Məhkəmə qərarları › İş №2(043)-909/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-909/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-909/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6965 (altı min doqquz yüz altmış beş) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə aralarında bağlanmış, Gəncə "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli 3M-491 reyestr nömrəsi ilə qeydə alınmış Kredit Müqaviləsinə əsasən, cavabdehə 13455 (on üç min dörd yüz əlli beş) manat borc vermişdir. Müqavilənin şərtlərinə görə, cavabdeh ondan aldığı 13455 manat məbləğində borc pulu xx.xx.2019-cu il tarixinədək tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə müddətinin bitməsinə baxmayaraq, cavabdeh götürdüyü borc məbləğinin 6965 (altı min doqquz yüz altmış beş) manat məbləğini bu günədək qaytarmamışdır. O, məcburiyyət qarşısında qalaraq, cavabdehə borcun qaytarılması məqsədi ilə xəbərdarlıq məktubu da təqdim etmişdir. Təəssüflər olsun ki, cavabdeh onun sonuncu yazılı xəbərdarlığına da məhəl qoymamış və borcu qaytarmamışdır. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin xahiş etdi hissəsində cavabdeh adını və soy adını yanlış olaraq X1 qeyd etməklə və tələbində göstərilənlər məbləğlər arasında anlaşılmazlıq olduğunu bildirib, qeyd edilənləri nəzərə alınaraq, Cavabdeh 6935 (altı min doqquz yüz otuz beş) manat məbləğində borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiasının təmin olunmasını, Cavabdeh 6935 (altı min doqquz yüz otuz beş) manat məbləğində borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı olan borcunu etiraf edir. İddiaçı 13455 manat borc pul almışdır. Həmin borcun bir qismini ödəmişdir. Hazırda iddiaçıya 6500 manat borcu vardır. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Odur ki, məhkəmədən həmin borcu hər ay hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən 13455 manat borc almış və həmin borcu xx/xx/2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə borcun bir hissəsini cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Belə ki, tərəflər arasında yazılı qaydada borc müqaviləsi bağlanılmasına baxmayaraq borcun verilməsi və qaytarılması barədə tərəflər arasında hər hansı bir sənəd tərtib edilməmiş, iddiaçı verdiyi və aldığı pulların məbləğini və ödənilmə tarixini göstərə və bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edəbilməmiş, lakin borc məbləğinin bir hissəsinin borclu tərəfindən ona qaytarıldığını şifahi olaraq bildirmişdir. Həmçinin öz növbəsində borclu aldığı borc məbləğindən ödəniş etdiyini və hazırda 6500 manat borcunun qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin borcunu etiraf etdiyi məbləğdə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6500 manat borc pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar