Məhkəmə qərarları › İş №2(043)-778/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-778/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-778/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçın Cavabdeh qarşı “pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh 2.900 manat, eləcə də 2 il üçün əldən çıxmış faydaya görə əldən çıxmış faydanın əvəzi kimi 1.000 manatın və ödənilmiş 30.40 manatın cavabdehdən alınıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, cavabdehi uzun illərdir ki, tanıyır. Aralarında münasibət və etibar olmuşdur. Cavabdeh isə onun etibarından sui-istifadə etməklə ondan gah ailəsi üçün ehtiyac olduğundan, gah da işi üçün ayrı-ayrı vaxtlarda, 2018-ci il daxilində ümumilikdə 3062 manat borc pul almışdır. Bu barədə özü şəxsiyyət vəsiqəsini də verməklə, şahid Ramin Zeynalovun iştirakı ilə yazılı qəbz, akt yazmaqla və imza etməklə, xx.xx.2018-ci il tarixdə təsdiq etmişdir. Həmin puldan get-gəldən sonra 162 manatını qaytarmışdır və pulu bütünlükdə qaytarmağa hər dəfə vəd etsə də, vədinə xilaf çıxmış və onun Turana etdiyi yaxşılıqları unutmuşdur. İnsanın bu qədər nankor olması onu olduqca çox incidir və çox pisinə gəlir. O özü sahibkarlıqla məşğul olur və həmin 2.900 manat pulla onun özü alver edib, pul qazanır. Həmin pulla o aptekdə hər il uçun minimum 400-500 manat arası pul qazanardı. Bu da 2 il ərzində minimum ***-**** manat arası qazanc deməkdir. Hesab edir ki, iddia tələbi tamamilə əsaslıdır və qanuna uyğundur. İddia tələbində heç bir şübhə yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, “İmplus” dərman şirkətində məsul şəxs olmuş, Cavabdeh isə onun yanında qeyri-rəsmi işləmiş, aralarında mal dövriyyəsi olmuşdur. Cavabdehin ondan aldığı malların dəyərini tam olaraq ödəməmiş, uçot aparılan zaman mal əskiyi çıxmış və borcu yaranmışdır. Turanın 2018-ci ildən borcu qalmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh özü əl yazısı ilə heç bir təsir olmadan ona 3062 manat borcu olduğunu etiraf etmiş, həmin borc puldan 162 manat ödəniş etmiş və 2900 manat borcu qalmışdır. Aralarında yalnız borc müqaviləsi olmuşdur. Cavabdehin əmək haqqından 162 manat götürmüş, qalanını isə cavabdehə qaytarmış, qalan borcunu hissə-hissə ödməsini bildirmişdir. Bu səbəbdən o öz əmək haqqından şirkətə olan borcu ödəmiş, cavabdeh bunun müqabilində ona borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, aralarında borc pulun göstərilən vaxtda qaytarılmamasana görə əlavə pulun hesablanacağı barədə razılıqları olmamışdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, onun iddiaçıya yox, “İmplus” şirkətinə borcu olmuşdur. Belə ki, o, əmək müqaviləsi olmadan həmin şirkətə məxsus dərmanları götürüb satmış və əldə etdiyi vəsaitdən öz ehtiyacları üçün xərcləmiş və şirkətə 3062 manat borcu yaranmışdır. İddiaçı müdiriyyətin pulu tələb etdiyini bildirdiyi üçün xx.xx.2018-ci il tarixdə o, öz əl yazısı ilə heç bir təsir olmadan İddiaçı 3062 manat borcu olduğunu etiraf dən qəbz yazıb vermişdir. Bundan sonra ona əməyi müqabilində çatacaq puldan İddiaçı 162 manat hissəsini borcuna görə tutmuş, qalan hissəsini ona qaytarmışdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borc məbləği ilə bağlı “İmplus” şirkəti ondan pul tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, “İmplus” şirkətində “tibbi nümayəndə” vəzifəsində işləyir, iddiaçı və cavabdehi tanıyır. İddiaçı “İmplus” dərman şirkətində məsul şəxsidir, Cavabdeh əmək müqaviləsi olmadan şirkətə məxsus dərmanları götürmüş və borcu yaranmışdır. Şirkətin rəsmi nümayəndəsi İddiaçı yaranmış borcu öz vəsaiti hesabına şirkətə ödəmişdir. Onun yanında aralarında olan razılığa əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə öz əl yazısı ilə heç bir təsir olmadan İddiaçı 3062 manat borcu olduğunu etiraf dən qəbz yazıb vermiş, o həmin sənədi imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 1 il bundan öncə İddiaçı 3062 manat borc pul götürdüyünü, məbləği 2019-cu ildə yanvar və fevral aylarında ödəniş edəcəyini bildirməsi barədə əl yazısı ilə qəbz tərtib etmiş, həmin sənəd Cavabdeh və şahid X1 imzası ilə təsdiq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı “İmplus” dərman şirkətində məsul şəxs olmuş, Cavabdeh isə onun yanında qeyri-rəsmi işləmiş, aralarında mal dövriyyəsi olmuşdur. Cavabdehin şirkətə məxsus aldığı malların dəyərini tam olaraq ödəməmiş, uçot aparılan zaman mal əskiyi çıxmış və 2018-ci il üçün borcu yaranmışdır. Tərəflər arasında olan razılığa əsasən İddiaçı cavabdehin şirkətə yaranmış borcunu öz vəsaiti hesabına şirkətə ödəmiş, xx.xx.2018-ci il tarixdə Cavabdeh özü əl yazısı ilə heç bir təsir olmadan İddiaçı 3062 manat borcu olduğunu etiraf etmiş, bundan sonra cavabdehin əməyi müqabilində çatacaq puldan İddiaçı 162 manat hissəsini borca görə tutmuş, qalan hissəsini cavabdehə qaytarmış, qalan borcunu hissə-hissə ödəməsi barədə razılaşmışlar. Lakin cavabdeh göstərdiyi vaxtda 2900 manat borcunu iddiaçıya ödəmədiyindən, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasından bəhs etmək mümkün deyildir və mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddianın “əldən çıxmış faydanın ödənilməsi” hissəsinin təmin edilməsini mümkün hesab etmir. Belə ki, borc məbləğinin müəyyən edilmiş vaxtda qaytarılmamasına görə əlavə pulun hesablanması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılığın olmasını təsdiq edəcək sübut iş materialların mövcud deyildir və bu hal məhkəmə iclasında müəyyən edilməmiş, tərəflər arasında olan razılıqda borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış faydanın əvəzi 1000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iş üzrə tərəflər arasında borcun etirafı barədə sənəd tərtib edildiyindən və həmin borcun cavabdeh tərəfindən ödənilmədiyin, iddia tələbinin cavabdehdən borc məbləğinin tutulması hissəsi təmin edilməli, Cavabdeh 2900 manat məbləğində borc pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 30.40 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində borc pul və məhkəmə xərci qismində 30.40 (otuz manat qırx qəpik) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar