Məhkəmə qərarları › İş №2(043)-949/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-949/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-949/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 04.04.2020-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə ailə quraraq bir müddət birlikdə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmalı olmuşlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməs ilə cavbdeh onun himayəsində olan uşağın saxlanılması üçün 150 manat aliment müəyyən olunmuşdur. Həmin məbləğ uşağın minimum ehtiyacını ödəmədiyindən, iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd etmişdir ki Cavabdeh “Detal Alüminium” zavodunda işləyrək maddi cəhətdən təminatlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, Cavabdeh Yusif oğlu ilə 20.06.2019-cu ildə faktiki olaraq ailə qurmuşdur. Nikahları 17.12.2019-cu il taixdə Gəncə “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsində qeydə alınmışdır. Lakin sonralar qaynanası və baldızı tərəfindən edilən təzyiq nəticəsində cavabdehlə münasibətləri pozulmuşdur. 2020-ci ilin yanvar ayında atasının evinə Samux rayonuna qayıtmışdır. Cavabdehlə aralarında olan nikahdan 04 aprel 2020-ci il tarixdə Aylin adlı övladları doğulmuşdur. Övladımız anadan olduqdan sonra da, əri onlarla maraqlanmamış, onların maddi ehtiyaclarının ödənilməsinə təşəbbüs göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2320/2020 nömrəli, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahlarından doğulmuş - X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin və 04 aprel 2020-ci il təvəllüdlü Aylin Əliyevanın 3 yaşına çatanadək 50 (əlli) manat aliment Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Kəpəz Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının tam olaraq ödənilməsinə yetmir. Cavabdeh uşağın saxlanılması üçün əlavə heç bir maddi yardım göstərmir. Övladları Aylinin xərcləri artdığından tək başına ödəməyə maddi imkanı çatmır. Həmçinin, Cavabdeh “Detal Alüminium” zavodunda işləyrək əmək haqqısı 450 manatdır. Ona görə də 04.04.2020-ci il təvəllüdlü X3 məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)- 2320/2020 nömrəli qətnaməsi ilə, iddiaçı ilə onun ailə münasibətindən 04 aprel 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 150 manat və 50 manat məbləğlərində cəmi 200 manat aliment tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. 2012-ci ildən hazırki tarixədək o, Gəncə “Detal Alüminium” zavodunda “kimyəvi ftorla zəhərli sexdə” fəhlə işləyərək aylıq əmək haqqısı 452 manat təşkil edir. Bundan başq əlavə olaraq heç bir gəlir yeri yoxdur. Evin tək oğlu olduğundan şəkər xəstəsi olan anasına da maddi yardım edərək onun müayinə olunmasını və dərmanlarını alır. Bu səbəbdən də aliment məbləğinin artacağı təqdirdə isə ödənişi tam olaraq edə bilməyəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)-2320/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 04 aprel 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində və 04 aprel 2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək 50 (əlli) manat alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 400842 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 04 aprel 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 24.12.2021-ci il tarixli, MŞİH/11425 saylı arayışdan görünür ki, İddiaçı və vətəndaş Cavabdeh ilə ailə münasibətlərindən irəli gələn “alimentin artırılması” tələbinə dair mübahisə üzrə 24.12.2021-ci il tarixdə ünvan 1 ünvanında mediator X5 tərəfindən keçirilən “ilkin mediasiya sessiyası”nda iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 377837 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(058)-457/2021 nömrəli qətnaməsinə əsasən 01 noyabr 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)-2320/2020 nömrəli qətnaməsi ilə, tərəflərin birgə nikahlarından 04 aprel 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə 150 (bir yüz əlli) manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş cəmi 200 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsinə baxmayaraq tərəflər arasında razılıq əldə olunmamış, iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdehin Gəncə “Detal Alüminium” zavodunda “kimyəvi ftorla zəhərli sexdə” fəhlə işləyərək aylıq əmək haqqısının 452 manat olmasını məhkəməyə bildirmişdir. Cavabdehin aylıq əmək haqısınn az olmasını, evin tək oğlu olaraq anası şəkər xəstəsi olduğundan onun müayinəsinə və dərmanlarının alınmasına madi yardım etməli olduğunu nəzərə alınaraq, iddianın tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən iki ilə yaxın vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 04 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli 2(043)-2320/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 20 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 240 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(043)-2320/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 04 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar