Məhkəmə qərarları › İş №2(043)-985/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-985/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-985/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinə qarşı 246,34 manat məbləğində cərimə aktının əsassız hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona yazılan 246,34 manat cərimə aktının əsassız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlkmat verməmişdir. Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək işə mahiyəti üzrə baxılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin fevral ayın 4-də yaşadığı və xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev-23, mənzil-70 də tək yaşadığı halda, Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən 246,34 (iki yüz qırx altı manat 34 qəpik) manat məbləğində əsassız olaraq cərimə ilə bağlı 955 nömrəli bildiriş verilərək suyunu plombalayaraq bağlamışdılar. Belə ki, özü tək yaşadığı halda su idarəsində həmin evdə 4 nəfərin pulu hesablanmışdır. Polisdən bununla bağlı arayış almış su idarəsinə təqdim etmişdir. Hər ay üçün 1 ayda 60 qəpik məbləğində su işlədir. Lakin su idarəsi haqsız olaraq 246,34 manat cərimə yazmış və suyunu bağlatmışdır. Məhkəmə iclasında Cavabdeh ASC “X4” TSC-in nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtıvaxtında yerinə yetirmədiyinə görə sudan istifadəyə görə borcu yaranmışdır. İdiaçıya hesablanan suyun dəyəri 1 nəfərə görə yalnız özünün istifadə etdiyi suya görə hesablanmışdır. İddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 28.03.2022-ci il tarixli, **********700 saylı abonet kartından görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda su və çirkab sudan istifadə yə görə istelakçının sayı 1 nəfər olmaqla 2011-ci ildən-2022-ci ilə qədər olan müddət ərzində borcu 248,14 manat təşkil edir. 02.04.2018-ci il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında 28.02.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında iddiaçıdan başqa qeydiyyatda olan şəxs yoxdur. 04.02.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 261,34 manat su borcunu könüllü ödəməsi barədə xəbərdar edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istifadə edilmiş suyun dəyəri 4 nəfərə görə hesablanmışdır.Lakin iddiaçının adına olan abonent kartından müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı mənzildə istifadə olunmuş suyun dəyəri 1 nəfərə görə hesablanmışdır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinə qarşı 246,34 manat cərimə aktının əsassız hesab olunmasına dair iddiası əsassız olduğundan təmin olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh ASC «X4» Törəmə Səhmdar Cəmiyyətinə qarşı 246,34 manat cərimə aktının əsassız hesab olunmasına dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar