Məhkəmə qərarları › İş №2(043)-880/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-880/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-880/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğinin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2017-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, alimentin artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2016-ci ildə avqust ayında qeyri-rəsmi olaraq, ailə qurmuşlar. Nikahlarını isə cavabdehin anasının narazılığı olduğu üçün rəsmiləşdirə bilməmişlər. Söz vermişlər ki, uşaq olanda rəsmiləşdirirlər. Birgə yaşadıqları dövrdə bir uşaqları xx xxxxxxxx 2017-cı il təvəllüdlü X3 anadan olmuşdur. O gəlin köçəndə cavabdehin valideynlərinin yaşadığı ünvana ünvan 1 getmişdir. Ailə qurduqları vaxtdan bir il sonra aralarında mübahisələr yaranmışdır. Gah barışır gah da ayrılmışlar. Valideynlərinin təkidi ilə, yəni atasının təkidi ilə yaşamışdır. Cavabdeh ona teztez işgəncələr vermişdir. 2017-cu ilin sentyabr ayında onu təhqir edərək, evdən qovmuşdur. Ona o qədər mənəvi əzab vermişlər ki, az qalır ki dəli olsun. Uşaqları anadan olanda dedilər ki, uşaq qızdı ona görə də onu evdən qovmuşlar. Hal-hazırda valideynləri ilə yaşayır. Uşağa da ona da valideynləri baxır. İndi artıq tamam ayrılmışlar. Toyda alınan qızıl-zinət əşyalarını qaynanasının qorxusundan istifadə edə bilmədiyi üçün onlarda qalmışdır. Çünki o qızılları ona taxmağa icazə verməmişdir ki, o onda gözəl görünür. Guya qısqanclıqdan qızılları istifadə etməyə icazə verməmişdir. Beləliklə qızıl-ziynət əşyaları onlarda qalmışdır. O bir neçə gün atasıgildə qaldıqdan sonra cavabdehə zəng etmişdir. Cavabdeh ona kobud cavab vermiş və beləliklə onların ailəsi dağılmışdır. Artıq ayrı yaşayırlar. Uşaqları onun himayəsində qalıb. Cavabdeh uşağın saxlanması üçün heç bir köməklik göstərmir. O özü işləmir, heç bir yerdən gəliri yoxdur. Uşağın saxlanması üçün çox çətinlik çəkir. Atasıgildə qalır. Köməyi yoxdur, çox imkansız vəziyyətdə yaşayır. Adi Pampers almağı atasına deməyə utanır. Uşaq üçün kolqotkanı utana-utana atasına aldırır. Bildirir ki, Cavabdeh maddi imkanı çox yaxşıdır. O aralıq işləri ilə məşğul olur. O, uşağına uşaq yeməyi ala bilmir. Adi peçenye almağa imkanı yoxdur. O məcbur olub uşağı saxlamaq üçün atasıgilə köçmüşdür. Anası da işləmir. Atası da aldığı pensiya ilə onları saxlayır. Hamıya məlumdur ki, qadınlar üçün iş tapmaq olmur. Uşağı olan qadına da heç yerdə işə qəbul etmirlər. Yuxarıda göstərdiklərini əsas tutaraq o da məcbur olub Kəpəz rayon Məhkəməsinə alimentin ödənilməsi tələbi ilə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qət edilmşdir. Cavabdeh bu günə kimi qəsdən adı çəkilən qətnaməni icra etmir. Aliment ödəməkdən imtina edir. Təyin edilmiş alimenti ödəmir. 2019cu il tarixdən bu günə kimi 1260 (min iki yüz altmış) manat aliment borcu yaranıb. Özü də deyir ki, ayda cəmisi 1000 manat alıram. Ondan sənə ödəsin. Pul özünə zornan çatır. Belə çıxır ki, o ayda min manata dolanmır, o isə pulsuz uşaq saxlamalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə verərək, iddia tələbinə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3341/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “atalığın müəyyən edilməsi” haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdə İddiaçı doğulmuş X1 atasıdır. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3341/2018 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 130 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 130 manat məbləğində aliment xx.xx.2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən üç ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 3341/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 20 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 500 manatdan az təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)- 3341/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar