Məhkəmə qərarları › İş №2(043)-822/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-822/2022

06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-822/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-1042/2020 nömrəli qətnaməsi ilə 02 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay yaşayış minimumuna uyğun olaraq 193 (bir yüz doxsan üç) manat müəyyən edilməsini və 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-1042/2020 nömrəli qətnaməsi ilə 02 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-1042/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimenti cavabdeh ödəyir. Lakin qətnamə qəbul olunan vaxtdan 2 ilə yaxın müddət keçmiş, artıq uşaq böyüyür və ona görə onun tələbatı artır. Uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüquqları var.Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqları vardır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, ikinci nikahdan himayəsində iki azyaşlı uşağı vardır. Uşaqlarından Sənan epilepsiya xəstəsidir. Heç bir yerdə işləmir, təyin olunmuş alimenti çətinliklə ödəyir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-1042/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, 02 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 29 yanvar 2020-ci il tarixdən başlayaraq, hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İİİ 859164 və AZ-İİİ 859165 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh himayəsində 21.01.2014-cü il təvəllüdlü Sərxan və 23.05.2015-ci il təvəllüdlü Sənan adlı uşaqları vardır. 09.02.2022-ci il tarixli, MŞİH-08355 seriyalı arayışdan görünür ki, tərəflər mediyasiya prosesini davam etdirmək barədə razılığa gəlməmişlər. İlkin metiyasiya sessiyasının keçirilməsi üçün 100 manat mediyasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-1042/2020 nömrəli qətnaməsi ilə 02 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 29 yanvar 2020-ci il tarixdən başlayaraq, hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.Təyin olunmuş 130 manat məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh 130 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)- 1042/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193,0 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin qazancı və gəliri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və uşağa qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə cavabdehin himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mediyasya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş üzrə ödənilmiş mediyasiya xərci 50 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 02 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)- 1042/2020 nömrəli qətnaməsi əsasında hər ay 130 (bir yüz otuz) manat tutulan alimentin məbləği artırılaraq, hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh oğlundan alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar