Məhkəmə qərarları › İş №2(043)-852/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-852/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-852/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “nisyə alqı-satqı” müqaviləsi əsasında götürülmüş malların ödənilməmiş hissəsi olaraq 927 (doqquz yüz iyirmi yeddi) manat, mağazaya dəymiş ziyana görə dəbbə pulu kimi müqavilədə qeyd edilmiş 100 (bir yüz) manatın və məhkəmə xərci olan 30 (otuz) manatın tutulub, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” mağazada əşyalarının satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həmdə kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında qeydiyyatda ollmaqla Gəncə şəhəri, Sadıllı qəsəbəsində yaşayan Cavabdeh 17 iyul 2020-ci il tarixdə mağazaya gələrək, “Nisyə alqı-satqı” müqaviləsinə əsasən, dəyəri 832 (səkkiz yüz otuz iki) manat olan, 1 ədəd “Şbaki 50-lik” markalı kondisioneri 12 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Müqavilə əsasında hər ay qrafiq üzrə 52 AZN ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəlik götürdüyü 52 manatı bir neçə ay ödədiyindən etibar qazanmışdır. Belə olan halda sonuncu təkrar olaraq mağazadan 516 ( beş yüz on altı) manat dəyərində “Samsung A21” markalı mobil telefonu 12 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Əvvəlki müqaviləyə əlavə olaraq hər ay qrafiq üzrə 43 AZN ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin həmin telefon üçün heç bir ödəniş edilməmişdir. Belə olan halda Cavabdeh mağazaya 927 (doqquz yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Mağazaya ödənilməli olan borcunun ödənilməsi ilə bağlı olaraq ona xəbərdarlıq göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. “Nisyə alqı-satqı” müqaviləsinin şərtlərinə könüllü əməl etmək istəmir. Qeyd etmişdir ki, müqavilənin 6.1-ci maddəsinə əsasən cavabdeh aldığı malların borcunu qaytarana qədər, borcun təminatı kimi həmin əşyalara girov qoyulmuş və satılması qadağan olmuşdur. Cavabdehin borcu ödəmək fikri belə yoxdur. Nisyə götürdüyü mallardan qalan pula görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəyib. Beləliklə mağazaya cavabdeh bu gün də ziyan vurmaqda davam edir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 24 fevral 2022-ci il tarixli bildirişi göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan tam təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 17.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 832 (səkkiz yüz otuz iki) manat olan, 1 ədəd “Şbaki 50-lik” markalı kondisioneri və 18.02.2021-ci il tarixdə isə mağazadan 516 ( beş yüz on altı) manat olan “Samsung A21” markalı mobil telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar üçün “Şbaki 50-lik” markalı kondisioneri dəsti üçün hər ay 52 manat, “Samsung A21” markalı mobil telefon üçün isə hər ay 43 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 17.07.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 832 (səkkiz yüz otuz iki) manat olan, 1 ədəd “Şbaki 50-lik” markalı kondisioneri, 18.02.2021-ci il tarixdə isə 516 ( beş yüz on altı) manat olan “Samsung A21” markalı mobil telefonu qəbul etmişdir. 17.07.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin müqavilə üzrə “Şbaki 50-lik” markalı kondisioneri dəsti üçün 12 ay müddətinə hər ay 52 manat, “Samsung A21” markalı mobil telefon üçün isə eyni müddətə hər ay 43 üçün ödəniş etmək öhdəliyini üzərinə götürmüş, ilk 09 ayı ödəniş etmiş, lakin sonrakı aylarda heç bir ödəniş etməmişdir. 01.02.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh əsas borc üzrə 927 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunu və əvvəlcədən müqavilə üzrə öz üzərinə öhdəlik kimi götürdüyü 100 manat dəbbə pulunu da cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, 17.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi və işin məhkəməmyə veriləcəyi halda 100 manat dəbbə pulunun tutulmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 927 (doqquz yüz iyirmi yeddi) manat əsas borc, 100 (yüz) manat cərimə məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat olmaqla, ümumilikdə 1057 (bir min əlli yeddi) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar