Məhkəmə qərarları › İş №2(043)-853/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-853/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-853/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Nisiyə alqı-satqı” müqaviləsi əsasında götürülmüş malların ödənilməmiş hissəsi olan 788 manatın, mağazaya dəymiş ziyana görə dəbə pulu kimi müqavilədə qeyd edilmiş 100 manatın və məhkəmə xərci olan 30 manatın tutulub, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhərində yerləşən “Xoşbəxtlik” mağazada əşyalarının satışı ilə məşğul olur, sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən verilmişdir. Mağaza malların satışını həm nəğd, həmdə kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Cavabdeh 18.09.2020-ci il tarixdə başlayaraq mağazadan “Nisiyə alqı-satqı” müqaviləsinə əsasən, ümumi dəyərləri 1677 manat olan 1 ədəd “Şəbəkəli masa(klassik), 8 ədəd oturacaq stulu və krem rəngli xalça”nı qrafik üzrə ödəmək şərti ilə mağazanın etibarından istifadə edərək, müxtəlif vaxtlarda qrafik üzrə ödəniş aparmaq şərti ilə götürmüşdür. Müqavilə əsasında ilk öncə ödənişlər etsə də, sonradan ödənişlər etməmiş, mağazaya borcu yaranmışdır. O, mağazadan nisiyə götürdüyü mallara görə 889 manat ödəniş etsə də, hazırkı günə kimi onun mağazaya 788 manat borcu qalmışdır. Tələb edilməsinə baxmayaraq ödənişi başa çatdırmamışdır. Mağazaya ödənilməli olan borcunun ödənilməsi ilə bağlı olaraq ona rəsmi qaydada xəbərdarlıq göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. “Nisiyə alqı-satqı” müqaviləsinin şərtlərinə könüllü əməl etmək istəmir. Cavabdehin qalan borcu ödəmək fikri belə yoxdur. Nisiyə götürdüyü maldan qalan pula görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəyib. Beləliklə mağazaya cavabdeh bu gün də ziyan vurmaqda davam edir. Müqavilə bağlanan zaman cavabdeh qeydlər bölməsinə müqavilənin şərtlərinə düzgün əməl etməyəcəyi təqdirdə 100 manat dəbbə pulu ödəyəcəyi barədə də xəbərdarlıq edilmiş və özü tərəfindən müqavilə imzalanmışdır. Bundan başqa cavabdehin hərəkətləri üzündən məhkəməyə iddia tələbi ilə müraciət etməli olduğumdan məhkəmə xərci də ödəməyə məcbur olmuşam, həmin məbləğin də cavabdehdən alınıb onun xeyrinə verilməsini istəyir. Bütün bunlara görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 18.09.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı 1677 manat dəyərindəki avadanlığı (şəbəkəli masa (klassik), 8 ədəd oturacaq stulu və krem rəngli xalça) alıcıya verməyi, alıcı isə həmin avadanlıqların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmişdir ki, borclu tərəfindən müqavilənin şərtlərinə əməl edilmədiyi halda məhkəməyə verilən zaman 100 manat məbləğində dəbbə pulu ödənilməlidir. İş materiallarında olan ödəniş cədvəli ilə müəyyən olunur ki, alıcı Cavabdeh ümumilikdə 1677 manat dəyərində olan şəbəkəli masa (klassik), 8 ədəd oturacaq stulu və krem rəngli xalça üzrə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin ödəniş cədvəlində həmin müqavilə üzrə ödənişin məbləği və müddəti ilə bağlı qeydlər edilmiş, göstərilən şərtlər əsasında ödənişlərin həyata keçiriləcəyini alıcı Cavabdeh öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindəki qeydlər əsasında aparılan hesablamalardan görünür ki, Cavabdeh şəbəkəli masa (klassik), 8 ədəd oturacaq stulu və krem rəngli xalçanın nisyə alqı-satqı müqaviləsi üzrə 788 manat manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 01.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 100 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 788 manat əsas borc və 20 manat cərimə olmaqla, cəmi 808 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18.09.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 788 manat əsas borc və 20 manat cərimə olmaqla, cəmi 808 (səkkiz yüz səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar