Məhkəmə qərarları › İş №2(044)-1043/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1043/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1043/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayədəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB Cavabdeh 216 manat məbləğində itirilmiş qazın, həmçinin 20.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ**********000000, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, “İddiaçı” İB-nin X7 İstismarı İdraəsi ilə Cavabdeh (kod: **********00000) arasında xx.xx.2020-ci il tarixli № 09 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqə-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin ediməsi üçün istehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının stəqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s. Belə ki, X7 İstismarı İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəzlənərək xx.xx.2020ci tarixli № ******* nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dövlət yoxlamasından keçirilməsi üçün informasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası-nın MSK 29/1710-03407-1 saylı rəyinə əsasən Sayğaca baxış keçirilmiş. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2020-ci il tarixdə № ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160m3 hesabat aparılmış və 216 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununlada abonentin İddiaçı İB-nin X7 İstismarı İdarəsinə 216 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2000-ci il tarixli, 356 saylı Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında fərmanının 9-cu bəndinə əsasə “İddiaçı” səhmdar cəmiyyəti (bundan sonra “İddiaçı” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyətlə alma, enerjidaşıyıcılardan müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. X1 göstərilən məbləğdən hal-hazırki, vaxta qədər ödəniş etməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair xx xxxxxx 2021-ci il tarixli XN-xx/xx- 0022 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, ünvan 1 ünvanındakı evi 2016-cı il tarixdə almış, 2017-ci il tarixdə köçmüşdür. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş, qazın sayğacı binanın blokunda qapının ağzında olmuş, sayğacın üzərində həmişə plomb olmuşdur. O, sonradan ona borc yazıldığını bildikdə qaz idarəsinə müraciət etmişdir. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, 09 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qarğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsindən görünür ki, Paylayıcı (“İddiaçı” İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (Cavabdeh) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, iddiaçının nümayəndələri Hüseynov Muraz, Budaqov Vüsal, Ağaməmmədov Mehmanın və istehlakçı Cavabdeh iştirakı ilə istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və AKT29/171003407-1 rəyə əsasən sayğacın qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. - ünvan 2 ünvanının abonentinin saldosunun surətindən görünür ki, Cavabdeh 2020-ci ilin yanvar ayından həmin ilin noyabr ayına kimi 216 manat borcu yaranmışdır. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı X4 rayonu, Zakmis kənd ev 164 ünvanında G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış (4x6x90=2160 m3) və cəmi 2160 m3 dəymiş ziyan hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının: - 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndində əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunan normalardan göründüyü kimi fiziki şəxs olan Cavabdeh ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı olan iddiaçı “İddiaçı” İB daşıyır, eyni zamanda cavabdehin sayğacının üzərində olan plomb kənar müdaxilələrdən qorunmaq üçün iddiaçı tərəfindən müvafiq örtüklə örtülməlidir. Həmçinin iddiaçı cavabdehin sayğacında mənşəyi məlum olmayan plomb olduğu üçün dəymiş ziyan hesablamış, lakin cavabdehin təqsiri nəticəsində sayğacın plombunun mənşəyinin dəyişdirildiyini və ya müdaxilə edildiyini sübut edə biləmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən əsassız olaraq cavabdehə 216 manat borc hesablanmışdır. İddiaçı tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar