Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-842/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan borc kimi aldığı cəmi 24870 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2 il bundan qabaq qaynı İslamın tanışı Faiqin vasitəsi ilə tanımışdır. 14.08.2020-ci il tarixdə Cavabdeh ona bildirmişdir ki, o təzə avtovağzalın yanındaki gül dükanında işləyir, maddi cəhətdən pula ehtiyacı olduğu üçün ona pul lazımdır. O isə əlyazması ilə cavabdehə 164 manat borca pul vermişdir. 06.09.2020ci il tarixdə, cavabdeh gülü mağazalara payladığını, nisyələri yığa bilmədiyini, ona yenidən 390 manat pul lazım olduğunu, 10 ay müddətinə qaytaracağını bildirmişdir. O, isə yenidən cavabdehə 390 manat pulu vermiş, cavabdeh öz imzası ilə təsdiq etmiş, uşaqlıq dostu X7 isə Cavabdeh şahidlik edərək, öz imzası ilə təsdiq etmişdir. 20.08.2020-ci il tarixdə Cavabdeh, gül dükanında onu yola vermədikləri üçün ordan çıxdığını, indi isə İmperial şadlıq sarayına işə girdiyini, qardaşına nişan aparacaqlarını, evdə maddi vəziyyətin pis olduğunu bildirərək, borc istəmişdir. O, bu dəfə cavabdehə 780 manat pul vermişdir. 06.10.2020-ci il tarixdə cavabdeh, onun evinə dostu X5 ilə birlikdə gələrək bildirmişdir ki, ona borc olaraq 876 manat pul versin, o, dostu ilə şərikinə birlikdə özləri, gülü gətirək gül mağazalarına gül paylasınlar. Öz dostu yaxın olaraq X5 zamin olaraq birlikdə, 12 ay müddətinə qaytarmağa söz vermişlər, imzaları ilə təsdiq etmişlər. 10.11.2020-ci il tarixdə Cavabdeh bildirmişdir ki, o, hal hazırda Gül dünyası mağazasında işləyir. O, özünə şəxsi gül dükanı açmaq üçün və ondan borca götürdüyü pulları hissə-hissə ödəmək niyyəti ilə ondan 10160 manat borc istəmişdir. O isə onunla razılaşıb 10.160 manat pul vermiş, cavabdeh də öz imzası ilə təsdiq etmişdir. 12.01.2021-ci il tarixdə Cavabdeh evimə gələrək bildirmişdir ki, atası infakt keçirdib evdə maddi cəhətdən pula ehtiyacları olduğu üçün borc olaraq 1300 manat pul istəmişdir. O, cavabdehə 1300 manat borc pul vermişdir. Ona bildirmişdir ki, Oktyabr ayında qaytaraq və qəbzə əl yazması ilə imza ataraq təsdiq etmişdir. 17.01.2021-ci il tarixdə Cavabdeh bildirmişdir ki, Yeni Avtovağzalın yanındakı gül dükanında işləyir əmək haqqım 300 manatdır. Karantinlə bağlı ehtiyacı olduğu üçün 1170 manat borca pul istəmişdir. O cavabdehə 1170 manat borc pul vermiş və X7 öz əl yazmasında bildirmişdir ki, Cavabdeh onun yaxın dostudur dost olduqları üçün dostu Muradın götürdüyü pula zamindir öz imzası ilə də təsdiq etmişdir. 18.02.2021-ci il tarixdə Cavabdeh bildirmişdir ki, qış sezonu olduğu üçün iş zəifdir pula ehtiyacı var, ona borc olaraq 490 manat pul istəmişdir. Pulu 6 ay müddətinə qaytaracağına söz vermişdir. O, həmin məbləği əl yazması ilə cavabdehı yenidən vermiş və cavabdeh qəbzə imza atıb, təsdiq etmişdir. 25.02.2021-ci il tarixdə Cavabdeh ona bildirmişdir ki, öz iş yoldaşı X3 pula ehtiyacı olduğu üçün ağrıdığına görə ona borc olaraq 8 ay müddətinə, 700 manat pul istəmişdir. O isə cavabdehə 700 manat borca pulu vermişdir. X1 Murad İlham oğlunun sözlərinə razı olmuş, əl yazmasında bildirmişdir ki, götürülən pula razıdır, öz imzası ilə təsdiq etmişdir. 15.03.2021-ci il tarixdə Cavabdeh atasınının ağır xəstə olduğunu, burdakı həkimlərin Bakıya göndərdiyini, Bakıya müalicəyə aparmalı olduğunu, maddi cəhətdən pula ehtiyacları olduğunu bildirərək, xahiş edib yalvararaq, borc olaraq 6 ay müddətinə 1050 manat pul istəmişdir. O isə cavabdehə yenidən 1050 manat pulu vermişdir. X2 isə onun götürdüyü pula zamin durmuş və öz imzası ilə təsdiq etmişdir. 22.03.2021-ci il tarixdə Cavabdeh atasının Bakıda özəl xəstəxanada müalicə aldığını, müalicə üçün maddi cəhətdən imkanı çatmadığını bildirərək, 8 ay müddətinə 2370 manat pul istəmişdir. Uşaqlıq dostları isə zamin durmuşdur. X8, X9, X8 öz əlyazmasında, Cavabdeh götürdüyü pula zamin olduqlarını bildirmişlər. O isə cavabdehə 2370 manat pulu yenidən vermişdir. 09.04.2021-ci il tarixdə Cavabdeh ona bildirmişdir ki, özünə şəxsi kafe açır, xalası qızı ilə birlikdə maddi cəhətdən pula ehtiyacları var, xalası qızı X4 hal - hazırda Gold Əminədə işləyir aylıq gəliri 300 manatdır. Onlara borc olaraq 6 ay müddətinə 3800 manat pul verməsini istəmişdir. Xalası qızı X4 öz əlyazmasında Cavabdeh götürdüyü pula zamin olduğunu, birlikdə kafe işlədəcəklərini bildirmiş və əlyazmasına imza atıb, öz yazdığı sözlərə özü məsuliyyət daşıdığını qeyd etmişdir. Hazır ki, vaxtda cavabdeh ondan qaçır və onun zənglərinə cavab vermir. O, başa düşmüşdür ki, cavabdeh dələduzluq edərək onu aldatmışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 05.04.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində 780 manat borc pulun verilmə tarixi səhvən 20 avqust göstərilmişdir. Həmin pul məbləği 25 sentyabr 2020-ci il tarixdə verilmişdir. 20 avqust 2020-ci il tarixdə isə o cavabdehə 1320 manat borc vermişdir. Odur ki, həmin məbləği hesablamaqla, ümumilikdə 24570 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, borc kimi verdiyi 24570 manat pulun cavabehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, onun iddiaçıya 1300 manat borcu vardır. Cavabdehin həmin məbləğdən başqa iddiaçıya hər hansı borcu yoxdur. İddiaçının qeyd etdiyi məbləğ əsas borca hesablanmış faiz məbləğləridir. Əl yazma qəbzlərə isə iddiaçının təklifi ilə imza etmişdir. Odur ki, iddianın 1300 manat pulun tutulması hissəsində təmin edilib, qalan hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzlərdən görünür ki, o, İddiaçı 14.08.2020-ci il tarixdə 164 manat pulu borc almış və həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür; 06.09.2020-ci il tarixdə 390 manat borc almış və həmin borcu 10 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 20.08.2020-ci il tarixdə 1320 manat borc almış və həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür; 25.09.2020-ci il tarixdə 780 manat borc almış və həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür; 06.10.2020-ci il tarixdə 876 manat borc almış və həmin borcu 12 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 10.11.2020-ci il tarixdə 10160 manat borc almış və həmin borcu 12 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 12.01.2021-ci il tarixdə 1300 manat borc almış və həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür; 17.01.2021-ci il tarixdə 1170 manat borc almış və həmin borcu 06 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 18.02.2021-ci il tarixdə 490 manat borc almış və həmin borcu 06 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 25.02.2021-ci il tarixdə 700 manat borc almış və həmin borcu 08 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 15.03.2021-ci il tarixdə 1050 manat borc almış və həmin borcu 06 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 22.03.2021-ci il tarixdə 2370 manat borc almış və həmin borcu 08 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 09.04.2021-ci il tarixdə 3800 manat borc almış və həmin borcu 06 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə, əvvəlcə iddia tələbinin 14.08.2020-ci il tarixli qəbz əsasında verilmiş 164 manat pulun, 06.09.2020-ci il tarixli qəbz əsasında verilmiş 390 manat pulun, 20.08.2020-ci il tarixli qəbz əsasında verilmiş 1320 manat pulun, 25.09.2020-ci tarixli qəbz əsasında verilmiş 780 manat pulun, 06.10.2020-ci il tarixli qəbz əsasında verilmiş 876 manat pulun, 12.01.2021-ci il tarixli qəbz əsasında verilmiş 1300 manat pulun, 17.01.2021- ci il tarixli qəbz əsasında verilmiş 1170 manat pulun, 18.02.2021- ci il tarixli qəbz əsasında verilmiş 490 manat pulun, 25.02.2021- ci il tarixli qəbz əsasında verilmiş 700 manat pulun, 15.03.2021- ci il tarixli qəbz əsasında verilmiş 1050 manat pulun və 22.03.2021-ci tarixli qəbz əsasında verilmiş 2370 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, yuxarıda qeyd edilən ayrı ayrı vaxtlarda verilən 164 manat, 1320 manat, 390 manat, 780 manat, 876 manat, 1300 manat, 1170 manat, 490 manat, 700 manat, 1050 manat və 2370 məbləğlərində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbzləri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlərlə müəyyən olunur ki, ümumilikdə qeyd olunan məbləğlərdə pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan qeyd olunan məbləğlərdə deyil, sadəcə 1300 manat pul aldığını, lakin iddiaçının istəyi ilə həmin qəbzlərin tərtib etdiyini bildirmişdir. Lakin, cavabdeh qeyd etdiyi halı, yəni iddiaçı tərəfindən ona faktiki olaraq sadəcə 1300 manat pul verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi formada müxtəlif vaxtlarda kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğlərini (164 manat, 1320 manat, 390 manat, 780 manat, 876 manat, 1300 manat, 1170 manat, 490 manat, 700 manat, 1050 manat və 2370 manat) cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan şifahi kredit müqavilələri əsasında aldığı pul məbləğlərini ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən şifahi kredit müqavilələri əsasında cavabdehə verdiyi pul məbləğlərini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin “10.11.2020-ci il tarixli qəbz əsasında verilmiş 10160 manat pulun və 09.04.2021-ci il tarixli qəbz əsasında verilmiş 3800 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilərən imzalanmış qəbzlərdən görünür ki, 10.11.2020-ci il tarixdə 10160 manat pul və 09.04.2021-ci il tarixdə isə 3800 manat iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 10.11.2020-ci il tarixdə bağlanmış 10160 manat pulun və 09.04.2021-ci il tarixdə bağlanmış 3800 manat pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə 10.11.2020-ci il və 09.04.2021-ci il tarixli qəbzlərlə təsdiq olunur ki, həmin pul məbləğləri iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 10160 manat və 3800 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilələr olmasa da, cavabdeh tərəfindən imza edilən 10.11.2020-ci il və 09.04.2021-ci il tarixli qəbzlər həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, ümumilikdə 24570 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 24570 (iyirmi dörd min beş yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 165 (yüz altmış beş) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-842/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-842/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver