Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-81/2022 01.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları maddi ziyanın əvəzi qismində 12526 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir. Bir il bundan əvvəl o, cavabdehlərlə evinin dam örtüyünün yenidən qurulması üçün razılaşmışdır. Onlar əvvəlcədən 2000 manat alıb işə başladılar. İşi qurtarmamış qiyməti artırdılar və 1700 manat alıb işlərini tamamlamayıb yarımçıq buraxdılar və bildirdilər ki, belə işləmələri onlara sərf etmir, pulu azdır, cavabdehlər 1950 manatlıq aksessuar düzəldib, istifadə etməyərək ona ziyan vurdular. 80 manatlıq dam örtüyünə çəkilən çexol yağış və günəşin təsirindən dam örtüyündə xarab olmuşdur. 4600 manatlıq taxta onların təqsiri ucbatından xarab olmuş, bunlardan əlavə 1700 manatlıq evin tavanına zərər vurublar. 144 manatlıq dam örtüyündə istifadə olunan iç palanı artıq düzəldib ona zərər vurmuşlar. Eləcə də öz maddi maraqları üçün 352 manatlıq izolit aldırıb işlətməmişlər. Cavabdehlər ondan aldıqları pulun müqabilində işlərini görməmiş və görmək də istəmirlər. Cavabdehlərin təqsiri ucbatından ona cəmi 12526 manat ziyan dəymişdir. Cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsindən yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evini almış, daha sonra həmin evin yerində yeni üçmərtəbəli ev tikmək qərarına gəlmişdir. Lakin aldıqları evdə yaşamaqda olduqlarından həmin evin ətrafını və üstünü tikmiş, bundan sonra yeni tikilmiş evin dam örtüyü vurulmazdan əvvəl köhnə evin dam örtüyünü açaraq çıxarmış və müvəqqəti olaraq evin dam örtüyünün yerini brezent örtüklərlə bağlamışlar. Bundan 10-15 gün sonra cavabdehlərlə 2020-ci ilin may ayında yeni tikilən fərdi yaşayış evinin damının yığılması üçün razılığa gəlmişdir. Cavabdehlər ilkin olaraq dam örtüyünün düzəldilməsi üçün zəhmət haqqı kimi 4000 manat alacaqlarını bildirmiş, o da razılaşaraq cavabdehlərə qabaqcadan 2000 manat pul vermişdir. Bundan sonra isə hissə-hissə onlara 1700 manat pul ödəmişdir. İşin gedişində cavabdehlər görülməli işlərin həcminin nəzərdə tutduqlarından artıq olduğunu bildirərək əlavə 1000 manat da ödənilməli olduğunu bildirmişlər. O, bununla da razılaşmışdır. Razılaşmalarına əsasən dam örtüyünün tam şəkildə təhvil verilməsi 2-3 ay ərzində tamamlanmalı idi. Həmin vaxt yağıntılar heç olmadığı və ya az olduğu üçün evin damını brezent örtük qorumuşdur. Bundan sonra cavabdehlər ona məxsus olan evin dam örtüyünün düzəldilməsi zamanı işi əsassız olaraq müxtəlif bəhanələrlə yubatmış, işi yarımçıq saxlamış, 2021-ci ilin mart ayına qədər işi tamamlamamışlar. Nəticədə payız və qış aylarında yağan yağışlar üzündən dam örtüyündə istifadə olunan materiallar, o cümlədən 4600 manat dəyərində taxta, 80 manat dəyərində çexol yağış və günəşin təsiri nəticəsində xarab olmuş, dam örtüyünün vaxtında vurulmamasına görə yağış sularının axması nəticəsində evin tavanının iç hissəsində də alçipan xarab olmuş və 1700 manatlıq ziyan dəymiş, cavabdehlər dam örtüyündə istifadə olunan iç palanı lazım olandan artıq düzəldərək ona 144 manat ziyan vurmuş, eləcə də 352 manatlıq izolit aldıraraq istifadə etməmişlər və ona ziyan vurmuşlar. Ümumilikdə cavabdehlərin ona vurduğu zərərin həcmi 12526 manatdır. Bundan başqa ekspert rəyində cavabdehlərin işin 75-80 faizi görüldüyü və görülməli işlərin dəyərinin 1300 manat olduğu göstərilsə də o, bununla razılaşmır. Hesab edir ki, görülməli işlərin həcmi rəydə əslində olduğundan daha az göstərilmişdir. Bundan başqa o, cavabdehlərin işi həddindən artıq ləngitmələrinə və ona ziyan vurmalarına baxmayaraq onlardan işin dayandırılmasını yox, tamamlanmasını tələb etmişdir, hazırda da cavabdehlərin işlərini tamamlamasına razıdır, lakin cavabdehlər işi görməkdən özləri imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 yazılı şəkildə izahat təqdim etmişdir. Cavabdeh1 hər iki cavabdehin adından imzalanmış yazılı izahatda eləcə də məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, o və digər Cavabdeh2 uzun müddətdir ki, dam örtüklərinin yığılması işi ilə məşğul olurlar. Gəncə şəhərində hamı onları bacarıqlı usta kimi tanıyır. 2020-ci ilin yay aylarında, təqribən avqust ayının sonlarında iddiaçı onlara müraciət edərək yeni tikilmiş evinin dam örtüyünü başqa bir ustanın yığa bilməyib zay etdiyini bildirmiş, onlardan dam örtüyünü yığmalarını istəmişdir. Onlar evə baxış keçirdikdən sonra iddiaçı ilə dam örtüyünün yığılması üçün 4000 manata razılığa gəlib işə başlamışlar. Onlar işə başlayarkən yeni tikilmiş evin içində köhnə ev olmuş, həmin evin dam örtüyü sökülərək yağıntıdan qorumaq üçün üzərinə brezent çadır çəkilmişdir. İddiaçı həmin evdə yaşamışdır. Onlar dam örütüynü təqribən 2-3 aya bitirəcəklərini bildirmişlər. Lakin iddiaçı onlara materialları az-az verdiyi üçün işi vaxtında görmələri mümkün olmamışdır. Sonradan iddiaçı əlavə işlərin də görülməsini istədiyi üçün muzdun məbləğini 1000 manat artırmışlar və ümumi işi 5000 manata razılaşdırmışlar. İddiaçı onlara 2000 manat pulu işə başlayarkən vermiş, işin gedişində isə hissə-hissə onlara 1700 manat pul vermişdir. Qalan 1300 manat pulun isə işin sonunda veriləcəyi vəd edilmişdir. Sonradan özünün koronavirusa yoluxması, daha sonra karantin rejimi və sentyabr ayının sonlarında müharibənin başlanması ilə əlaqədar olaraq, işləmələri mümkün olmamışdır. Sifarişçi ilə aralarında əsas narazılıq 2021-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində yaranmış, belə ki, onların bayramla əlaqədar olaraq avans istəməsinə baxmayaraq sifarişçi onların bu xahişini nəzərə almamış və onlara pul verməkdən imtina etmişdir. Bu etinasızlığa etiraz etdikdə isə sifarişçi və onun həyat yoldaşı onlara hədə qorxu gəlmişdir. İddiaçının iddiası əsassızdır və onlar bütün işləri lazımi keyfiyyətdə görmüşlər. Onlar işə başlayrkən də iddiaçı evə yağıntı suyunun axmasından şikayət edir, işin tez yekunlaşdırılmasını istəyirdi. Yəni iddiaçının evinə yağıntı sularının axması nəticəsində vurulmuş zərər onlardan əvvəl meydana gəlmişdir. Bundan başqa iddiaçı onların iş alətlərini evdə saxlayaraq onlara qaytarmaqdan imtina edir. Hesab edir ki, iddiaçının bu hərəkəti də qanunsuzdur. Onlar iddiaçının evində işləmək və işi bitirmək istəmirlər, çünki, iddiaçının həyat yoldaşı onları təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 yazılı izahatda göstərilənlərlə və digər Cavabdeh1 izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə rəy vermiş ekspert Xəyyam İsgəndərov bildirmişdir ki, o tərəflərin iştirakı ilə mübahisə predmeti olan evin dam örtüyünə baxış keçirmiş, baxış zamanı müəyyən etmişdir ki, dam örtüyünün üst hissəsində 20 m2 hissədə, damın kənarlarında isə şaquli olaraq perimetr boyunca 65 m uzunluqda, 2 m hündürlükdə, 130 m2 damın kənarlarında müəyyən işlər tamamlanmamışdır. Görülməli olan işlərlə bağlı smeta tərtib etmiş və rəyə əlavə etmişdir. Görülməli işlərin həcmi və dəyəri metodikaya uyğun olaraq hesablanmış və göstərilmişdir. İddiaçının tərtib edilmiş rəylə bağlı şübhələri əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının tikdirdiyi fərdi yaşayış evində hörgü ustası kimi çalışmışdır. O, evin divarlarını inşa etmiş, hörgü işləri tam başa çatdıqdan sonra evin daxilində qalmış köhnə evin damını söküb çıxarmış və köhnə evin üzərini brezent çadırla örtmüşdür. Bundan sonra yeni tikilmiş evin dam örtüyünün yığılması üçün bir usta gəlmiş, həmin usta dam örtüyünü vura bilmədiyindən təxminən 15 gün iddiaçı başqa ustaları, yəni cavabdehləri çağırmışdır. Cavabdehlər orada işləyərkən o da həyətdə toyuq damı inşa etmiş, cavabdehləri bir neçə dəfə onları görmüşdür, lakin onlarla tanışlığı yoxdur. Dam örtüyünü sökdükdən sonra hər hansı yağıntı olmamış, iddiaçı ona evə su axması barədə heç nə bildirməmişdır. Özü də həmin vaxt evə girib-çıxarkən evə su axmasının və bundan dolayı evin təmirinin korlanmasının şahidi olmamışdır. Həmin vaxt isti aylar olduğu üçün ümumiyyətlə yağıntı olmasını xatırlamır. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 17.06.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 10/7276 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin dam örtüyünün dam hissəsinin kənarında olan 2 m hündürlüyündə hissəsinə və orta hissəsində təqribən 20 m2 hissəsində dəmir təbəqə vurulmadığını nəzərə alaraq, dam örtüyündə vurulması ilə bağlı görülmüş işlərin həcmi nəzərə alınmaqla, ümumilikdə görülməli işlərin həcmi 20/25% təşkil edir. Tədqiq olunan ünvanda yerləşən yaşayış evində vurulmuş dam örtüyü tikinti texnologiyalarına və tikintinormalarına uyğun vurulduğunu nəzərə alaraq, dam örtüyünün vurulmasında nöqsanlara yol verilməmişdir. Lakin dam örtüyünün kənarları və üstünün bir hissəsinə dəmir təbəqə vurulmamışdır ki, bu da əlavə işlərin görülməsinə zərurət yaratmışdır. Lakin həmin damın vurulmamış hissəsinin bərpası üçün görülməli tikinti-təmir işlərinə əlavə materialların sərf edilməsinin zəruri olub-olmaması tikinti işlərinin görülən zaman müəyyən oluna bilər. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yarımçıq vurulması nəticəsində vurulmalı olan dəmir təbəqənin altından çəkilmiş izoliyasiya sökülmüşdür. Eyni zamanda dam örtüyünün kənarlarının açıq şəkildə qalması və həmin hissədən atmosfer çöküntülərin axması nəticəsində yaşayış evinin divarlarına və tavanına ziyan dəymişdir. Tədqiq olunan yaşayış evinin daxilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3103 manat və dam örtüyündə yarımçıq işlərin tamamlanması üçün görülməli bərpa işlərinin dəyəri 1300 manat məbləğində müəyyən olunur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında yaranan mülki hüquq münasibətləri podrat müqaviləsindən irəli gəlir. Tərəflər iddiaçıya məxsus fərdi yaşayış evinin damının iddiaçının verdiyi materiallarla 4000 manat muzd müqabilində inşa edilməsi barədə razılığa gəlmiş, sonradan tərəflərin razılığı ilə görülməli işin həcmi artdığından muzdun məbləği 5000 manata qaldırılmışdır. İddiaçı həmin məbləğdən 2000 manat avans olaraq, 1700 manat isə işin gedişində ödəmiş, qalan 1300 manat pulun işin sonunda ödənilməsi razılaşdırılmışdır. Cavabdehlər damın inşasını 2-3 aya bitirəcəklərinə dair öhdəlik götürsələr də 2020-ci ilin yay aylarında (iddiaçının deməsinə görə may ayının sonunda, cavabdehlərin deməsinə görə isə avqust ayının sonlarında) başladıqları işi 2021-ci ilin mart ayının sonlarına qədər yekunlaşdırmamış, bundan sonra onlar arasında narazılıq yaranmış və cavabdehlər işi davam etdirməkdən imtina etmişdir. Hazırda iddiaçı podrat müqaviləsinin düzgün və vaxtında icra edilməməsi nəticəsində ona vurulmuş zərərin əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Yuxarıda qeyd edilən normalar çərçivəsində işin faktiki hallarına baxıldıqda müəyyən edilir ki, iddiaçı şifahi bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlərin muzdunu vaxtında ödəmişdir. Cavabdehlər isə 2-3 ay ərzində tamamlayacaqlarını bildirdikləri işin aylarla uzanmasının səbəbi barədə ağlabatan izah verə bilməmişdir. Eyni zamanda cavabdehlər məhkəmə iclasında da işi tamamlamaqdan özlərinin imtina etdiyini və hazırda da həmin işi tamamlamaq istəmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, bu vəziyyət podratçının sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə müqavilədən imtina etməsi anlamına gəlir. Bu halda cavabdehlər üçün öhdəliyin icra edilməməsindən irəli gələn vəzifələr yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərtib edilmiş ekspert rəyindən göründüyü kimi podrat müqaviləsi ilə şərtləşdirilmiş işin tamamlanması üçün görülməli işlərin dəyəri ilə muzdun ödənilməmiş hissəsi bərabərdir. Bu baxımdan iddiaçının müqavilə üzrə görülməli işlərin başqa şəxsə gördürülməsi üçün əlavə xərcə məruz qalması müəyyən edilmir. İddiaçının əmlakdan məhrum olması və əmlakının zədələnməsi ilə bağlı zərər tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının işlərin yanlış görülməsi nəticəsində və yağıntı və günəşin təsirindən materiallarının xarab olması ekspert rəyi ilə təkzib olunur. Cavabdehlərin öhdəliklərini vaxtında icra etməməsi və sonradan müqavilənin icrasından ümumiyyətlə imtina etmələrinə görə yaşayış evinin damının uzun müddət və payız-qış fəslində, yəni atmosfer yağıntılarının çox olduğu dövrdə açıq qalması nəticəsində iddiaçının evinə atmosfer yağıntılarının axması ilə evin tavan və divarlarına zərər dəymişdir. Cavabdehlər yağıntı sularının onlardan əvvəl də evə axdığını bildirsələr də bununla bağlı sübut təqdim etməmiş, əksinə dindirilmiş şahid cavadehlərdən əvvəl evə yağış sularının axmadığını bildirmişdir. Ekspert rəyi ilə zərərin səbəbli əlaqəsi və aradan qaldırılması üçün tələb olunan xərcin miqdarının 3103 manat olması müəyyən edilmişdir. Hazırkı iddia üzrə cavabdehlər birgə borclulardır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 3103 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş üzrə məhkəmə xərci ödənilmiş 30 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. İddia qismən təmin edilmişdir. MPM-in 117.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. İddia tələbinin ümumi qiyməti 12526 manat olmuş, bundan 3103 manat (25 faiz) təmin edilmişdir. Buna uyğun olaraq ödənilmiş dövlət rüsumunun 7,50 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, ekspertiza tədqiqatının dəyərinin 25 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 75 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçıya məxsus fərdi yaşayış evinə vurulmuş maddi zərərin əvəzi qismində 3103 (üç min yüz üç) manat pul və ödənilmiş dövlət rüsumunun 7,50 manat (yeddi manat 50 qəpik) hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 75 (yetmiş beş) manat hissəsi isə İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-81/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-81/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver