Məhkəmə qərarları › İş №2(043)-883/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-883/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-883/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 ABŞ dolları və 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mərhum qızının yaxın dostu olub, münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin dekabr ayında cavabdeh ona müraciət edərək ailəsində yaranmış maddi sıxıntı ilə bağlı pula ehtiyacı olduğunu bildirmiş və ondan 15000 manat pul alaraq yaxın zamanda qaytaracağını bildirmişdir. Hazırda həmin borc pulun bir qismini qaytarmış, 2500 ABŞ dolları və 3000 manat hissəsi isə qalmışdır. Münasibətləri yaxşı olduğu üçün borca dair heç bir rəsmiləşdirmə etməmişlər. Cavabdehlə aralarında yaranmış mübahisə zamanı 21.12.2021-ci il tarixdə Əliyev Rəfiqə 102 xidmətinə zəng etmiş və Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsinin TB-də araşdırma aparılmışdır. Araşdırma zamanı mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Təhqiqat zamanı Cavabdeh həqiqətən ondan aldığı 15000 manat borcdan 2500 ABŞ dolları və 3.000 manat ödənilməmiş qaldığını bildirmiş və imkan olduqda borcunu ödəyəcəyini bildirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona olan pul borcunu ödəmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 2020-ci ilin dekabr ayında cavabdeh ona müraciət edərək, ondan 15000 manat borc istəmişdir. Lakin, o, həmin vaxt pulun bir hissəsini 2500 ABŞ dolları şəklində, qalan hissəsini isə milli valyuta ilə vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh pulu aldığı valyutalarla ilə geri qaytarmalı idi. Cavabdeh borc kimi götürdüyü borcun milli valyuta hissəsinin əksər hissəsini ödəsə də, 3000 manat hissəsini ödəməmişdir. 2500 ABŞ dolları borcdan isə heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında bildirdi ki, iddiaçıdan pulu atası üçün almışdır. Borc əslində atasının borcudur. Həmin vaxt qardaşı atasının borcunu ödəyəcəyini bildirsə də sonradan ödəməmişdir. O, borcu inkar etmir, lakin borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. Odur ki, hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Flora adlı qadının onu döyməsi ilə bağlı müraciəti üzrə aparılmış təhqiqat araşdırması zamanı toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, 1 il öncə Flora adlı qadından 15000 manat pul almış, həmin puldan hissə-hissə ödəsə də, hazırda ona 2500 ABŞ dolları və 3000 manat borcu qalmaqdadır. Lakin, hələki borcunu qaytara bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə, eləcə də 27.12.2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda əks olunmuş cavabdehin izahatı ilə müəyyən olunur ki, iddiaçı bir hissəsi 2500 ABŞ dolları olmaqla, ümumilikdə 15000 manat pulu borc kimi cavabdehə vermiş, tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmiş pul, verildiyi valyuta ilə geri qaytarılmalı idi. Cavabdeh borc kimi aldığı pulun milli valyutada olan hissəsindən müəyyən ödənişlər etmiş və onun milli valyuta ilə 3000 manat borcu qalmış, borcun xarici valyuta olan hissəsindən isə heç bir ödəniş etməmiş və onun xarici valyuta ilə 2500 ABŞ dolları borcu qalmaqdadır. Cavabdeh məhkəmə iclasında da iddia tələbində göstərilən məbləğlərdə iddiaçıya borcunun olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ilin dekabr ayında tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə ümumilikdə 15000 manat pul (bir hissəsi 2500 ABŞ dolları şəklində) borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2020-ci ildə bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıdan ümumilikdə 15000 manat pulu (bir hissəsi 2500 ABŞ dolları, qalanı milli valyuta ilə) aldığı, lakin həmin borcdan 2500 ABŞ dolları və 3000 manat məbləğinin qaytarılmadığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin həm məhkəmə iclasında verdiyi izahatı, həm də təhqiqat araşdırması zamanı verdiyi izahatı ilə həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 2500 ABŞ dolları və 3000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 91 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 ABŞ dolları pul (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), 3000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar