Məhkəmə qərarları › İş №2(043)-859/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-859/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-859/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, iddiaçı X5 nümayəndəsi (vəkili) X10 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" QSC-nə qarşı “hərracın nəticəsinin ləğv edilməsi, yekuna dair bağlanmış protokolun, alqısatqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 (bundan sonra Külək MMC), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi (bundan sonra DƏDRX 3 saylı Ərazi İdarəsi) və “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra “X20 Azərbaycan” QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekununa dair bağlanmış 28.11.2017-ci il tarixli, 64/02 nömrəli protokolunun, alqı-satqı müqaviləsinin və hərracın yekununun keçririlməsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “X20 Azərbaycan» QSCnin Gəncə filialı ilə aralarında bağlanmış kredit müqaviləsinə və ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsi, 118 saylı ünvanda yerləşən fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-533/2017 saylı, 10.02.2017-ci il tarixli icra vərəqəsinin, Gəncə şəhəri üzrə İcra İdarəsinin 175204/17 A.H saylı, 28.07.2017-ci il tarixli sifariş məktubunun və «X20» QSC-nin 14.11.2017-ci il tarixli məktubunun icrasına əsasa fərdi yaşayış ev açıq hərracdan satılmış, keçirilmiş hərracda mübahisəli mülkü bank alaraq mülkiyyətinə keçirmişdir. Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzində evin satışa çıxarılması barədə cavabdeh təşkilat tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. Formal olaraq 2 dəfə hərrac təyin edilmiş və guya ki, üçüncü dəfə «X20» QSC ipoteka ilə yüklü edilmiş evi almışdır. Mübahisəli mülk 50.000 manat qiymətləndirilmişdir. Mülk düzgün qiymətləndirilməmiş, evi qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi alınmamışdır. Ona görə də bu gün dəyəri 100.000 manat olan ev 50.000 manat qiymətləndirilmişdir, mülkiyyətçi kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Buradan sual yaranır ki, niyə mülkün qiyməti süni şəkildə aşağı salınmış və bank həmin evi üçüncü hərracda, necə deyərlər, su qiymətinə almışdır. Niyə bu gün real dəyəri 100.000 manata olan ev satış zamanı aşağı qiymətə, 31.875 manata, yəni evin dəyərinin 1/3 qiymətinə alınır? Odur ki, hesab edir ki, hərrac tam qanun pozuntuları ilə keçirilmiş və nəticədə onun evi əsassız və qanunsuz olaraq bankın mülkiyyətinə keçirilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ona görə də keçirilmiş hərracın nəticələri ləğv edilməklə, həmin çıxarış da ləğv edilməli və mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddianın məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsində onların iddiasının dəlili, yəni X1 hərraclardan məlumatsız olması özünün tam təsdiqini tapmışdır. Hərracın keçirilməsi barədə iddiaçının məlumatlandırılmaması isə səbəbsiz olmamışdır. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə X9 və X2 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 26359,02 manat əsas borc, 4298,24 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 30757,26 manat pulun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmeti olan, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsi, 118 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50 000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin iş üzrə mübahisə hazırda da davam edir və həmin mülki iş üzrə 11 sentyabr 2019-cu il tarixli ekspert rəyindən də görünür ki, X5 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcunun 27043,84 manat, faiz borcunun isə 4145,86 manat olması müəyyən edilmişdir. Bundan başqa ekspert rəyində hesablamanın aparıldığı 23.01.2017-ci il tarixdən sonra banka ödənilmiş 30831,01 manat ödənişin nəzərə alınmadığı qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən kredit müqaviləsi üzrə əlavə olaraq 30831,01 manat ödəniş edilsə də bank tərəfindən hərrac zamanı bu məbləğ nəzərə alınmamışdır. Cavabdehlər "xxxx" MMC, DƏDRX 3 saylı Ərazi İdarəsi və “X20 Azərbaycan” QSCyə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh “X20 Azərbaycan” QSC-nin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC yeddi dəfə iddiaçının ünvanına hərracın keçirilməsi ilə bağlı bildiriş göndərmiş, onlardan ikisini “Tağıyeva” soyadlı şəxs, ikisini isə “Tağıyev” soyadlı şəxs, üçünü isə “Abuzərli” soyadlı şəxs xəbərnamələrə imza etməklə qəbul etmişdir. Bildirişi qəbul edən şəxs onu əsl sahibinə verməyə borcludur. Həmçinin, qanunvericiliyin tələbinə uyğun olaraq əmlak hərraca çıxarılmamışdan əvvəl kütlləvi informasiya vasitələrində elan verilmişdir. Həmin qəzetin tiraj səhifəsi də iş materiallarına əlavə olunmuşdur. Hərracın keçirilməsi zamanı bildirişin şəxsən verilib-verilməməsi əhəmiyyət daşımır. Qanunvericilikdə yalnız bildirişin göndərilməsi vəzifəsi müəyyən edilir ki, buna da riayət edilmişdir. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə verilmiş izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, iş üçün əhəmiyyət kəsb edən və məhkəmə iclasında tədqiq edilmiş sənədlər aşağıdakılardır: Gəncə şəhər üzrə İcra İdarəsinin "xxxx" MMC-yə hərracın keçririlməsi haqqında sifarişindən görünür ki, 12 iyun 2017-ci il tarixli qərarla icraata başlanılmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-533/17 saylı, 10.02.2017-ci il tarixli icra sənədi üzrə borclu X7 məxsus olan Gəncə şəhəri, X19 küçəsində yerləşən 118 saylı fərdi yaşayış evi (ilkin satış qiyməti 50.000 manat) barədə hərracın keçirilməsini xahiş etmişdir. Açıq hərracın keçirilməsinə dair 25 avqust 2017-ci il və 08 sentyabr 2017-ci il tarixli, 01 və 01/2 nömrəli bildirişlərdə X8 və X7 Gəncə şəhəri, X19 küçəsində yerləşən 118 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinə dair məlumat qeyd edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş FM Express” poçt rabitəsinə aid X3 adına olan 038219 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Abuzərov” yazıları, X5 adına olan 038215 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyev” yazıları, X3 adına olan 034899 saylı poçt qəbzində “Alıcı: İmza qrafasındakı imza və “Allahverdi Abuzərov” yazıları, X5 adına olan 034898 saylı poçt qəbzində “Alıcı: İmza qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları, 033687 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasında bu ünvanda yaşamır yazısı, X5 adına olan 033688 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları, X5 adına olan 036112 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyev” yazıları, X3 adına olan 036075 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasında imza və Abuzərov yazıları qeyd olunmuşdur. "xxxx" MMC-dən X9 və X6 ünvanlanmış 03 noyabr 2017-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, X19 küçəsində yerləşən 118 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 03 noyabr 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş, X13 64/02 nömrəli Protokolun surətindən görünür ki, X7 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsində yerləşən, 118 saylı fərdi yaşayış evinin (ipoteka predmeti) ilkin hərrac qiyməti 50000, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 42500 müəyyən edilmiş, ipoteka predmetini 25 faiz aşağı olan qiyməti 31.875 manat dəyərində tələbkar (“X20 Azərbaycan” QSC) əldə etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 20.11.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında “X20 Azərbaycan” QSC-yə məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 4/725 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “FM Express” poçt rabitəsinə aid X5 adına olan 033688 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları, 036112 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyev” yazıları, 038215 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyev” yazıları 034898 saylı poçt qəbzində “Alıcıı: İmza qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları –X9 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə görə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 40-cı maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan da göründüyü kimi, keçirilən heç bir hərrac barəsində ipoteka qoyana lazımi qaydada məlumat verilməmişdir. Açıq hərracın keçirilməsinə dair bildirişlər X7 ünvanlanıb onun adından imzalanıb qəbul edilmiş kimi göstərilsə də iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının 14 iyul 2021-ci il tarixli, 4/725 nömrəli ekspert rəyindən görünür ki, həmin qəbzlərə iddiaçı imza etməmiş, qrafadakı imza və “Tağıyeva Mahinurə” yazıları ona məxsus olmamışdır. Məhkəmə cavabdeh “X20 Azərbaycan” QSC-nin nümayəndəsinin etirazının dəlilinə münasibətdə qeyd edir ki, hərrac təşkilatının xəbərdar etmə vəzifəsini bildirişi rabitə orqanına verməklə məhdudlaşmasını qəbul etmək həmin bildirişin əhəmiyyətsizliyinə gətirib çıxarır. Belə ki, ipoteka qoyanın hərracla bağlı məlumatlandırılması formal xarakter daşımır və ipoteka qoyanın hərrac zamanı bir sıra hüquqlarını təmin etmək, o cümlədən ipoteka qoyanın özünün də hərracda iştirak etmək hüququnu təmin etmək məqsədi daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, hərracın ipoteka qoyanın məlumatı olmadan keçirilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hərrac nəticəsində hazırkı iş üzrə iddiaçının mülkiyyətində olmuş Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evi “X20 Azərbaycan” QSC-nin mülkiyyətinə keçmişdir. Hərracın nəticələri etibarsız hesab edildiyindən həmin fərdi yaşayış evinə “X20 Azərbaycan” QSC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd də etibarsızdır. İddiaçının ipoteka müqaviləsinə xitam verilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələb əsassızdır. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən opotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. İddiaçı nəyə əsasən ipotekaya xitam verilməli olduğunu göstərməmiş, ipotekaya xitam verilməsi üçün əsasların olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı ipotekaya xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri aşkar edilməmişdir. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumundan və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı tədqiqatın dəyərindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu 30 manat, ekspertiza tədqiqatının dəyəri isə 140 manatdır. Məhkəmə iş üzrə əsas tələbin hərracın nəticələrinin etibarsız hesab edilməsi olmasını, digər tələblərin isə həmin tələbdən qaynaqlanmasını və iddianın qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçı, Külək MMC və “X20 Azərbaycan” QSC arasında bölünməlidir. Təmin edilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, 7,50 manat hissəsi Külək MMC-dən, 7,50 manat hissəsi “X20 Azərbaycan” QSC-dən alınaraq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyərinin 70 manat hissəsi iddiaçıdan, 35 manat hissəsi Külək MMC-dən, 35 manat hissəsi isə “X20 Azərbaycan” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı keçirdiyi hərrac və həmin hərracın nəticələri üzrə 28 noyabr 2017-ci il tarixli, 64/02 saylı X13 Protokol hesab edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsində yerləşən 118 saylı fərdi yaşayış evinə “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeyd etibarsız hesab edilsin və həmin qeydlə bağlı verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 20.11.2018-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 7,50 manat (yeddi manat əlli qəpik) hissəsi Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1ndən, 7,50 manat (yeddi manat əlli qəpik) hissəsi “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq iddiaçı X7 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 140 manat pulun 70 (yetmiş) manat hissəsi iddiaçı X4, 35 (otuz beş) manat hissəsi Respublika Xammal və X16 Məhdud Məsuliyyətli Cəmiyyətindən, 35 (otuz beş) manat hissəsi isə “X20 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar