Məhkəmə qərarları › İş №2(043)-89/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-89/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-89/2021 02.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İlk iddia üzrə iddiaçı «xxxx» MMC-nin ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh «xxxx» MMC-yə qarşı “qüsurların aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə iddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə “Hoffmann İWAC” markalı kondisioner üçün 1012 manat borc, 50 manat cərimə məbləği, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1092 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffman İwac” markalı kondisioner almış və nəticədə 1062 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1072 manat (24 ay x 44 manat+ 16 manat ilkin ödəniş) “Hoffman İwac” markalı kondisioner üçün 1062 manat olmaqla, ondan 1012 manat ödənilmiş hissə, 50 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 60 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İlk iddia üzrə Cavabdeh (ilkin iddia üzrə iddiaçı) «xxxx» MMC-yə qarşı “qüsurların aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia irəli sürərək ilk iddia rədd edilməklə cavabdeh «xxxx» MMC-dən alınmış “Hoffmann İWAC” markalı kondisionerin qüsurlarının cavabdeh tərəfindən əvəzsiz aradan qaldırılması və ona dəymiş 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, O «xxxx» MMC-dən xx.xx.2019-cu il tarixdə pulunu hissə-hissə ödəmək şərti ilə 1072 manat dəyərində “Hoffmann İWAC” markalı kondisioner almışdır. Kondisioner zəmanət şərtləri ilə alınmış və cavabdeh tərəfindən zəmanət talonu təqdim edilmişdir. Kondisioner iddiaçının yaşadığı, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2, bina 4 11 saylı mənzilə quraşdırıldıqdan bir neçə gün sonra qüsurlu olduğu aşkar olunmuşdur. Belə ki, kondisioner işə salınarkən bayıra quraşdırılmış avadanlığın mühərrik hissəsindən daimi olaraq güclü səs gəlməyə başlamışdır. Həmin səs onları və qonşuluqda yaşayan şəxsləri narahat edəcək şəkildə və normal işləyən kondisioner səsindən dəfələrlə artıq gəlir. Bu da yaşadığı bina evində qonşuların haqlı narazılıqlarına səbəb olur. O da məcbur qalıb kondisioneri işlətməmişdir. O kondisionerdə qeyd edilən qüsuru aşkar etdikdə bu barədə cavabdehə dərhal müraciət etmişdir. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və bu vaxta qədər kondisionerdə olan qüsurun aradan qaldırılması üçün heç bir addım atmamışdır. O məcbur olub Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərdən göründüyü kimi alınmış “Hoffmann İWAC” markalı kondisionerdə aşkar olunan qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmalıdır. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əlavə olaraq mənəvi ziyan dəymişdir. Belə ki, uzun müddətdir ki, yay fəslində isti havalarda mənzilin havasını sərinləşdirmək məqsədilə aldığı kondisioneri istifadə edə bilmir. Bu onda əsəb gərginliyi yaratdı. Həmçinin qonşuları kondisionerin səsinə görə dəfələrlə evinə gəlib ona irad bildirmişlər və buna görə o əsəb gərginliyi və narahatçılıq keçirmişdir. Gəncədə yaşadığı halda dəfələrlə məsələ ilə bağlı Bakı şəhərinə gedib-gəlmişdir. Bu səbəbdən də ona dəymiş mənəvi ziyanı 10000 manat qiymətləndirir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, mülki iş üzrə təyin olunmuş və məhkəməyə daxil olmuş ekspertin rəyi ilə razı deyil. Belə ki, iş materiallarında X4nin hərhansı bir məişət avadanlıqlarının ekspertizasının (tədqiqat) aparılmasına dair şəhadətnamə və yaxud belə bir səlahiyyətini təsdiq edən heç bir sənəd əlavə olunmamışdır. Belə olan halda hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlara hüquqi qiymət verən zaman yuxarıda qeyd etdiyi halları nəzərə almalıdır. Eyni zamanda cavabdeh kondisioneri aldıqdan sonra qüsurlar barədə servisə müraciət etmiş, lakin servisdən ona bildirilmişdir ki, kondosionerdə hər hansı qüsur yoxdur, kondisionerin çıxardığı səs bu növ kondisionerlər üçün adi səsdir. Buna baxmayaraq cavabdehə montaj xərclərinin ödənilməsi şərtilə kondisionerin dəyişdirilməsi təklif edilmiş, lakin cavabdeh bununla razılaşmamışdır. Cavabdeh aldığı mala görə ödənişləri gecikdirdiyinən verilmiş zəmanət də qüvvədən düşmüşdür. Buna görə də iddiaçı malın qüsurlarının aradan qaldırılması öhdəliyini daşımır. Buna görə də ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, məhkəməyə daxil olmuş ekspert rəyi onun qarışlıqlı iddiasının əsaslı olmasını sübut edir. Ekspert rəyindən göründüyü kimi əldə etdiyi “Hoffmann İWAC” markalı kondisioner işləyərkən çöl blok hissəsində müəyyən edilmiş (qüsur) səs həmin model və marka kondisionerlərinin texniki parametrlərinə və standartlarına uyğun olmadığı müəyyən olunmuşdur. Kondisionerin səsindən dolayı onu işlətmək qeyri-mümkün olmuşdur. Kondisionerdə bu qüsur quraşdırılandan bir neçə gün sonra ortaya çıxmışdır. Dəfələrlə xxxx MMC-nin servisinə müraciət etsə də hər dəfə gələn ustalar kondisionerə yalnız baxış keçirməklə kifayətlənmiş və heç bir təmir işləri aparmamışlar. Kondisionerin səsinin adi səs olması barədə iddiaçının nümayəndəsinin dedikləri ilə razılaşmaq mümkün deyildir. Çünki, bu səs nəinki onu, hətta ətraf qonşuları da narahat edir və kondisioner işlədilərkən qonşular gəlib narazılıq edirlər. O, bütün bu hadisələrdən dolayı əsəb gərginliyi və narahatlıq keçirmiş, dəfələrlə Bakı şəhərinə getməli olmuşdur. Buna görə də ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00665955 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-dən qiyməti 1072 manat olan HOFFMANN markalı kondisioneri, hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 16-ı tarixində ayda 44 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat ödəmiş, 1062 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 210 gün gecikdirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli zəmanət talonundan görünür ki, “Hoffmann İWAC” markalı kondisioner üçün satıcı tərəfindən 3 il müddətinə zəmanət verilmişdir. İş materiallarına əlavə edilmiş, ilk iddia üzrə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi texniki servis məlumatlarından görünür ki, Cavabdeh kondisionerin qüsuru ilə bağlı ilk dəfə xx.xx.2019-cu il tarixdə olmaqla 4 dəfə kondisionerin həddən artıq səs çıxarması ilə bağlı xxxx MMC-nin texniki servisinə şikayətini bildirmiş, servis əməkdaşı tərəfindən cihazda nasazlığın aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 66 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2, bina 4, 11 saylı mənzilə quraşdırılmış “Hoffman” markalı İWAC model kondisioner işlək vəziyyətə gətirildi, əlavə səs aşkar olunmadı. Lakin cavabdehin verdiyi ifadələrdən və təqdim etdiyi, yay fəslində çəkilmiş video kadrlardan müəyyən edildi ki, kondisionerin işlək vəziyyətdə çöl blok hissəsində əlavə səslər vardır. İddiaçının nümayəndəsinin (mütəxəssisin) verdiyi məlumatlara əsasən kondisionerin çöl blok hissəsində əlavə səslər mövcuddur və həmin səslərin (qüsurun) aradan qaldırılması mümkündür. Cavabdehin təqdim etdiyi, yay fəslində çəkilmiş video kadrlardan, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2, bina 4, 11 saylı mənzilə quraşdırılmış “Hoffman” markalı İWAC model kondisioner işləyərkən çöl blok hissəsində müəyyən edilmiş səs (qüsur) həmin model və marka kondisionerlərin texniki parametrlərinə və standartlarına uyğun olmadığı müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə görə əşya alıcının mülkiyyətinə verilməli və həmin əşyanın qiyməti alıcı tərəfindən ödənilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsinə əsasən əşyalar cavabdehə 3 illik zəmanət şərti ilə satılmışdır. Cavabdeh satıcıdan “Hoffmann” markalı kondisioneri xx.xx.2019-cu il tarixdə almış, ilkin olaraq xx.xx.2019-cu il tarixdə kondisionerin səsinin normal olmaması barədə öz şikayətini bildirmişdir. Daha sonra isə bu şikayətlər mütəmadi xarakter almış, lakin satıcının texniki servis əməkdaşları cihazda hər hansı qüsur aşkarlanmadığını bildirmişlər. Buna baxmayaraq ilk iddia üzrə iddiaçı alıcının şikayəti üzrə hansı yoxlamanın aparılması və yoxlamanın nəticələrinin nəyə əsasən müəyyən edilməsi barədə heç bir sənəd təqdim etməmişdir. Alıcının dəfələrlə eyni qüsurla bağlı müraciət etməsinə baxmayaraq texniki servis məlumatından və X3 izahatından belə məlum olur ki, hər hansı ixtisaslı yoxlama aparılmamış, texniki servis əməkdaşı yalnız kondisioneri qoşaraq çıxan səsə qulaq asmış və hər hansı qüsurun olmadığını bildirmişdir. Təyin edilmiş ekspertiza isə bunun əksini, yəni kondisionerin yay fəslində işləyərkən çıxardığı səsin həmin marka və model kondisionerlərin texniki parametrlərinə uyğun olmadığını müəyyən etmişdir. Ekspertiza baxışında “xxxx” MMC-nin nümayəndəsi (mütəxəssis) də iştirak etmiş və kondisionerin çıxardığı səsin qüsur olduğunu, aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə tərəflər üçün qarşılıqlı öhdəliklər müəyyən etmişdir. Yəni satıcı malı alıcıya təhvil verməyi və zəmanət müddəti ərzində onun qüsurlarının aradan qaldırılması öhdəliyini daşımış, alıcı isə həmin malın dəyərini hissə-hissə ödəmək öhdəliyini daşımışdır. Müqavilənin şərtləri ilk növbədə satıcı xxxx MMC tərəfindən pozularaq zəmanət verilmiş malın qüsurlarının aradan qaldırılması barədə alıcının tələbi əsaslı səbəb göstərilmədən icra edilməmişdir. Buna uyğun olaraq da alıcı qarşılıqlı öhdəlik üzrə ödənişləri dayandırmışdır. Məhkəmə cavabdehin hərəkətlərinin müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olduğunu qeyd edərək həmin hərəkətləri cavabdehin öhdəliyi pozması kimi qiymətləndirmir. Buna görə də məhkəmə ilk iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halənda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar