Məhkəmə qərarları › İş №2(043)-94/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-94/2022

13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-94/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş ziyana görə 7500 (yeddi min beş yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh ona zor tətbiq etməklə qeyd edilən cinayət hadisəsini törətmiş, saçından tutaraq onu arxası üstə yerə yıxmışdır. Həmin zaman dirsəyi ilə başının daha ağır zədə almamasına mane olmağa çalışmışdır. Lakin həmin zaman başı ilə birlikdə qolu da xəsarət almışdır. Həmçinin, təqsirləndirilən şəxs ona badalaq gəlmək üçün ayağına da xəsarət yetirmişdir. Həmin hadisədən sonra daima həkim müayinəsindədir. Təxminən ona 1900 manat ziyan dəymişdir. Hazırda onun müalicə və müayinələri davam edir. Həkimin deməsinə əsasən, bir il ərzində hər bir seansı 30-35 manat olmaqla 7 gündən bir fizioterapiya götürməlidir. Bunun üçün isə 7500 manat pul tələb olunur ki, həmin ziyan da cavbdehdən alınaraq ona ödənilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədlər sonuncuya təqdim olunub iddia tələbinə qarşı münasibətinin aydınlaşdırılması üçün cəza çəkdiyi müssisəyə göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçıya vurulmuş zərəri azadlığa çıxdıqdan sonra tez bir zamanda ödəyəcəyini bildirərək iddia tələbinə qarşı etirazının olmadığını və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli, 1(043)-155/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh 18 mart 2021-ci il tarixdə saat 20:30 radələrində orta dərəcəli alkoqol sərxoş vəziyyətində Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən Rabitə Bankın binasının yaxınlığında İddiaçı itələyərək yerə yıxıb sonuncuya sağ ayağın bayır topuq nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək soyğunçuluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01.02.2022-ci il tarixli, 1(104)-111/2022 saylı qərarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli, 1(043)-155/2021 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsini qəbul edib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddanın etiraf edilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddia təmin olunmalı, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat pul alınıb iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 7500 (yeddi min beş yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X1 xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar