Məhkəmə qərarları › İş №2(044)-1016/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1016/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1016/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş ziyana görə 1014 manat və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır k, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh üç aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixli, 550-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 479-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında 040 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba–Gəncə 37 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən 1998 manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-yə satış departamentinin-satış 3 şöbəsi, satıcı–kassir vəzifəsinə işə götürülmüşdür. xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət” haqqında müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır; xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; "10" İyul 2019-cu il və xx xxxxxxxx 2019-cu tarixli aktlardan görünür ki, satınalma departamentin müdiri vəzifəsini icra edən, Hüseyn Səfərov, komissiyanın sədr müavini Baş mühasib v.i.e Vüqar Quliyev, Komissiyanın üzvlərii Satış departament müdiri Mahir Cəfərov v.1.e., Daxili Nəzarət departament müdiri: Elnur Qardaşov, İ.T.şöbə müdiri Orxan Yəhyayev, İnventarizasiya şöbəsinin müdiri Nərmin Rüstəmova, daxili Nəzarət şöbəsinin müdiri v.i.e.X1 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə “xxxx” MMC -nin GENCE SH, NİZAMİ R-NU C.REFTBEYLİ ünvanında yerləşən “Gəncə 37” (995) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə "10" iyul 2019cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-1227.06 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir; xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür kiİ, Cavabdeh xx.xx.2019 və xx.xx.2019 cu il tarixlərində yoxlanılmış və 1998 Azn əskikgəlmə aşkarlanması, vəzifə təlimatına, eləcə də, “xxxx” MMC ilə bağlanmış maddi məsuliyyət müqaviləsinə əsasən (administrator ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni Zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək İşlərin dəqiq hesabatını aparmalıdır) administrator olaraq ona etibar edilmiş əmlakdan 1998 Azn əskikgəlmə aşkar edilməsi, cəmiyyətə həmin məbləğdə maddi ziyan vurulmasının müəyyən edilməsi, keçən dövr ərzində 984 Azn güzəşt edilməsi və faktiki qalıq borcun 1014 Azn təşkil etməsi və 3 gün müddətdə maddi ziyanıın Cəmiyyətə ödənilməsinin təmin edilməsi barədə xəbərdar edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı MMC-nin nümayəndəsi X3 iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin hallarından, o cümlədən iddia tələbinin məzmunundan müəyyən edildiyi kimi iddiaçı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində İddiaçıMMC-yə vurulmuş maddi zərərin ödnilməsini tələb edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri əmək hüquq münasibətləri nəticəsində yaranmış və bu səbəbdən də mübahisənin həlli baxımından yaranmış hüquq münasibətlərinə Əmək Məcəlləsinin normalarının tətbiqini məhkəmə zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhs edən Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi;mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh üç aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixli, 550-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 479-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında 040 saylı əmrlə işdən azad edilmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən isə işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Göründüyü kimi Əmək Məcəlləsinə əsasən işçi əmək müqaviləsi bağlandıqdan sonra işçi statusunu alır. İş materiallarından göründüyü kimi cavabdehlə tam maddi məsuliyyət barədə müqavilə bağlanmış və o həmin müqavilə ilə maddi məsul şəxs kimi işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmək kimi vəzifənin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işə götürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Qeyd edilən Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir.İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. İş materiallarında olan aktdan görünür ki, Cavabdeh tərəfindən mağazaya 1014 manat ziyan dəymiş, belə ki, 1014 manatlıq çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh tərəfindən 1014 manatlıq dəymiş ziyan aradan qaldırılmamışdır. Dəymiş ziyanın məbləği iş materialları ilə sübut edilmiş, hıəmin ziyanın cavabdeh tərəfindən cəmiyyətə vurulmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, 1014 manat məbləğində ziyan cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 1014 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1014 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar