Məhkəmə qərarları › İş №2(043)-862/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-862/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-862/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayənəsi X2, Cavabdeh2 və onun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə «ASAN xidmət» mərkəzinin Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə «ASAN xidmət» mərkəzinin Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus olan 1/2 hissəsinə görə onunla Cavabdeh2 arasında Gəncə “Asan Xidmət” mərkəzinin Notariat Kontorunda bağlanmış 03 oktyabr 2018-ci il tarixli 4Ə- 2858 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı əsasında mülkə dair verilmiş çıxarışın həmin hissədə ləğv edilərək mülkün əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun bacısıdır. O, paylı mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus olan ½ hissəsinə görə Gəncə “Asan Xidmət” mərkəzinin Notariat Kontorunun 03 oktyabr 2018-ci il tarixli 4Ə-2858 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh onun ruhi xəstəliyindən sui-istifadə edib ona zorakılıq etmiş və eyni zamanda onu öldürməklə hədələmiş, məcburiyyət qarşısında qalıb hazırkı müqaviləni bağlamışdır. Əks halda özünün 20000 ABŞ dollarına aldığı evi 10000 ABŞ dollarına satmazdı. Cavabdeh ona qarşı zorakılıq işlədib Kəpəz rayon məhkəməsinin iclas zalının qarşısında barmağını qırmış, hazırda barmağı iki yerdən əyri qalmışdır, bu barədə cinayət işi açılmışdır. Lakin, sonradan yenə də cavabdeh tərəfindən hədələndiyi üçün məcbur olub barışıq ərizəsi verdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh ona qarşı zorakılıq və hədə təsirləri göstərən ərəfədə və onu evindən çölə qovanda o nəhayət məcburiyyət qarşısında qalıb 27.09.2018-ci il tarixdə Space kanalında “Gəl dərdini danış” verilişinə çıxıb evinin bacısı tərəfindən zorla əlindən almasını bildirmişdir. O, 2-ci qrup əlildir ruhi xəstədir və eyni zamanda həmin ərəfədə onun beynində şiş-xərçəng olmuşdur. Sonradan 27.12.2018-ci ildə Türkiyə Respublikasında sığorta yolu ilə ödənişsiz beyin əməliyyatı etdirmişdir. Cavabdeh2 onun bu kimsəsizliyindən, xəstəliyindən sui-istifadə edib, evin ona aid olan hissəsini ona satmağa onu məcbur etmişdir. O, bu illər ərzində ruhi dispanserdə qeydiyyatda duran, 2-ci qrup əlil, beynində şiş olan adamın bu vəziyyətində ona qarşı zor tətbiq etməklə ona psixoloji təsir edib və hədə-qorxu gəlməklə, onu məcbur edib evin ona məxsus olan hissəsini demək olar ki, sözün əsl mənasında əlindən almışdır. Dəyərindən qat-qat aşağı qiymətə satılması da onu göstərir ki, o, məcbur olub evi satmışdır. Odur ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X3 hər biri ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddiasının əsaslandığı hallardan biri hazırda mübahisə premeti olan evi 20000 ABŞ dollarına alıb, lakin 10000 ABŞ dollarına satmasıdır ki, bununla bağlı onu qeyd edir ki, iddiaçının evin ½ hissəsini qardaşı ona 20000 ABŞ dolları borcun əvəzində bağışlamışdır. Həmin vaxt 1 ABŞ dolları 0,78 manat olmuşdur. İddiaçı evin ona düşən hissəsini ona 2018-ci il tarixdə satarkən isə 1 ABŞ dolları 1,70 manat olmuşdur. Yəni, iddiaçı təxminən 15000 manatın əvəzi kimi əldə etdiyi ½ payı 17000 manata ona satmışdır. Digər tərəfdən qeyd edir ki, iddiaçı ilə onun arasında əvvəllər məhkəmə mübahisələri olsa da, sonradan onunla barışıq əldə etmiş və həmin dövrdə mübahisəli evin ½ hissəsi iddiaçı tərəfindən ona satılmış, iddiaçıya xəsarət yetirməsi ilə bağlı onun barəsində başlanılmış cinayət işinə xitam verilmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış, həmin vaxtı o, iddiaçıya qarşı zor tətbiq etməmiş, ona qarşı hədə-qorxu gəlməmişdir. İddiaçının bu barədə dediklərinin hamısı yalandır. Sonradan iddiaçı ilə aralarında yenidən mübahisə yarandığına görə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddianı qəbul etməyərək, iddianını rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gəncə «ASAN xidmət» mərkəzinin Notariat Kontorunun nümayəndəsi X14 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı və Cavabdeh2 notariat orqanına gəlib alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Vətəndaş bu barədə müraciət etdikdə, dörd mərhələdən keçirilməklə hər mərhələdə vətəndaşa alqı-satqı müqaviləsi bağlanması ilə əlaqədar hüquq və vəzifələri izah edilir. Müqavilə bağlanarkən hər hansı şübhənin yaranması halında notarius müqaviləni notarial qaydada təsdiqləməkdən imtina edir. İddiaçı və Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən, tərəflərə hüquq və vəzifələri, müqavilənin predmeti və digər məsələlər ətraflı izah edilmişdir. Digər tərəfdən, müqavilə bağlanarkən, tərəflərdən hər hansı birinin hədə-qorxu altında müqaviləni imza etməsi müşahidə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan 13 oktyabr 2015-ci il tarixli ərizələrdən, daşınmaz əmlakın bağışlanması barədə 13 oktyabr 2015-ci il tarixli müqavilədən, qanuni qüvvəyə minmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3270/2016 saylı, 27 may 2016-cı il tarixli qətnaməsindən görünür ki, X1 Gülçöhrə Cəmil qızına olan 20000 ABŞ dollarının müqabilində ünvan 3 ünvanda yerləşən evin ona məxsus ½ pay hissəsini, eləcə də X8 həmin evin ona məxsus ½ pay hissəsini İddiaçı bağışlamışdır. Sonradan məhkəmənin qətnaməsinə əsasən bağışlama müqaviləsinin X4 ½ payının bağışlanması hissəsi, eləcə də həmin evin ½ hissəsinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, həmin evin üzərində ½ hissədə X4 payı saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 09.08.2018 tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 fərdi yaşayış evi (0.06 ha torpaq sahəsində yerləşən 51.6 kvm iki yaşayış otağından ibarət olan yaşayış evi) Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27.05.2016-cı il tarixli 2(043)-3270/2016 saylı qətnamə və icra vərəqəsinə əsasən X5 1/2 hissə və İddiaçı 1/2 hissə adlarına qeydiyyata alınmışdır və onların adlarına 02.08.2017-ci il tarixli **********, 12.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontorundan 3 saylı Gəncə Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuş 16.05.2018-ci il tarixli 4Ə-1443 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 mülkdə olan payını Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ½ hissədə Cavabdeh2 və ½ hissədə isə İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/2129 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 02 avqust 2017-ci il tarixinə bazar dəyəri 30000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 03.10.2018-ci il tarixli, AN-İ ******* nörməli notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı paylı mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ona məxsus ½ hissəsini Cavabdeh2 17000 (on yeddi min) manata satmışdır. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan 03.10.2018-ci il tarixli **********386 nömrəli ərizədən görünür ki, İddiaçı Notariat Kontoruna müraciət edərək qeyd etmişdir ki, o öz iradəsi ilə ünvan 3 ünvanda yerləşən ½ hissədə olan payını bacısı Cavabdeh2 satmışdır. Gələcəkdə satdığı əmlaka dair bacısına və anası X6 qarşı iddiası, tələbi və şikayəti olmayacaqdır. Ərizə onun notariat kontorunda çəkilmiş foto şəkli, öz xətti ilə yazılmış adı soyadı ata adı və imzası qeyd olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq 19.10.2018-ci il tarixdə dövlət reyestrində 112 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi bundan əvvəl bərabər hissədə (½ hissədə) tərəflərin – İddiaçı və Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı həmin əmlak üzərində ½ hissədə payını qardaşı Şəmil Qasımov bağışlama müqaviləsi əsasında ona hədiyyə etmişdir (20000 ABŞ dolları borcun müqabilində). Daha sonra 03 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində ona məxsus olan ½ payını bacısı – cavabdeh Cavabdeh2 17000 manata satmışdır. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirərək bildirirmişdir ki, cavabdeh müqavilə bağlanan zaman ona zorakılıq göstərmiş, ona hədə qorxu gəlmiş, o da öz iradəsi ilə deyil, məhz həmin zorakılığın və hədə-qorxunun təsiri altında paylı mülkiyyətlərində olan evin ona məxsus payını cavabdehə satmışdır. Buna görə də, onunla cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh tərəf isə iddiaı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını və mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının əqli vəziyyətinin normal olduğunu, ona qarşı hər hansı formadan zorakılıq, hədə-qorxu gəlinmədiyini, müqaviləni öz iradəsi ilə bağladığını bildirmişlər. Məhkəmə, ilk öncə iddiaçının əsaslandığı hallara və təqdim etdiyi sübutlara hüquqi qiymət və münasibət bildirərək aşağıdakıları qeyd edir: İddiaçı məhkəməyə bir ədəd DVD disk təqdim etmiş və bildirmişdir ki, həmin diskdə olan video görüntülərdə olan, iddiaçının televiziya proqramına çıxması tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, yəni 27.09.2018-ci il tarixdə tərəflərin mübahisəli vəziyyətdə olmasını təsdiq edir. Məhkəmə tərəfindən qeyd olunan diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də “Space” televiziyasında yayımlanan “Gəl dərdini danış” proqramına müraciət etmiş, həmin proqramda o, anasının və bacısının evini əlindən aldığını bildirmişdir. Lakin, iddiaçı orada məhz “bacı” sözünü hansı bacısı barəsində qeyd etdiyini bildirməmiş, konkret olaraq hazırki iş üzrə cavabdeh olan bacısı Cavabdeh2 adını çəkməmişdir. Həmçinin iddiaçı həmin görüntülərin məhz müqavilə bağlanmamışdan qısa bir müddət əvvəl çəkilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, diskdə olan görüntülərin hansı tarixə aid olduğu məhkəmə tərəfindən müəyyən edilə bilinmədiyindən, həmin görüntülər iddianı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı həm iddia ərizəsində həm də məhkəmə iclasındakı izahatında, mübahisələndirilən fərdi yaşayış evinin ½ hissəsini 20000 ABŞ dollarına aldığını, əgər hədəqorxu olmasaydı həmin payı 10000 ABŞ dollara satmayacağını, bu halın özlüyündə iddianı təsdiq etdiyini bildirmişdir. Məhkəmə əvvəla qeyd edir ki, mülki işin materiallarına əsasən iddiaçı mübahisəli evin ½ hissəsini alqı-satqı yolu ilə 20000 ABŞ dollarına almamış, qardaşı Şəmil Qasımov iddiaçıya olan 20000 ABŞ dolları borcunun müqabilində həmin evdə olan ½ hissədə payını ona bağışlamışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə edilmiş məlumatdan görünür ki, X16 ilə İddiaçı arasında mübahisəli evin ½ hissəsinə dair bağışlama müqaviləsinin bağlandığı 13 oktyabr 2015-ci il tarixdə 1 ABŞ dolları 1,0475 manat olmuşdur. Başqa sözlə, həmin dövrdə 20000 ABŞ dolları 20950 manata bərabər olmuşdur. Lakin, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlandığı dövrdə evin qiymətinin təxmini olaraq 30000 manat olması müəyyən edildiyindən, evin ½ hissəsinin 17000 manat qiymətə satılmış olması mümkündür. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339-cu maddələri maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh2 tərəfindən ona qarşı zorakılıq və hədə-qorxu gəlindiyinə görə alqı-satqı müqaviləsini imza etməsini bildirsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. İiş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Belə ki, məhkəmə iclasında şahid dindirilmiş X10 da ifadəsində bildirmişdir ki, "Gəncə Asan Xidmət Mərkəzi" Notariat Kontorunda mütəxəssis vəzifəsində işləyir. 2018-ci ilin oktyabr ayında İddiaçı və Cavabdeh2 notariat orqanına gəlib alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Vətəndaş bu barədə müraciət etdikdə, dörd mərhələdən keçirilməklə hər mərhələdə vətəndaşa alqı-satqı müqaviləsi bağlanması ilə əlaqədar hüquq və vəzifələri izah edilir. Belə ki, əvvəlcə qəbul şöbəsində, sonra müqavilə tərtib edilərkən, daha sonra müqavilə reystrdə qeydə alınarkən və ən sonda müqaviləni tərəflər imzaladıqdan sonra notarius tərəfindən təsdiq olunarkən müqavilənin məzmunu, predmeti və digər məsələlər tərəflərə izah olunur. Hazırki mülki iş üzrə tərəflər də notariat orqanına müraciət edərkən, onlara müqavilənin məzmunu, hüquq və vəzifələri ətraflı izah olunmuşdur. Digər tərəfdən, müqavilə bağlanarkən tərəflərdən hər hansı birinin hədə-qorxu altında müqaviləni imza etməsi halı müşahidə edilməmişdir. Həmçinin mülki işin materiallarına əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması barədə 10 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, İddiaçı 23 iyul 2018-ci il tarixdə az ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına İddiaçı Cavabdeh2 ilə barışması səbəbindən xitam verilmiş, Cavabdeh2 cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığı 03 oktyabr 2018ci il tarixdən qısa bir müddət sonra İddiaçı istintaq orqanına ərizə ilə müraciət edərək bildirmişdir ki, bacısı Cavabdeh2 onu vurub az ağır xəsarət yetirməsinə baxmayaraq, səmimi peşmançılıq çəkdiyindən ondan heç bir şikayəti yoxdur və onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Cinayət işinin istintaqını aparan müstəntiqin 10 oktyabr 2018-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və şahidin ifadəsini nəzərə alaraq hesab edir ki, İddiaçı müqaviləni zorakılıq və hədə qorxu altında bağlaması ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia digər tərəfdən həm də ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş (kəsici) müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Həmin qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əqdin zorakılıq, hədə-qorxu altında bağlanmasını əsas gətirərək etibarsız sayılmasına dair iddia tələbləri üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı alqı-satqı müqaviləsini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. Göründüyü kimi, iddiaçı üç ildən artıq müddət keçdikdən sonra alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı müddəti ötürməsinin beynindən əməliyyat olunması və səhhətində olan problemlərlə əlaqələndirsə də, məhkəmə əvvəla qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədə əsasən o, 27.12.2018-ci il tarixdən 01.07.2019-cu il tarixədək müddətdə stasionar qaydada müalicədə olmuşdur. Həmin müddətdən sonra iddiaçının əqdi mübahisələndirmək üçün kifayət qədər müddəti olmuşdur. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin üzrlü səbəbdən ötürülməsi halında bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə “Asan Xidmət” Mərkəzinin notariat kontoruna qarşı iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli evə dair Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın hissəvi ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair bağlanmış 03.10.2018-ci il tarixli alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli mənzildə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və Gəncə «ASAN xidmət» mərkəzinin Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar