Məhkəmə qərarları › İş №2(043)-942/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-942/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-942/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştiraklrı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə onun dəyəri olan 1346,03 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 99/2019 saylı, 10.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-187/2021 saylı, 20.12.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, onun adapteri, mobil nəzarət qurğusunun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 22.08.2021-ci il tarixdə elektron nəzarət vasitələrinə baxış keçirilən zaman mobil nəzarət qurğusunun ekranının zədələndiyi və qurğunun yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat təşkil edir. Məhkum Cavabdeh təklif olunsa da, o, vurulmuş ziyanı könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, işlədiyi yerdə mobil nəzarət qurğusunu üzərində gəzdirən zaman qurğu cibindən düşərək, ekranı qırılmışdır. O bunu qəsdən etməmişdir. Hazırda vurulmuş zərəri ödəmək üçün kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 99/2019 saylı 10 may 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli protokoldan məlum olur ki, Cavabdeh mənzilinə iki ədəd ev nəzarət stansiyaları quraşdırılmış, onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli elektron nəzarət dəsti “Mobil qurğusu”nun vəziyyəti haqqında texniki rəydən məlum olur ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş 02.11.2018-ci il tarixli məktubdan məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə ehtiyatsızlıq edərək mobil nəzarət qurğusunu zədələmiş və bununla maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Hazırkı iddianın qiyməti 1346,03 manatdır. İddia tam həcmdə təmin edildiyindən 33,46 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1346,03 manat (min üç yüz qırx altı manat üç qəpik) pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 33,46 manat (otuz üç manat 46 qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar