Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-892/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh Gəncə şəhər Su İdarəsinə qarşı «sudan istifadəyə görə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Gəncə şəhər Su İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sudan istifadəyə görə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi “Gəncə şəhər Su İdarəsi” qeyd edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən hüquqi şəxsin idarəsi hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı Gəncə şəhər Su İdarəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir. Bununla belə ölkədə su istismarı ilə bağlı faəliyyəti həyata keçirən hüquqi şəxsin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti olduğu müəyyən edilir. Göründüyü kimi, iddiaçının cavabdeh kimi göstərdiyi Gəncə şəhər Su İdarəsi hüquqi şəxs statusuna malik olmadığından, mülki prosesdə müstəqil tərəf kimi çıxış edə bilməz. Bununla belə məhkəmə qeyd edir ki, ölkədə su istismarı ilə bağlı faəliyyəti həyata keçirən hüquqi şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Belə olan halda hazırki iddia tələbinə də cavab verməli olan şəxs də Cavabdeh ASC və ya hüquqi şəxs statusuna malik olan X1 Səhmdar Cəmiyyəti olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində sudan istifadə üçün hesablanmış su borcunu əsassız hesab edərək, borcun silinməsini xahiş etmişdir. Lakin, iddiaçı hesablanmış və silinməsini istədiyi su borcunun məbləğini dəqiq göstərməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunvericiliyin müəyyən etdiyi qaydaya riayət etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti iddia ərizəsində mütləq şəkildə göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, mübahisəli hüquq münasibətinin tərəfi olan hüquqi şəxsi düzgün müəyyən edərək, həmin hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: İddiaçı cavabdeh Gəncə şəhər Su İdarəsinə qarşı «sudan istifadəyə görə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-892/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-892/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver