Məhkəmə qərarları › İş №2(043)-898/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-898/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-898/2021 12.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon Dövlət Sığorta filialına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon Dövlət Sığorta filialına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon Dövlət Sığorta Filialı tərəfindən İddiaçı işlədiyi 2018-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan dövrə aid 6 720 (altı min yeddi yüz iyirmi) manat əmək haqqının miqdarında vurulmuş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, cavabdeh olaraq Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon Dövlət Sığorta filialını və ünvanını göstərməklə qanunvericiliyin tələbinə əməl edilməmişdir. Belə ki, filial ayrıca hüquqi şəxs deyildir, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Elektron məhkəmə sisteminin vergi ödəyicilərinin məlumatından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 69-dur. Bundan əlavə ərizəyə əlavə edilmiş ŞV-nin surətindən görünür ki, İddiaçı rəsmi yaşayış yeri üzrə qeydiyyatı ünvan 2 və həmin ünvan isə Gəncə şəhəri Nizami rayonun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon Dövlət Sığorta filialına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar