Məhkəmə qərarları › İş №2(043)-804/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-804/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-804/2022 20.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1200 (bir min iki yüz) manat məbləğində borc verilmiş pulun, 100 (bir yüz) manat telefonun dəyəri, 100 (bir yüz) manat kredit ödənişinə görə ödənilmiş pulun, cavabdeh öz adından "xxxx" MMC lombarda qoyduğu 1 ədəd 585 əyyarlı “Markiz” qadın üzüyü, 1 ədəd 585 əyyarlı gül formasında brilliant qadın üzüyü, 1 ədəd 585 əyyarlı yarpaqlı gül formalı brilliant qadın üzüyü, 1 ədəd 585 əyyarlı sep, 1 ədəd 585 əyyarlı sep və 585 əyyarlı kulonun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh borc olaraq verdiyi 1200 (bir min iki yüz) manat məbləğində pulun və cavabdehin "xxxx" MMC-yə olan borcuna görə ödədiyi 1100 (bir min yüz) manat pulun, cəmi 2300 (iki min üç yüz) manat məbləğində pulun Cavabdeh alınaraq ona veilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh ilə 2020-ci ilin avqust ayından kirayədə qaldıqları Gəncə şəhəri, N.Nərimanov küçəsi, 3-cü döngə, 4-cü binada yaşayarkən tanış olmuşlar. Bir müddət sonra onunla yaxşı münasibətləri yaranmışdır. Cavabdeh 2020-ci ilin sentyabr ayından başlayaraq müxtəlif bəhanələrlə hissə-hissə ondan 1200 manat pul, 1 ədəd 585 əyyarlı “Markiz” qadın üzüyü, 1 ədəd 585 əyyarlı gül formasında brilliant qadın üzüyü, 1 ədəd 585 əyyarlı yarpaqlı gül formalı brilliant qadın üzüyü, 1 ədəd 585 əyyarlı sep, 1 ədəd 585 əyyarlı sep və 585 əyyarlı kulonu ondan götürərək həmin qızılları "xxxx" MMC lombarda 48 faiz dərəcəsi ilə girov qoyaraq 850 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit borcunu ödəyə bilmədiyi üçün ona məxsus qızılların satışa çıxmaması üçün məcbur olub cavabdehin "xxxx" MMC-yə olan 1100 manat borcunu ödəmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən yayındığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib iddianı qəbul edərək göstərdi ki, iddiaçıdan 1200 (bir min iki yüz) manat məbləğində borc almış, həmçinin iddiaçıya məxsus qızıl zinət əşyalarını "xxxx" MMC-yə girov qoyaraq faiz dərəcəsi 48 faiz olmaqla 850 manat kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün "xxxx" MMC-yə olan borcunu ödəyə bilmədiyi üçün iddiaçı özünə məxsus qızılların satılmaması üçün onun "xxxx" MMC-yə ümumilikdə olan 1100 manat borcunu ödəmişdir. Hazırda cavabdehə borclu olduğu 2300 manat pulu ödəməyə etirazı olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 18.01.2022-ci il tarixli 554 nömrəli aktdan görünür ki, Cavabdeh 3 ədəd üzüyü və 2 ədəd sepi, 1 ədəd klonu Karat Credo” MMC-yə girov qoymuş və illik 48 faiz dərəcəsi ilə 850 manat məbləğində kredit götürmüşdür. 03.08.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 18.01.2021-ci il tarixli təminatlı borc və saxlanc girov müqaviləsinə əsasən ona məxsus girovun İddiaçı keçməsinə razılıq vermişdir. 18.01.2022-ci il tarixli 812 saylı aktdan görünür ki, Cavabdeh "xxxx" MMC qarşısında öhdəliyi İddiaçı keçmişdir. 18.01.2022-ci il tarixli 000812 saylı kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-yə 1100,91 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1200 manat məbləğində borc verilmiş və iddiaçıya məxsus qızıl zinət əşyaları cavabdehin "xxxx" MMC-dən aldığı kredit borcunun təminatı olaraq girov qoyulmuşdur.Cavabdeh kreditor qarşısında üzərinə düşən öhdəliyi icra etmədiyi üçün iddiaçı ona mənsub qızıl zinət əşyalarına məcburi icra yönəldilməməsi məqsədi ilə cavabdehin "Karat Credo” MMC-yə olan 1100 manat borcunu ödəmişdir. Məhkəmə iclasında cavabdeh özü də iddia tələbinə qarşı etiraz etməyərək iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq 2300 (iki min üç yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 2300 (iki min üç yüz) manat pul alınaraq İddiaçı xeyrinə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar