Məhkəmə qərarları › İş №2(043)-993/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-993/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-993/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə iddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3516,98 manat əsas, 28,28 manat faiz və 204,33 manat cərimə olmaqla, cəmi:- 3749,59 (üç min yeddi yüz qırx doqquz manat 59 qəpik) manat kredit borcunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə verərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə iştiraklırı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki iddiaçı Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RH-00020-06/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 10 faiz ödəmək şərti ilə 3661,78 (üç min altı yüz altmış bir manat 0,78 qəpik) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, maddi vəziyyəti ilə əlaqədar olaraq borcu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəyini bildirərək iddia tələbinin cərimə hissəsində təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 10 faiz olmaqla, 36 ay müddətinə 3661,78 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, cavabdeh borcu hissə-hissə olmaq şərti ilə xx.xx.2023-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 3516,98 manat əsas, 28,28 manat faiz və 204,33 manat cərimə olmaqla, cəmi:- 3749,59 (üç min yeddi yüz qırx doqquz manat 59 qəpik) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 10 faiz olmaqla, 36 ay müddətinə 3661,78 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 3516,98 manat əsas, 28,28 manat faiz və 204,33 manat cərimə olmaqla, cəmi:- 3749,59 (üç min yeddi yüz qırx doqquz manat 59 qəpik) manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə 36 ay müddətinə illik 10 faiz ödəmək şərti ilə 3661,78 (üç min altı yüz altmış bir manat 0,78 qəpik) manat məbləğində kredit vermişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 204,33 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli kredit müqaviləsi ləğv edilməlidir. (MM mad. 421.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli kredit müqaviləsi ləğv edilməli, 3516,98 manat əsas, 28,28 manat faiz və 10 manat cərimə olmaqla, cəmi:- 3555,26 (üç min beş yüz əlli beş manat 26 qəpik) manat kredit borcu cavabdehdən tutularaq BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 303, 358 və 336-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, RH-00020-06/20A nömrəli müqavilə üzrə 3516,98 manat əsas, 28,28 manat faiz və 10 manat cərimə olmaqla, cəmi:- 3555,26 (üç min beş yüz əlli beş manat 26 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar