Məhkəmə qərarları › İş №2(043)-858/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-858/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-858/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 avqust 2020ci il tarixli, 2(043)-1502/2020 saylı qətnaməsi ilə 04 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq yaşayış minimumuna uyğun olaraq hər ay 193 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1502/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 04 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğilə alimentin tutularaq ona verilməsi, 04 yanvar 2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək Cavabdeh sabit pul məbləği ilə 50 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimenti ödəyir, lakin qətnamə çıxarılandan indiyədək iki ilədək müddət keçmiş, artıq övladı böyüyür və tələbatları da artır. Onun maddi imkanı aşağıdır və təkbaşına uşağın ehtiyaclarının ödənilməsində çətinlik çəkir, lakin övladının layiqli həyat yaşaması üçün əlindən gələni edir. Övladının saxlanılmasında onun üzərinə daha çox yük düşür. Cavabdehin maddi imkanının ona münasibətdə daha yaxşı olması nəzərə alınmalıdır və cavabdeh özü üzərinə düşən vəzifələri yerinı yetirməlidir. Cavabdehlə aralarında razılıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2020-ci ildən məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti və əlavə xərci vaxtında ödəyir, lakin hazırda heç bir yerdə işləmir və əlavə gəliri yoxdur. İndiki vəziyyətdə əvvəlki qətnamə ilə tutulan alimenti belə ödəməkdə çətinlik çəkir, aliment artırılarsa ödəməsi ümumiyyətlə mümkün olmayacaqdır. Yaxın aylarda əvvəlki işinə bərpa olunmaq ehtimalı vardır. Əgər işinə bərpa olunarsa alimenti artıqlaması ilə ödəməyə hazırdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 04 yanvar 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1502/2020 saylı 06 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 17 aprel 2019-cu il tarixdə Gəncə Regional “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində 855 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş 04 yanvar 2020-ci il təvəllüdlü X5 anası X2 yanında qalması və Cavabdeh 04 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği ilə alimentin, eləcə də uşaq üç yaşına çatanadək hər ay sabit pul məbləği ilə 50 manat alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisinin 18 fevral 2022-ci il tarixli Ə 247 Ş/h-038-22 nömrəli əmrindən çıxarışdan görünür ki, polis serjantı Cavabdeh X7 İdarəsinin polis nəfəri, “istefada olan polis serjantı sayılmaqla 18 fevral 2022-ci il tarixdən xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçının artırılmasını tələb etdiyi aliment məhkəmənin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə tutulur. Buna görə də iddiaçının tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün 06 avqust 2020-ci il tarixdən sonra tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Əksinə keçən müddət ərzində cavabdehin nəinki gəliri artmış, əksinə işdən azad olunaraq aylıq gəlirindən məhrum olmuşdur. Əvvəlki qətnamə ilə cavabdeh üst-üstə 210 manat aliment ödəyir. Məhkəmə hesab edir ki, iddiaçı 06 avqust 2020-ci il tarixdən sonra özünün və ya cavabdehin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsini nəinki sübut etməmiş, ümumiyyətlə belə bir dəyişikliyin baş verməsinə belə istinad etməmişdir. Buna görə də iddia aşkar surətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar