Məhkəmə qərarları › İş №2(044)-1050/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1050/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1050/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsi tərəfindən tərtib edilmiş 31.08.2020-ci il tarixli, 179298 nömrəli aktın və 10.09.2020-ci il tarixli akta əsasən 1057,04 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu, Aşağı Könüllü kəndində ailəsi ilə birlikdə yaşayır. 31.08.2020-ci il tarixdə “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsinin əməkdaşları onun evinə gələrək elektrik sayğacını və elektrik xətlərini yoxlamışlar. Yoxlama aparan zaman ona bildirmişlər ki, o, sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkmişdir. Bununla əlaqədar 31.08.2020-ci il tarixli, 179298 saylı akt tərtib etmişlər. Sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkməsi ilə əlaqədar 10.09.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən gücü 1,0 kvt götürülərək 730 günlük hesabat aparılaraq 1057,04 manat borc hesablanmışdır. Hesab edir ki, həmin akt qanunsuz və əsassız tərtib edilmişdir. Ona görə də “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsi tərəfindən tərtib edilmiş 31.08.2020-ci il tarixli, 179298 nömrəli aktın və 10.09.2020-ci il tarixli akta əsasən hesablanmış 1057,04 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, həqiqətən də yaşadığı ünvanda sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkmişdir. Lakin hesab edir ki, həmin borc düzgün hesablanmamışdır. Ona görə də 31.08.2020-ci il tarixli, 179298 nömrəli aktın və 10.09.2020-ci il tarixli akta əsasən hesablanmış 1057,04 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı yaşadığı ünvanda sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkmişdir. Bununla əlaqədar olaraq 31.08.2020-ci il tarixli, 179298 nömrəli akt tərtib edilmişdir. 10.09.2020-ci il tarixli akta əsasən “Elektrik enerjisindən istifadə Qaydaları” əsas götürülərək 1057,04 manat borc hesablanmışdır. İddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı “Azərişıq ASC X3 Təchizatı və satış İdarəsi tərəfindən hesablanmış 1057,04 manat borcun əsassız hesablandığını iddia etsə də, irəli sürdüyü tələblə bağlı istinad etdiyi hallara dair hər hansı sübutlar məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan: 31.08.2020-ci il tarixli, 179298 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkmişdir. 10.09.2020-ci il tarixli aktdan görünür ki, sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkilməsinə görə gücü 1,0 kvt götürülərək 730 günlük, 0,07 manat tarifi nəzərə alınmaqla hesabat aparılaraq 1057,04 manat borc hesablanmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Beləliklə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də yaşadığı ünvanda sayğacın giriş kabelini zədələyərək kənar xətt çəkmiş, enerjitəchizatı müəssisəsinin nümayəndəsi tərəfindən qanuna uyğun olaraq akt tərtib edilmiş və qanunla müəyyən edilmiş qaydada hesablaşma aparılmışdır. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı ona hesablanmış borcun əsassız olmasını təsdiq edəcək sübutun təqdim edilməsi təklif edilmiş, lakin bununla əlaqədar heç bir subut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Qanunvericiliyinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və tələbində göstərdiyi hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün onun iddia tələbi rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar