Məhkəmə qərarları › İş №2(043)-841/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-841/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-841/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borc verdiyi 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdehi uzun illərdir tanıyır. 20 noyabr 2020-ci ildə cavabdeh ondan 2360 manat dəyərində qızıl zinət əşyalarını alaraq 10 gün müddətinə qaytarmasına söz vermişdir. Cavabdeh ondan qızılı alarkən borc aldığını bildirmişdir. Cavabdeh 360 manat ödəniş etmiş qalan 2000 manat pulu isə ödəməmişdir. Bununla bağlı polis idarəsinə müraciət etsə də mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan 2360 manat dəyərində olan 40 qram qızılı borc almamışdır. İddiaçı həmin qızılları zərgərdə qəlbdə əridilib müəyyən formada hazırlanması üçün ona vermişdir. O, həmin qızılı zərgərdə hazırladaraq iddiaçıya qaytarmasını öz üzərinə götürmüşdür. Lakin zərgər qızılları ondan alaraq Rusiyaya getmişdir. İddiaçıdan aldığı qızılların dəyrindən 360 manatını ödəmiş, qalan 2000 manatını isə maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. İddiaçıya məhkəməyə müraciət etməmişdən əvvəl bildirmişdir ki, evini sataraq ona qaytarmalı olduğu qalan 2000 manat pulu ödəyəcəkdir. Lakin iddiaçı buna baxmayaraq məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçıya borclu qaldığı 2000 manat pulu ödəməyə etiraz etmir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı özünə məxsus 40 qram çəkidə qızıl məmulatını qəlbdə əridilərək müəyyən formada hazırlanması üçün cavabdehə vermiş, cavabdeh isə iddiaçıdan həmin qızılı qəbul edərək qəlbdə əridilərək müəyyən formada hazırlanaraq iddiaçıya qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında qızılın dəyərindən 360 manatını iddiaçıya ödədiyini qalan 2000 manatını isə ödəməyə etirazı olmadığını bildirmişdir. İddiaçı qızılları cavabdehə borc verməsini göstərsə də məhkəmə araşdırması zamanı onun öz tələbinin əsası işin həqiqi hallarına uyğun olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında tapşırıq müqaviləsi olmuş və iddiaçı özünə məxsus 40 qram çəkidə olan qızıl məmulatlarını qəlbdə əridilərək müəyyən formada hazırlanması üçün cavabdehə vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmiişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM)777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-in 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-in 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar