Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-869/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ev siqnal ötürücüsünün dəyəri olan 108,32 manat vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1: təsnifat kodu 142330; valyuta: azn, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)- 105/2021 saylı. 01.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1. 178.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 14.07.2021-ci il tarixdə idarənin icra məmuru Qılıc Hüseynov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrinin istifadə qaydaları, habelə həmin vasitələri zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adapteri, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd qolbaq, 01 ədəd qolbağın yükləmə qurğusu və 03 ədəd ev siqnal ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Bu elektron nəzarət vasitələrinin istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 02.12.2021-ci il tarixdə idarədə olan zaman cəzasının sonu ilə əlaqədar 14.07.2021-ci il tarixdə ona təhvil verilən elektron nəzarət vasitələrinin təhvil alınması zamanı 1 ədəd ev siqnal ötürücüsünün olmadığı müəyyən edilmişdir. Bununla bağlı məhkum Cavabdeh izahat alınmış, o izahatında 1 ədəd ev siqnal ötürücüsünün yandığını və buna görə də qurğunu tulladığını etiraf etmiş və məhkuma 1 ədəd ev siqnal ötürücüsünün dəyərinin ondan tutulacağı ilə bağlı 02.12.2021-ci il tarixli bildiriş verilmişdir. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından 1 ədəd ev siqnal ötürücüsü itmiş və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş 1 ədəd ev siqnal ötürücüsü dəyəri 108,32 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-105/2021 saylı 01.06.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-in 67.1-ci və 69.3-cü maddələri tətbiq olunmaqla üzərində qəti olaraq 4 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan 14.07.2021-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh mənzilinə üç ədəd ev nəzarət stansiyaları quraşdırılmış, bir ədəd mobil qurğu və onun ayağına bir ədəd sadə elektron qolbaq bağlanmışdır. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş 02.11.2018-ci il tarixli məktubdan məlum olur ki, ev siqnal ötürücüsünün dəyəri 108,32 manat manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalardan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş ev siqnal ötürücüsünü kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək onu zədələmiş və daha sonra həmin qurğunu tullamış, bununla da maddi ziyan vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 1000 manatadək olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İddia tam həcmdə təmin edilməli olduğundan, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 108,32 manat (yüz səkkiz manat otuz iki qəpik) pul tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1: təsnifat kodu 142330; valyuta: azn, VÖEN: **********) ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-869/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-869/2022
24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver