Məhkəmə qərarları › İş №2(043)-917/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-917/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-917/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili X1, cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mülki hüquq pozuntusu nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın övəzinin ödənilməsinə” dair qarşılıqlı iddialar üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus xırda buynuzlu heyvanlar tərəfindən İddiaçı MMC-yə vurulmuş 15078 (on beş min yetmiş səkkiz) manat məbləğində maddi ziyan, iddia ərizəsinin vəkil tərəfindən tərtib edilməsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində xərc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatında qəbul edildikdən sonra cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın övəzinin ödənilməsi” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə istifadələrində olan torpaq sahəsindən İddiaçı MMC-nin çıxarılmasını və onlara vurulmuş 2.507.500 (iki milyon beş yüz yeddi min beş yüz) manat məbləğində zərərin əvəzinin və dövlət rüsumu kimi ödədikləri 30 (otuz) manat məbləğində pulun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə hər iki iddianın əsasını onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu və onların sahibkarlıq fəaliyyətlərinin həyata keçirdikləri torpaq sahəsi ilə bağlı yarandığını bildirib mülki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 və nümayəndəsi (vəkili) X3 ayrı-ayrılıqda vəsatətin təmin olunmamasını, mülki işə Gəncə şəhər Kəpəz rayon Məhkəməsində baxılmalı olduğunu, adlarına VÖEN hesabının olması Kommersiya Məhkəməsində baxılmasına əsas olmadığını bildirərək vəsatətin təmin olunmamasını xahiş etdilər. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarından müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, İddiaçı MMC hüquqi şəxs, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh3 ********** (VÖEN) sayla və Cavabdeh1 ********** (VÖEN) sayla 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışlar, iddiaçı “xxxx” MMC isə hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdir. İş üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin onların ayrıayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qeyd edilən Qərarın 16-cı bəndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə iş üzrə tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətlərini həyata keçirilməsi ilə əlaqədar olduğundan, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə iddia ərizələri və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mülki hüquq pozuntusu nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın övəzinin ödənilməsinə” dair qarşılıqlı iddialar üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar