Məhkəmə qərarları › İş №2(043)-852/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-852/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-852/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16550 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Nizami rayon 8-ci kilometr qəsəbəsində yerləşən "Lotos" ticarət mərkəzində ticarətlə məşğul olmuşdur. Belə ki, mütəmadi olaraq ondan alış-veriş edən və sonradan adını bildiyi Cavabdeh 2019-cu ilin iyul-avqust aylarında ona müraciət edərək onkoloji xəstəlikdən ciddi əziyyət çəkdiyini bildirmişdir. O, müayinə və müalicə olunmaq üçün maddi imkanının olmadığını bəhanə gətirərək ondan pul istəmişdir. Onun bu yalan səmimiyyətinə aldanaraq insanlıq naminə ona yaxşılıq etmək qərarına gəlmişdir. Bundan sonra ona hissə-hissə ümumilikdə 16550 manat məbləğində pul vermişdir. Sonuncu 50 manat pulu isə Binəqədi rayon 7 mikrorayon A.Kunanbayev küçəsində yerləşən Milli Ön aparatından ona göndərdiyi bank kartının hesabına köçürmüşdür. Bundan sonra Cavabdeh dəfələrlə pulunu geri tələb etməyinə baxmayaraq, o, müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Hər dəfə bu gün sabah deməklə pulunu könüllü olaraq qaytarmaqdan imtina etmişdir. Artıq Cavabdeh onun telefon nömrəsini xüsusi olaraq kodlaşdırmaqla telefon zənglərinə cavab vermir. Cavabdeh etibarından sui istifadə etməklə pulunu mənimsəmişdir. Onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Binəqədi rayon Pİ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlamlmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Tanarverdiyev tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh adlı şəxsin müəyyən edilib izahatını almaq məqsədi ilə tapşırıq verilmiş, lakin araşdırma müddətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi iddiaçı cavabdehə müəyyən vaxtlarda hissə-hissə 16550 manat borc pul verməsini göstərsə də həmin pulun cavabdehə verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar