Məhkəmə qərarları › İş №2(043)-851/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-851/2021

05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-851/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadə saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(043)-1374/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 140 manat alimentin miqdarını artıraraq hər uşaq üçün cavabdehdən hər ay 175 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı bu günkü dövr üçün çox azdır. Həmin məbləğ ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan çox azdır. Buna görə də alimentin miqdarının artırılmasını xahiş edir. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1374/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürmüş, məhkəmə iclasında İddiaçı nikahın pozulmasına razı olduğunu bildirərək hər ay hər uşaq üçün sabit pul məbləği ilə 200 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nikahının pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması və hər ay hər uşaq üçün sabit pul məbləği ilə 140 manat alimentin tutulmasını qət etmişdir. İddiaçı iddia ərizəsində tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olmasına istinad etməmiş, sadəcə olaraq təyin edilmiş aliment məbləğinin yetərli olmadığnı göstərmişdir. Digər tərəfdən iddiaçı nikahın pozulmasına dair işə baxılarkən hər uşaq üçün 200 manat aliment tələb etmiş, məhkəmə həmin tələbə qiymət verərək hər uşaq üçün 140 manat alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Həmin qətnamədən dörd ay keçdikdən sonra iddiaçı yenidən alimentin artırılması tələbini irəli sürmüş və bu iddiasında yeni əsaslara istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar