Məhkəmə qərarları › İş №2(043)-759/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-759/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-759/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 4774 manat pulu və dövlət rüsumu kimi ödədiyi 65,41 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, öz gündəlik tələbatını ödəmək üçün yaşadığı ünvanda qızıl-zinət əşyaları alıb-satır. Cavabdehi 2 ildir ki, tanıyır. Cavabdehlə tanış olduqdan sonra cavabdeh, mütəmadi olaraq ondan qızıl-zinət əşyaları və qab-qacaq alıb satmışdır. Son 1 il ərzində Nilüfər ondan ümumilikdə 20000 manat dəyərində qızıl-zinət əşyaları nisyə almışdır. Həmin puldan Nilufər 11556 manatını ödəmişdir. Buna görə onun əvvəlcə ona 8444 manat borcu qalmışdır. Lakin sonradan Nilufər ayrı-ayrı vaxtlarda ona 690 manat, 710 və 100 manat verdiyindən onun 6944 manat borcu qalmışdır. Cavabdeh ona qalan 6944 manat borcunu ödəmədiyinə görə 2021-ci ilin noyabr ayında Gəncə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Onun müraciəti əsasında Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı tərəfindən araşdırma aparılaraq, onların hər ikisinin izahatları alınmışdır. Cavabdeh həmin vaxt ona həqiqətən də nisyə aldığı qızıl-zinət əşyalarına görə 6944 manat borcu qaldığını etiraf etmişdir. Həmin məbləğ texniki səhvə yol verilməklə cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında qərarda 6444 manat kimi göstərilmişdir. Lakin Nilufər də, o da, hətta Nilufərin atası İbrahim Məmmədov da borc məbləğinin 6944 manat olduğunu bilirlər. O, şikayət etdikdən sonra, 2021-ci ilin dekabr ayında Nilufər ona borcunun bir qisminin əvəzi olaraq 2170 manat dəyərində qızılzinət əşyası vermiş, bundan sonra Nilufərin ona 4774 manat borcu qalmışdır. Hazırda Nilufər borcunu yenə də ödəmir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müaciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sonuncu dəfə o, cavabdehə iki dəfə qızıl-zinət əşyası satmışdır. Bunlardan birində o, 583 əyarlı 27,70 qram olan qızılın, qramını 100 manatdan hesablamaqla cavabdehə satmış, cavabdeh həmin qızıl dəyərinin 600 manat hissəsini ilkin ödəniş etmiş, qalan məbləği isə hər ay 200 manat ödəmək şərti ilə almışdır. Cavabdehə satdığı digər qızıl isə 750 əyarlı 36,80 qram olmuşdur və həmin qızılın qramını 150 manatdan cavabdehə satmışdır. Sonradan cavabdehin atası həmin qızılın əvəzi kimi ona 750 əyarlı 37,19 qram qızıl gətirib vermiş, o da satdığı qızılın əvəzi kimi onu qəbul etmişdir. Lakin, sonradan müəyyən etmişdir ki, cavabdehin atasının ona verdiyi qızılın dəyəri çox aşağıdır. Bu səbəbdən o, həmin qızılı başqa bir şəxsə 2194 manat müqabilində satmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, tərəflər arasında əldə edilmiş razılaşmalara əsasən qızıl-zinət əşyalarının alqı-satqısı baş tutmuşdur. Cavabdeh iddiaçıdan aldığı qızıl-zinət əşyalarının məbləğinin bir hissəsini ödəsə də qalan məbləğini ödəyə bilmədiyindən, cavabdehin atası tərəfindən iddiaçıya 2021-ci ilin dekabr ayında 36,80 qamlıq qızıl-zinət əşyasının əvəzinə 37,19 qram 750 əyarlı verilmiş, bununla da həmin qızıl-zinət əşyasına münasibətdə cavabdeh tərəfindən öhdəlik icra olunmuşdur. Cavabdeh 27.70 qramlıq qızıl-zinət əşyası üçün isə sadəcə 600 manat ödəniş etmişdir, bu səbəbdən cavabdehin iddiaçıya olan borcu həmin qızıl zinət əşyasının ödənilməmiş qalan hissəsindən ibarətdir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, o, İddiaçı tanıyır. Nuranə ondan qızıl-zinət əşyası almışdır. Daha sonra həmin qızılı ona geri qaytarmaq istədikdə, o özünün verdiyi qızıl əşyası olmadığı, eyni zamanda onun satdığı daha qızıl daha baha olduğu üçün geri götürməmişdir. Həmin vaxt Nuranə qızılı satdığı şəxsdən pulunu ala bilmədiyi üçün bu qızılı onun əvəzinə götürdüyünü bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o qızıl-zinət əşylarının alqısatqısı ilə məşğul olur. Bir dəfə Nuranə xanım ona qolbağ gətirmiş və onu almasını xahiş etmişdir. O, həmin qolbağı qramı 59 manat olmaqla, ümumilikdə 2194 manata Nuranə xanımdan almışdır. İş materiallarında olan 07.07.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 27,70 qram, 583 əyyar olan rus qızılını qramı 100 manatdan almış, 600 manat ilkin ödəniş etmiş, qalan məbləği isə hər ay 200 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. X1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21.11.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında, onun və şikayətçi olduğu Cavabdeh izahatları alınmış, həmin izahatlarda görünür ki, onlar arasında ümumilikdə 20000 manat dəyərində olan qızıl-zinət əşyalarının nisyə alqı-satqına dair razılaşma olmuşdur. Hazırda həmin razılaşmaya görə Cavabdeh İddiaçı 6444 manat borcu qalmaqdadır. Toplanmış material üzrə cinayət hadisəsi olmadığından Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 19.12.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı bildirmişdir ki, Nülufərin atası Məmmədov İbrahim Hicran oğlundan Nilufərin ona verəcəyi 36,80 qram 750 əyyarlı qızılın əvəzinə 37,19 qram 750 əyyarlı bilərzik sırğanı almışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında iki dəfə ayrı-ayrı vaxtda qızıl-zinət əşyalarına dair şifahi formada nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrdən birinə əsasən iddiaçı cavabdehə 27,70 qram 583 əyyarlı qızıl-zinət əşyasını qramını 100 manatdan satmış, cavabdeh isə 600 manat ilkin ödəniş etməklə, qalan məbləği hər ay 200 manat ödəniş etməklə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən daha sonra heç bir ödəniş edilməmişdir. Digər müqaviləyə əsasən isə iddiaçı 36,80 qram 750 əyyarlı qızılı cavabdehə satmışdır. Bundan sonra 19.12.2021-ci il tarixdə cavabdehin atası İbrahim Məmmədov satılmış qızılın əvəzi kimi 750 əyarlı 37,19 qram qızıl-zinət əşyasını iddiaçıya vermiş, iddiaçı isə həmin qızılı satılmış qızılın əvəzi kimi qəbul etmişdir. Hazırda iddiaçı, birinci müqavilə əsasında ödənilməmiş qalan məbləği, eyni zamanda ikinci müqavilə əsasında satdığı qızılın əvəzinə qəbul etdiyi qızılı daha ucuz qiymətə sataraq, qalan məbləği cavabdehdən tələb edir. Məhkəmə iclasında hər iki tərəfin izahatı ilə təsdiq olunur ki, tərəflər arasında 27,70 qram (qramı 100 manatdan) olan qızılın alqı-satqısı əsasında cavabdeh tərəfindən sadəcə 600 manat ödəniş edilmiş, qalan məbləğ isə ödənilməmiş qalmaqdadır. Bu səbəbdən, iddiaçı cavabdeh tərəfindən qeyd olunan razılaşma əsasında ödənilməmiş qalan 2170 manat pulu tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehə satdığı 36,80 qram qızılın əvəzində cavabehin atasından qəbul etdiyi qızılı satan zaman əldə etdiyi məbləğin cavabdehin borcunu tam şəkildə ödəmədiyini bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, bir halda ki, iddiaçı könüllü olaraq cavabdehin pul öhdəliyinin əvəzi kimi əşya – başqa qızıl əşyası qəbul etmişdir, bu zaman həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəlik icra edilmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.8-ci maddəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə satmış olduğu 750 əyarlı 36,80 qram çəkidə olan qızıl-zinət əşyasının əvəzi kimi cavabdehin atası tərəfindən ona təqdim edilən 750 əyarlı 37,19 qram çəkidə olan qızıl-zinət əşyasını öhdəliyin icrası kimi (peşman haqqı kimi) qəbul etmişdir. Həmin vaxt o, təqdim edilən qızıl-zinət əşyasını qəbul edərkən bunu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində olmuş, öhdəliyi tamamilə qəbul etdiyinə dair cavabdehə sənəd (qəbz) vermişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdeh 750 əyarlı 36,80 qram çəkidə olan qızıl-zinət əşyasının alqısatqısına görə iddiaçı qarşısında olan öhdəliyini tam icra etmişdir. İddiaçının öhdəliyinin icrasının əvəzi kimi ona təqdim edilmiş əşyanı sonradan başqa bir şəxsə ucuz qiymətə satmış olması tərəflər arasında olan hüquqi vəziyyəti dəyişdirmir. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2170 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 29,73 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2170 (iki min yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29,73 manat (iyirmi doqquz manat yetmiş üç qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar