pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X4 oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan heç vaxt borc pul istəməmiş və yaxud da almamışdır. İddiaçı ona demişdir ki, onunla birikdə işləyən Mahir adlı işçiyə borc pul vermişdir. Əgər iddiaçı kiməsə borc veribsə gedib borcunu həmin şəxsdən tələb etsin. İddiaçı dəfələrlə ona zəng edərək Mahirin soyadını soruşmuşdur. Məqsədi də Mahiri məhkəməyə vermək olmuşdur. Hazırda iddiaçının onu nəyə görə məhkəməyə verdiyini və ondan pul tələb etdiyini başa düşmür. İddianı tamamilə əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə 1000 manat məbləğində pul verdiyini iddia etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normaların tələbi baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. İddiaçı isə cavabdehlə aralarında yazılı və ya şifahi borc müqaviləsinin olmasını sübuta yetirə bilməmişdir. Buna görə də iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-754/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-754/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver