Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-919/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 3708 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. 01.06.2019-cu il tarixdən ona ayda 206 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Cavabdeh X7 onun sabiq arvadıdır. Kəpəz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur. Cavabdeh 2019-cu ilin may ayında onun yanına gəlib, barışmaq istəmiş və onunla birlikdə yaşamağa başlamışdır. Kəpəz rayonu Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaşadığı evə gələndə cavabdehi ailəsini təmsil edən şəxs qismində qeyd etmişdir. Ona görə də ona təyin edilmiş ÜDSY-ı bankdan götürmək üçün plastik kart onun adına verilmişdir. X1 alan günü onu götürüb atası evinə getmiş, bir daha geri qayıtmamışdır. O, başa düşmüşdür ki, o, kartı götürmək üçün barışmaq adı ilə onun yanına qayıtmışdır. Həmin vaxtdan bu günə kimi 18 ay ərzində cavabdeh “Kapital bank”dan ona məxsus 3708 manat məbləğində ÜDSY mənimsəmişdir. Ondan həmin pulu tələb etsə də o, pulu uşaqların ehtiyacları üçün xərclədiyini bildirmişdir. O da pulu aliment əvəzi kimi hesab etdiyini bildirmişdir. Lakin cavabdehin iddiası əsasında Kəpəz Rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi ilə iki uşağın saxlanması üçün ondan 23 yanvar 2020- ci il tarixdən başlayaraq hər ay qazancının 1/3 hissəsinin tutulması qət edilmişdir. Gəncə Apelyasiya məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi əsasında alimentin miqdarı artırılaraq iki uşaq üçün cəmi 160 manat məbləğində aliment müəyyən edilmişdir. Beləliklə, cavabdeh onu aldadaraq götürdüyü ÜDSY aliment əvəzi hesab etməyərək, 3708 manat pulunu qeyri-qanuni olaraq mənimsəmişdir. O, 2-ci qrup əlil olaraq həm də şəkər xəstəsidir, heç yerdə işləyə bilmir. Aldığı 230 manat pensiya ilə dolanır. O da heç dərmanlarına, kommunal xərclərinə çatmır. Cavabdeh ona məxsus pulu qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tərtib etdiyi iddia ərizəsi tamamən yalan və həqiqəti özündə əks etdirməyən uydurmadan başqa bir şey deyildir. Belə ki, ərizədə sözügedən kart hər bir ailə üzvünə 51 manat olmaqla cəmi 206 manat məbləğində ailələrinə, yəni - ona, iddiaçı Elşən Müstafayevə və iki azyaşlı övladına ünvanlı dövlət sosial yardım şəkilində dövlət tərəfindən təyin edilmişdir. Halbuki, iddia ərizəsində İddiaçı sözügedən kartın ona təyin olunmasını və 206 manat pul məbləğinin bütünlükdə ona məxsus olmasını qeyd edərək qəsdən məhkəməyə yalan məlumat vermişdir. Hətta sözügedən kartın 18 ay ərzində onda olduğunu iddia edərək heç bir qanuna əsaslanmayan iddia ilə onu məhkəməyə vermişdir. Belə ki, son dəfə iddiaçı ilə mütəmadi olaraq birgə yaşadıqları müddətdə yəni 2020-ci il yanvar ayına kimi kartdan çıxarılan pul ailənin birgə tələbatına ödənilərək ailə saxlanılmış, yanvar ayında iddiaçı ailəyə baxmadığı üçün o, aliment tələbi ilə məhkəmə müraciət etmişdir. O, hal-hazıradək iddiaçıdan aliment ala bilmir və məcbur qalıb ondan aylarla tələb etdikdən sonra sözügedən kartı 2020-ci ilin oktyabr ayında ona vermiş və bir aydan sonra qəsdən bağlatdırmışdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4709/2018 saylı 14.11.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə İddiaçı arasında 25.09.2006-cı il tarixdə 667 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş 26.12.2009-cu il təvəllüdlü X8 və 01.07.2014-cü il təvəllüdlü X9 anaları X3 yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-982/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 26.12.2009-cu il təvəllüdlü X4 və 01.07.2014-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 ödənilməsi, alimentin tutulmasının əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(104)-2323/2020 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 982/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, 26.12.2009-cu il təvəllüdlü X4 və 01.07.2014-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat miqdarında aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-303/2021 saylı 09.03.2021-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(104)- 2323/2020 saylı qətnaməsindən verilmiş şikayət təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı tərəfindən verilmiş 05.05.2021-ci il tarixli **********7 saylı məktubdan görünür ki, X7 ÜDSY alınması üçün VEMTAS-a ailəni təmsil edən şəxs kimi (təmsilçi) 01.07.2019-cu il tariixində elektron müraciət etmişdir. Ailənin ərizə-bəyənnamədə göstərdiyi ünvanda, yəni Natavan qəs, Məhəllə B-1.2N-li evdə maddi-məişət şəraitinin müayinəsi aparılmış və VEMTAS tərəfindən 206 manat məbləğində ÜDSY təyin olunmuşdur. Təmsilçinin müraciət etdiyi dövrdə ehtiyac meyarı 160 manat və ailə üzvləri 4 nəfərdən ibarət olduğuna görə ailəyə VEMTAS tərəfindən təyin olunan ÜDSY məbləği hər bir ailə üzvü üçün 51,50 manat təşkil etmişdir. Ünvanlı dövlət sosial yardımın alınmasına dair plastik kart ailəni təmsil edən şəxsə müvafiq bank tərəfindən təhvil verilir. Təmsilçinin şifahi müraciətinə, həyat yoldaşı İddiaçı isə yazılı müraciətinə əsasən, 01.06.2019-cu il tarixindən təyin olunmuş ünvanlı dövlət sosial yardımı araşdırılmış, ailə tərkibində uyğunsuzluq aşkar olunmuş və 2020-ci il dekabr tarixindən qanunvericiliyə uyğun olaraq ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmışdır. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Daha sonra onlar barışaraq, bir evdə yaşamağa başlamış və ailənin maddi vəziyyəti çətin olduğundan ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etmişlər. Onların müraciəti əsasın ailəyə ümumilikdə 206 manat sosial yardım təyin olmuşdur (hər bir ailə üzvü üçün 51,50 manat). Həmin sosial yardım əldə edilməsi üçün ailənin təmsilçisi kimi Cavabdehaya kart təqdim edilmişdir. Cavabdeh 01.06.2019-cu il tarixdən 01.12.2020-ci il tarixə kimi həmin kartdan ünvanlı sosial yardım məbləğini çıxarmışdır. Bu müddət ərzində cavabdeh iddiaçıya qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə iddiaçıdan iki azyaşlı uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 23.01.2020-ci il tarixdən başlayaraq aliment ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatlarından məlum oldu ki, İddiaçı ondan aliment tutulanadək olan müddət ərzində 167 manat məbləğində 2-ci qrup əlilliyə görə təqaüd almışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, sosial yardımın məbləği müəyyən edilərkən hər bir ailə üzvü üçün 51,50 manat müəyyən edilsə də, ünvanlı sosial yardım təyin edilən vaxt ehtiyac meyarı 160 manat olmuş, iddiaçı isə həmin müddətdə daha artıq məbləğdə, yəni 167 manat təqaüd almışdır. 23.01.2020-ci il tarixdən etibarən ondan uşaqların saxlanılması üçün alimentin tutulması nəzərə alındıqda isə, onun orta aylıq gəliri ehtiyac meyarından aşağı düşür. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq, 01.02.2020-ci il tarixdən 01.12.2020-ci il tarixədək olan dövr üçün sosial yardım məbləğinin iddiaçıya aid hissəsinin hesablanaraq cavabdehdən alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab edir. Odur ki, məhkəmə hesab edir ki, 01.02.2020-ci il tarixdən 01.12.2020-ci il tarixədək, yəni 10 ay müddətində sosial yardım məbləğinin iddiaçıya aid hissəsi olan 515 manat pul (10 ay x 51,50 = 515 manat) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun 4 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X2 515 (beş yüz on beş) manat pul və iddianın təmin olunan hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun 4 (dörd) manatı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-919/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-919/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver